BAKI, 21 fevral - Sputnik. ABŞ administrasiyasının koronavirusun mənşəyi barədə nəticələr çıxarmağa səlahiyyəti yoxdur və bunu etmək üçün ÜST-ü əlindən gələni əsirgəməməyə çağırır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
"COVID-19-un dünyada necə peyda olduğu barədə danışmağa mənim haqqım yoxdur. Mənim haqqım ancaq ona çatır ki, ÜST-ü mümkün olduğu qədər öz işini tam həcmdə görməyə dəvət edim... COVID-19-un məhz harada əmələ gəldiyi barədə nəticələr çıxara biləcək mövqedə deyiləm, heç Baydenin administrasiyası da o mövqedə deyil", - Sallivan CBS-in efirində deyib.
Onun sözlərinə görə, bunun bir səbəbi də koronavirusun mənşəyi məsələsində Çin hökumətinin kifayət qədər şəffaf olmamasıdır.
Qeyd edək ki, ABŞ-ın bundan öncəki hakimiyyəti, xüsusilə sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo koronavirusun laboratoriyada, özü də Çində yaradıldığını bəyan edirdilər.