RUSİYA

Rusiya ABŞ-dan təklif gözləyir - Səfir Anatoli Antonov

Vaşinqton əldə etdiyimiz uğurlara açıq şəkildə şübhə ilə yanaşır. Söhbət "Sputnik V" və "EpiVacCorona" preparatlarından gedir.
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Rusiya Cozef Baydenin hakimiyyətə gəlişi ilə ikitərəfli münasibətlərdə yığılıb qalmış problemlərin aradan qaldırılması da daxil olmaqla, ABŞ-la konstruktiv dialoqa başlamaq niyyətindədir. Bununla belə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Moskva parlaq gözləntilərdən uzaqdır və Rusiyanın qarşısının alınmasının Amerikanın xarici siyasətinin prioritetlərindən biri olaraq qaldığını yaxşı başa düşür.

Səfir ABŞ-ın 46-cı prezidentinin andiçmə mərasimindən dərhal sonra RİA Novosti-yə verdiyi eksklüziv müsahibəsində bu il Vladimir Putinin amerikalı həmkarı ilə görüşünün baş tutub-tutmayacağı, COVID-19 pandemiyası ilə mübarizədə Moskva və Vaşinqtonun əməkdaşlıq imkanının olub-olmaması barədə danışıb, həmçinin bildirib ki, hələlik Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair Müqaviləni qoruyub saxlamaq şansı var və Rusiya ABŞ-dan təklif gözləyir.

– Seçkilərdən sonra Co Baydenin yeni administrasiyası ilə ilkin əlaqələr yaradılıbmı? Hansı mövzuları müzakirə etmək imkanınız olub?

– Belə təmaslarımız olmayıb. Bununla belə, yeni hökumətdə xarici siyasəti müyyənləşdirənlərin çoxu artıq bizə yaxşı tanışdır. Onlar əvvəlki administrasiyalarda da rəhbər postlarda olublar. Ümid edirik ki, Ağ Ev aparatında, Dövlət Departamentində və digər şöbələrdə dəyişiklik baş verəndən sonra həmkarlarımızla aktual ikitərəfli və beynəlxalq problemlərlə bağlı dolğun dialoq aparmaq mümkün olacaq. Bu ilk növbədə ikitərəfli münasibətlərimizdə əvvəldən yığılıb qalmış qıcıq doğuran məqamların aradan qaldırılması ilə bağlıdır. Əməkdaşlığın konkret istiqamətləri ilə bağlı Rusiyanın təklifləri dəfələrlə səsləndirilib və danışıqlar masasında qalır. Praqmatik və hər iki tərəfi qane edəcək dialoqa Amerika nə qədər hazırdırsa, biz də o qədər hazırıq.

– Vaşinqtonun SHS III (Strateji Hücum Silahları Haqqında) müqaviləsinin uzadılmasına razılıq verəcəyi gözlənilirmi? Rusiya yanvarın 20-dən sonra bu barədə məsləhətləşmələrə başlamağa hazırdır?

– Məlum olduğu kimi, Rusiya bir ildən artıqdır ki ABŞ-a heç bir ilkin şərt olmadan SHS III müqaviləsinin müddətini uzatmağı təklif edib. Respublikaçıların administrasiyası müqavilənin imzalandığı formada uzadılmasından qəti şəkildə imtina edir və qəbuledilməz şərtlər irəli sürürdü. Yəni, əslində, nüvə silahlarına nəzarət üzrə mövcud olan yeganə Rusiya-Amerika razılaşmasını siyasi sövdələşmə mövzusuna çevirmişdi. Təəccüblü deyil ki, onların tutduğu bu mövqe nəticəsində SHS III müqaviləsinin gələcək taleyi ilə bağlı ikitərəfli məsləhətləşmələr dalana dirəndi. Və bu, bizim bir sıra məsələlərdə Vaşinqtonla güzəştə getməyimizə rəğmən baş verdi.

Qanuna məhəl qoymadı - ABŞ-ın Rusiya üzərində kəşfiyyat uçuşları kimə lazımdır

İndiki rəhbərliyin daha sağlam və real prinsiplərdən çıxış edəcəyinə ümid edirik. Rusiya SHS III müqaviləsinin uzadılması üzrə substantiv dialoqa hazırdır. Müqavilənin müddəti 2021-ci ilin fevral ayının 5-də bitir. Həmin vaxta qədər müvafiq razılaşmanın əldə olunacağına ümid hələ də qalır. İndi top Vaşinqtondadır, biz konstruktiv təklif gözləyirik.

– 2021-ci ildə Rusiya və ABŞ prezidentlərinin görüşü gözlənilirmi? Ya da xarici işlər nazirləri səviyyəsində görüş mümkündürmü? Siz Baydenə "2+2" formatında məsləhətləşmələr təklif edəcəksinizimi?

– Pandemiya şəraitində üz-üzə tədbirlərin, o cümlədən də yüksək səviyyəli görüşlərin bərpasından danışmaq hələlik çətindir. Nəzərə almalıyıq ki, siyasi təmasların qrafikinin formalaşdırılması epidemioloji vəziyyətin normallaşdırılmasından, bu cür görüşlərin məzmunundan, müxtəlif sahələrdə ünsiyyət imkanlarından asılıdır. Hər bir halda istənilən plan ABŞ-ın yeni administrasiyası ilə müzakirə olunub razılaşdırılmalıdır.

"2+2" formatına gəlincə, amerikalılara dəfələrlə onun bərpasını təklif etmişik. Ancaq müsbət cavab almamışıq. Bu təşəbbüs hələ də qüvvədə qalır.

– Baydenin xarici siyasət komandasına artıq namizəd göstərilmiş şəxsləri necə qiymətləndirərdiniz? İran, Suriya, Ukrayna ilə dialoqu bərpa etməyə ümid varmı? ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya və Orta Asiya üçün ayrıca direktorun təyin edilməsi barədə nə deyə bilərsiniz?

– Baydenin xarici siyasət komandasını qiymətləndirmək bizim işimiz deyil. Hər bir lider kimi ABŞ prezidentinin də öz seçimini inandığı mütəxəssislərin üzərində saxlayacağı mülahizəsindən çıxış edə bilərik. Düşünürəm ki, yeni komandaya xarici siyasətdə prioritetləri və konkret məsələlərə yanaşmaları müəyyənləşdirmək üçün vaxt vermək lazımdır. Yeni komandanının beynəlxalq siyasi kursunu seçkiqabağı söylənilənlərlə deyil, əməli addımlar əsasında qiymətləndirmək lazımdır. Kimsə dəqiq ifadə edib: seçkidən qabaq iki rəng mövcud olur – ağ və qara, seçkidən sonra isə yalnız boz rəng.

Bununa belə, biz rəngarəng gözləntilərdən uzağıq. Əgər Rusiya ilə bağlı hansısa dəyişiklik olacaqsa, bu əsaslı xarakter daşımayacaq, çox güman ki, yalnız nüanslar dəyişəcək. Rusiyanın qarşısının sistemli şəkildə alınması Amerika siyasətinin əsas məsələsidir.

Bununla belə, administrasiyadakı yüksək vəzifəli məmurların çoxu bizə Barak Obama dövründən yaxşı tanışdır. Məsələn, Ağ Evdə Yaxın Şərq məsələləri üzrə koordinator vəzifəsinə təyin olunacağı gözlənilən Brett Makqurk ilə prezidentin İŞİD əleyhinə koalisiyasındakı xüsusi nümayəndəsi olduğu dövrdə qarşılıqlı əlaqə qurmuşduq.

Rusiya səfirliyi ABŞ-ın ittihamlarını rədd edib

Asiya-Sakit Okean istiqamətində fəaliyyət göstərən diplomatlarımız Milli Təhlükəsizlik Şurasında regional koordinator vəzifəsinə namizəd Kurt Kempeli tanıyırlar. Dünyada və əlbəttə ki, Koreya yarımadasında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində onunla konstruktiv dialoqa ümid edirik.

Yeni administrasiyanın İranla bağlı seçkiqabağı vədlərinə, ilk növbədə də, Birgə Hərtərəfli Fəaliyyət Planına əməl edəcəyinə də inanmaq istəyirik. Bunun Fars körfəzində siyasi dialoqun və deeskalasiyanın bərpasına gətirib çıxaracağını gözləyirik.

Suriyada ölkələrimizin hərbçilərinin hadisələrin qarşısını almaq üçün mütəmadi təmaslarını davam etdirəcəklərini düşünürük. Bundan əlavə, Rusiya ilə ABŞ-ın əməkdaşlıq quracağı sahələri müəyyənləşdirmək də faydalı olardı.

Məsələn, humanitar yardımın göstərilməsi, münaqişə sonrası yenidənqurma, minaların təmizlənməsi, qaçqınların və məcburi köçkünlərin geri qaytarılmasının asanlaşdırılması və terrorizmlə mübarizə. Bu cür qarşılıqlı fəaliyyətə hazırıq - əlbəttə ki, Suriya Ərəb Respublikasının suverenliyinə hörmət edilməsi şərti ilə.

Yeni administrasiyanın Ukrayna ilə bağlı görə biləcəyi ən yaxşı iş Vladimir Zelenskinin komandasını, nəhayət, Minsk razılaşmalarının praktik tətbiqinə başlamağa inandırmaq ola bilər. Eyni zamanda, ABŞ Dövlət Departamentinin yeni rəhbərliyinin Kiyevin Minsk Tədbirlər Paketinə hazırkı hücumlarının qarşısının alınmasına təsir göstərəcəyinə ümid edirik. Üstəlik, həmin sənəd artıq çoxdan beynəlxalq hüququn bir hissəsinə çevrilib və icrası məcburidir.

Son vaxtlar biz Ukrayna rəhbərliyinin hansısa modifikasiyaların aparılması, yaxud guya köhnəlmiş "Minsk" razılaşdırmalarının tamamilə demontaj olunması ilə bağlı təhlükəli çıxışlarını eşidirik. Eləcə də, Donetsk və Luqansk ilə birbaşa danışıqları "Normandiya formatında" müzakirələrlə əvəzləmək, üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndələrinin mənasız yerdəyişmələrinin guya Kiyevin güzəştə getməsi kimi qələmə vermə səylərini də görürük.

Bu yerdə xatırlatmaq yerinə düşər: Minsk razılaşmaları Obama administrasiyası vaxtında imzalanmışdı. Bu sənədlər BMT Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsi ilə o zaman Amerikanın qurumdakı daimi nümayəndəsi olan Samanta Pauerin iştirakı ilə təsdiqləndi. O vaxtlar vitse-prezident olan Co Bayden buna etiraz etmədi. Ümid edirik ki, dövlət başçısı "Minsk"-ə qarşı bu cür müsbət münasibətini hələ də qoruyub saxlayır.

Lavrov ABŞ-a səsləndi: "Rusiya ilə ultimatumlarla danışmaq faydasızdır"

Hakimiyyət dəyişikliyindən sonra sonra MTŞ aparatının strukturundakı dəyişikliklərə gəlincə, bu, ənənəvi praktikadır.

Corc Buşun (oğul) və Barak Obamanın prezidentliyi dövründə Ağ Evdə Rusiya istiqamətində analoji vəzifə artıq mövcud olub. Ağ Ev aparatındakı amerikalı həmkarlarımızla ardıcıl dialoq qurmaq imkanını nəzərdə tuturuq.

– Rusiya Bayden administrasiyasına "Beşlik" ölkələrinin BMT Təhlükəsizlik Şurasının iclasına qatılmağı təklif etməyi planlaşdırırmı?

– Rusiyanın bu məsələ ilə bağlı qaldırdığı təşəbbüs "Beşlik" ölkələri tərəfindən dəstəkləndi və hələ də qüvvədə qalır. Gündəmlə bağlı təklif də həmkarların diqqətinə çatdırılıb. Söhbət dünya siyasəti, təhlükəsizliyi və iqtisadiyyatına təsir göstərən əsas problemlərdən gedir. Hələlik belə bir görüşün keçirilmə yeri və vaxtı müəyyənləşdirilməyib. Ümid edirik ki, yeni administrasiya Rusiyanın təklifini hərtərəfli götür-qoy edəcək və epidemioloji vəziyyət imkan verən kimi "Beşlik" ölkələrinin sammiti təşkil olunacaq. Beş dövlətin liderləri arasında beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin əsasları və çoxsaylı gərginlik ocaqlarının aradan qaldırılması yolları barədə birbaşa danışıqların zəruriliyinə inanırıq.

– Terror əleyhinə təmaslar davam edirmi?

– 2018-ci ilin dekabrında Rusiya və ABŞ prezidentləri arasındakı razılaşmalara uyğun olaraq, terrorizmə qarşı yüksək səviyyəli Rusiya-Amerika dialoqu bərpa edildi (görüşə xarici işlər nazirinin müavini Oleq Sıromolotov və həmin vaxt dövlət katibinin birinci müavini vəzifəsini tutan Ceyk Sallivan rəhbərlik etdi). 2019-cu ildə iki ekspert iclası keçirildi (mart-iyun aylarında). Sentyabr ayında danışıqların ikinci mərhələsi baş tutdu. 2019-cu ilin oktyabrında amerikalılara 2020-ci ilin yanvar ayının sonunda növbəti məsləhətləşmələrin keçirilməsini təşkil etdik. Prinsipcə, onlar da imtina etmədilər. Bununla belə, 2020-ci ildə terrorla mübarizə mövzusunda təmaslarımız olmadı. Ümid edirik ki, sanitar-epidemioloji vəziyyətin yaxşılaşması bu dialoqu bərpa etməyə imkan verəcək.

– Pandemiya ilə mübarizədə ABŞ-la əməkdaşlıq barədə Rusiyanın yeni təklifi olacaqmı?

– Pandemiya artıq hamı üçün təhdid halına gəlib. Bu səbəbdən dəfələrlə fikir ayrılığını bir kənara qoyub infeksiya ilə mübarizə üçün güclərimizi birləşdirməyimizi təklif etdik: tibbi ləvazimatların və əsas ehtiyacların təmin edilməsindəki maneələri aradan qaldırmaq, zəif inkişaf etmiş ölkələrin borc yükünü azaltmaq, ehtiyacı olan ölkələrə maddi yardım göstərərkən siyasi bəhanələrdən imtina etmək, elmi təcrübə mübadiləsini genişləndirmək və s.

ABŞ-a gəlincə, müxtəlif aspektlər üzrə qarşılıqlı fəaliyyəti yoluna qoymaq mümkün oldu. Əvvəlcə, Rusiya 2020-ci ilin aprelində tibbi ləvazimatlar yüklənmiş bir təyyarəni Nyu-Yorka göndərdi, bundan sonra ABŞ-dan ölkəmizə 200 süni tənəffüs aparatı (may və iyun aylarında) gətirildi. Özü də bu, epidemiya böhranının qızğın vaxtında baş verdi. Bu barədə müvafiq razılaşma iki ölkə xalqlarının həmrəylik nümayiş etdirməyə və siyasi sahədəki fikir ayrılığına baxmayaraq bir-birilərini dəstəkləməyə hazır olduqlarının əyani sübutu oldu.

Rusiya neftinə qadağa qoymaq istəyən ABŞ paradoksal vəziyyətlə üzləşib

Daha bir müsbət məqam – 2020-ci il iyul ayının 30-da ABŞ Milli Elmlər, Texnologiya və Tibb Akademiyası ilə Rusiya Elmlər Akademiyasının COVID-19-la bağlı müxtəlif tədqiqat sahələrində əməkdaşlıq haqqında Birgə Protokolun imzalanması oldu.

Vaksinə gəlincə, bu sahədə vəziyyət daha mürəkkəbdir. Amerikada bəzi insanlar bu mövzunu siyasiləşdirməyə çalışırlar. Vaşinqton əldə etdiyimiz uğurlara açıq şəkildə şübhə ilə yanaşır. Söhbət "Sputnik V" və "EpiVacCorona" preparatlarından gedir. Rus peyvəndlərinin səmərəsizliyi və etibarsızlığı barədə yalan məlumatlar yayılır. Bununla belə, elmi ictimaiyyət Rusiya peyvəndini yüksək qiymətləndirdi. Pandemiyaya qarşı, o cümlədən digər yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün təsirli dərmanların hazırlanması istiqamətində ABŞ-la əməkdaşlığa hazırıq.

– Moskva, xüsusən də, Avropada orta və qısa mənzilli raketlər yerləşdirməmək üçün yeni administrasiya ilə danışıqlar aparmağı planlaşdırırmı?

– ABŞ 2019-cu ilin avqustunda "Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə"dən birtərəfli qaydada çıxandan sonra müqavilənin pozulmasının dağıdıcı nəticələrini minimuma endirmək üçün əməkdaşlıq etmək istəyi nümayiş etdirmədi. Halbuki biz bunun necə böyük bir risk olduğunu yaxşı başa düşürük və təxminən bir ildir ki, Rusiya dünyanın digər bölgələrində yerüstü orta və qısa mənzilli raketlər yerləşdirməsi barədə birtərəfli öhdəliyini yerinə yetirir. Biz öz tərəfimizdən hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün əlimizdən gələni edirik. Belə ki, oktyabr ayında Rusiya Prezidenti Vladimir Putin "Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə" olmadan dünyadakı vəziyyəti sabitləşdirmək üçün yeni təkliflərlə çıxış etdi. Təşəbbüslərimiz hələ də masa üstündə qalır. Yeni administrasiya bu müqavilə ilə bağlı mümkün qarşılıqlı həll yollarını tapmaqda maraqlıdırsa, biz bu fəaliyyətə hazırıq.

– ABŞ "SolarWinds" kiber hücumunun arxasında Rusiyanın dayandığına dair hər hansı bir dəlil təqdim etdimi? Yoxsa ittihamlar əsassız idi? "Afghanistan bounties" üçün necə, dəlil təqdim olundumu?

– Amerika informasiya qurumlarına genişmiqyaslı haker hücumu ilə əlaqədar Rusiyaya və ya ölkəmizin vətəndaşlarına qarşı rəsmi ittihamlar səsləndirilmədi. ABŞ xüsusi xidmət orqanları bəyan etdilər ki, "bu hadisəyə Rusiya mənşəli olduqları ehtimal edilən hakerlər cavabdehdir". Bir sıra yüksək vəzifəli məmurların fərziyyələri onların şəxsi mülahizəsidir və dəlil kimi qəbul edilə bilməz. Amerika tərəfi meqafon diplomatiyasını davam etdirir - mediada baş verənlərin versiyasını yayır, lakin heç bir dəlil göstərmir.

ABŞ niyə sualtı qayıqlarını Rusiya sahillərinə göndərir

Biz dəfələrlə Vaşinqtona kompüter hücumları barədə məlumat mübadiləsi haqqında razılığa gəlməyi - xüsusilə bu cür hadisələrə dair məlumatları Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi vasitəsilə ötürməklə bağlı - təklif etmişik. 25 sentyabr 2020-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində Rusiya-Amerika əməkdaşlığını bərpa etmək üçün hərtərəfli tədbirlər proqramına dair bəyanatı yayımlandı.

Bir sıra başqa məqamlarla yanaşı, bu həm də nüvə təhlükəsinin azaldılması mərkəzləri, kompüter hadisələrinə sürətli reaksiya qrupları və yüksək səviyyəli məmurlar vasitəsilə ölkələrimizin səlahiyyətli idarələri arasında rabitə kanallarının davamlı və effektiv işləməsini nəzərdə tutur. Təkliflərimiz cavabsız qaldı.

Rusiya Federasiyasının guya amerikalı hərbçilərin öldürülməsinə görə pul mükafatı ödədiyinə dair iddialar isə bu cür xəbərləri yayan nəşrlərin müəlliflərinin vicdanına qalır.

Administrasiya rəsmiləri müxtəlif səviyyələrdə Rusiyanın Əfqanıstandakı ABŞ hərbçilərinə qarşı təhdidlərinə dair heç bir sübutun olmadığını təsdiqləyiblər.

Üstəlik, ölkələrimiz arasında Əfqanıstan istiqamətində əməkdaşlıq heç vaxt dayandırılmayıb. Xüsusi nümayəndələrimiz bu sahədə yaxından əməkdaşlıq edirlər. Ümidvar olduğumu bildirmək istəyirəm ki, yeni administrasiya dövründə də Əfqanıstanda sülhün bərqərar olması naminə bu iş davam etdiriləcək.