BAKI, 2 sentyabr — Sputnik, Nikolay Protopopov. Pentaqon Rusiyanın şimal sərhədlərinə gizli "USS Seawolf" atom sualtı qayığını göndərib. Məqsəd Rusiyanın atom sualtı qayıqlarının marşrutlarını izləməkdir. Hərbi ekspertlər əmindirlər ki, bu, Moskvaya siqnaldır. Bəs Moskva buna nə cavab verəcək? Ətraflı RİA Novosti-nin materialında.
"Dəniz canavarı"nın yürüşü
Amerikalılar "USS Seawolf" atom sualtı qayığının Norveçə gəlişini açıq şəkildə bəyan ediblər. Pentaqonun ən gizli sualtı qayıqlarından birinin fotoşəkilləri qurumun sosial şəbəkələrdəki səhifələrində dərc olunub. ABŞ-ın sualtı qüvvələrinin komandanı vitse-admiral Deril Kodl isə qürurla vurğulayıb ki, sualtı qayığın yerdəyişməsi amerikalı sualtı dənizçilərin hərəkətlərinin qlobal xarakterini və dünya okeanının istənilən yerində vəzifələrin yerinə yetirilməsinin mümkünlüyünü nümayiş etdirir.
Sualtı gəmilər qrupunun komandanı kontr-admiral Entoni Karullonun sözlərinə görə, "USS Seawolf" atom sualtı qayığının Norveç sahillərində baza salması ABŞ-ın onsuz da geniş olan sualtı müharibə imkanlarını artırır və Vaşinqtonun şimalda dəniz təhlükəsizliyini təmin etməklə bağlı dəyişməz qətiyyətini təsdiq edir.
ABŞ-ın hərbi dəni̇z qüvvələrinin hazırda "Seawolf" sinfinə aid üç sualtı qayığı var. Onlar 1980-ci illərdə rəqib tərəfindən tamamilə nəzarət edilən ərazilərdə fəaliyyət üçün yaradılıb və tikilib. Bu, yüksək gizliliyi ilə fərqlənən son dərəcə sakit bir sualtı qayıqdır. Bu sualtı qayıq torpedaları, minaları, "Harpun" və ya "Tomahavk" raketlərini daşıyır.
Yüz metrlik sualtı qayığın mühərrikləri onu saatda 65 kilometrə qədər sürətləndirir. ABŞ Hərbi Dəniz Qüvvələrinin 30-a yaxın belə sualtı qayıq alması planlaşdırılırdı. Lakin amerikalılar üçü ilə kifayətləniblər: soyuq müharibə qurtardıqdan sonra onlarla belə mürəkkəb və bahalı gəmi Amerika donanmasına sadəcə lazım deyildi.
Pentaqon bildirir ki, "Seawolf" Banqor hərbi dəniz bazasından (Vaşinqton ştatı) ABŞ-ın İkinci donanmasının (Şimali Atlantikada) məsuliyyət zonasına gəlib. Bu sualtı qayıq hələ ki Norveçin Tromsö sahillərində gözləyəcək – düz Rusiyanın sualtı raket daşıyıcılarının marşrutları yaxınlığında.
Xatırladaq ki, ABŞ-ın İkinci donanması yalnız bir neçə il əvvəl bərpa olunub. Soyuq müharibə illərində bu donanma Amerika hərbi dəniz qüvvələrinin ən böyük donanması idi. Donanma Atlantik okeanın akvatoriyasının, Sakit və Şimal Buzlu okeanların akvatoriyalarının hissələrinə cavabdeh idi. Gəmilər və sualtı qayıqlar bir neçə böyük əməliyyatlarda, məsələn, 1960-cı illərin əvvəllərində Kubanın blokadasında iştirak edib. Donanma büdcəyə qənaət etmək üçün 2011-ci ildə ləğv edilib, lakin yeddi il sonra "şimalda Rusiya donanmasının qarşısının alınması üçün" bərpa olunub.
"Amerikalıların etdiklərini "bayraq nümayişi" adlandırmaq olar. Tromsö heç vaxt atom sualtı qayıqları üçün daimi baza yeri kimi istifadə edilməyib. Burada təmir aparıla bilər, ekipaj isə istirahət edir. Sonra "Seawolf" təbii ki Rusiyanın Şimal donanmasının məsuliyyət zonasına — Barents dənizinə yollanacaq. Yəqin ki, qayıq buzun altına keçəcək: avqust bunun üçün münasib vaxtdır", – Sankt-Peterburq Sualtı Dənizçilər Klubunun sədri, I dərəcəli kapitan İqor Kurdin RİA Novosti ilə söhbətində bildirib.
Laxlamış nüfuz
Rusiyanın Şimal donanmasının sabiq komandanı Vyaçeslav Popov bu "bayraq nümayişi"nin hərbi-siyasi aspektinə diqqət çəkir.
"ABŞ Arktik zonaya yalnız Rusiya Hərbi Dəniz Qüvvələrinin nəzarət etmədiyini göstərmək istəyir. Vaşinqton regionda hərbi mövcudluğunu göstərmək niyyətindədir. Amerikalılar burada kəşfiyyat missiyaları aparıblar, aparırlar və aparacaqlar. Amma Rusiya dənizçiləri, əlbəttə ki, onların bütün hərəkətlərini izləyəcək", – admiral qeyd edib.
Maraqlıdır ki, "dəniz canavarı"nın gəlib çatmasından dərhal sonra, nüvə silahı daşımağa qadir olan altı B-52 "Stratofortress" strateji bombardmançısı Norveç Hərbi Hava Qüvvələrinin qırıcıları ilə keçirilən təlimlərdə iştirak edib.
Bombardmançılar eskadrilyası Avropa və Şimali Amerikada yerləşən 30 NATO ölkəsinin hava məkanından keçib. ABŞ-ın Avropa Komandanlığının bəyanatında deyilir ki, bu cür uçuş bombardmançı əməliyyat qrupunun müntəzəm missiyaları çərçivəsində unikal olub. "Müttəfiq Səması" adlı missiya NATO çərçivəsində həmrəyliyin nümayişinə, döyüş hazırlığının artırılmasına və birgə əməliyyat əməkdaşlığının gücləndirilməsinə yönəlib.
Təyyarələr iki komandaya bölünüb. Dörd ədəd bombardmançıdan ibarət birinci qrupun marşrutu Avropa üzərindən keçib. Qalanlar isə eyni anda ABŞ və Kanada üzərində uçublar. Üstəlik, bombardmançılar onları müşayiət edən NATO-nun müxtəlif ölkələrinin qırıcıları ilə qarşılıqlı əlaqədə olub və səmada yanacaqla təchiz edilib. Ekspertlərin fikrincə, aviasiyanın bu cür irimiqyaslı və nümunəvi təlimlərini də Rusiyaya yönəlmiş siqnal kimi nəzərdən keçirmək olar.
Cavab reaksiyası
Bununla yanaşı, Moskva da kənarda qalmır və okeanın o tayındakı həmkarlarına öz siqnallarını göndərir. Belə ki, ötən həftə Qərb mediasında Rusiyanın atom sualtı qayığının Alyaska yaxınlığında neytral sularda peyda olması ilə bağlı həyəcan yaranıb. Amerikalılar qəza baş verdiyini düşünüblər və dərhal yardım təklif ediblər.
Amma Rusiya Müdafiə Nazirliyi hamını sakitləşdirib: "Omsk" atom kreyseri "Okean Sipəri 2020" irimiqyaslı təlimlər çərçivəsində suyun altından üzə çıxıb. Məlum olub ki, Sakit okean donanmasının gəmiləri Berinq dənizinin akvatoriyasında raket atışları yerinə yetirib. Məsələn, bu yaxınlarda modernləşmədən keçmiş "Omsk" atom sualtı qayığı şərti hədəfləri "Qranit" kompleksi ilə vurub. "Varyaq" kreyseri isə 450 kilometr məsafədə "Vulkan" raketi ilə hədəfi məhv edib.
"Okean Sipəri 2020" təlimləri Baltik dənizindən Sakit okeana qədər akvatoriyada keçirilir. Təlimlərə onlarla döyüş gəmisi, sualtı qayıqlar, dəniz aviasiyası və sahil qoşunları cəlb olunub.