Bu günlərdə 70 yaşı tamam olan mərhum aktrisa Gülşən Qurbanova 1950-ci ilin 19 dekabrında Bakıda anadan olub. O, Azərbaycanın tanınmış teatr və kino aktyoru, rəngarəng ifaçılığı ilə tanınan - həm faciə, həm dram, həm də komediya janrında müxtəlif obrazların mahir ifaçısı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının banilərindən biri olan Ağadadaş Qurbanovun ailəsində dünyaya göz açıb.
Gülşən Qurbanova da hələ uşaq yaşlarından atası Ağadadaş Qurbanovadan aktyorluq sənətinin sirlərini öyrənməyə başlayır. O, atasının oynadığı tamaşaların hamısını izləyir və atası ilə birgə kino çəkilişlərinə, tamaşa məşqlərinə gedirdi. Gülşən Qurbanova 15 yaşı olanda öz atasını, Azərbaycan xalqı da böyük sənətkarını itirir.
Ağadadaş Qurbanov 1965-ci ildə, Salyan şəhərinə qastrol səfəri edir. 15 yaşlı qızı Gülşəni də yanında götürən aktyor teartın aktyor heyəti ilə birgə bir mehmanxanada qalır. Onlar, öz otaqlarında dincələrkən, küçədən gələn bir hay-həşirə təlaşlanıb eyvana çıxırlar. Gülşən Qurbanova da atasının yanına-eyvana çıxır. Lakin Gülşənin eyvana çıxması ilə eyvanın uçulması bir olur və bu uçqunda Ağadadaş Qurbanov öz həyatını itirir. Məhz bu səbəblə Gülşən Qurbanova atasının ölümündə özünü günahkar bilir. O düşünür ki, eyvanın uçulması üçün lazım olan sonuncu ağırlıq limiti məhz onun eyvana çıxması ilə təmin olunub və eyvan uçub. Əgər həmin gün Gülşən Qurbanova o eyvana çıxmasaydı, eyvan uçulmayacaqdı və atası ölməyəcəkdi. Bu fikir onu ömrünün sonuna qədər rahat buraxmır.
Uşaqlıq illərindən aktrisa olmağa qərar verən Gülşən Qurbanova Azərbaycan Mədəniyyət və İncəsənət institutunun rejissorluq fakültəsini bitirir. Həmin illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor assistenti kimi fəaliyyətə başlayır. 1979-cu ildə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının, yəni atası Ağadadaş Qurbanovun qurduğu teatrın kollektivinə aktrisa kimi daxil olur. Elə ömrünün sonuna qədər də bu teatrda çalışır və bir-birindən maraqlı obrazlarla tamaşaçı rəğbəti qazanır.
O, Rüstəm adlı bir aktyorla ailə həyatı qurur. Lakin bu evlilik qısa müddət sonra bitir. Çünki onun evli olduğu Rüstəm adlı həmin aktyor məşhur rus rejissoru Yuli Qusmanın dəvəti ilə Rusiyaya köçür və Azərbaycanı tərk etmək istəməyən aktrisa ilə həyat yoldaşının yolları burada da ayrılır. Aktrisanın ikinci evliliyi isə bir digər həmkarı Mübariz Əlixanoğlu ilə olur. Amma bu evlilik də uzun çəkmir. Aktyorun içki aludəliyi səbəbi ilə Gülşən Qurbanova boşanmağa qərar verir və bir daha ailə qurmur.
Həm teatrda, həm televiziya tamaşalarında, həm kinoda canlandırdığı obrazlarla və Azərbaycan Dövlət Televiziyasının repertuarında yer alan “Gəlin birlikdə gülək” layihəsi ilə tamaşaçıların sevimlisinə çevrilən, ulduzu günbəgün parlayan Gülşən Qurbanova şöhrətə qovuşur. “Gəlin birlikdə gülək" layihəsində tanınmış aktyorlar - Yasin Qarayev və Azər Mirzəyevlə tərəf müqabili olurlar. Bundan sonra Gülşən Qurbanovanın Azər Mirzəyevlə gizli bir eşq yaşamasına dair dedi-qodular dillərdə dolaşmağa başlayır.
Söz düşmüşkən, o, həm də haqqında haqqında xeyli şayiələr, dedi-qodular, şəhər əfsanələri olan azsaylı aktrisalardandır. Bu şayiələrdən biri də, Gülşən Qurbanovanın adının hansısa cinayətdə hallanması və bu səbəbdən axtarışa verilməsi ilə bağlıdır. Belə ki, güya, cinayət törədən və polis tərəfindən axtarıldığını öyrənən Gülşən Qurbanova məcburi köçkünlərin məskunlaşdığı bir yataqxanada gizlənir. Hətta, bu səbəblə, həmkarları arasında şəninə yaraşmayan bir ləqəb də qazanır. Amma bütün bunlar, adı üstündə, şayiədir. Gülşən Qurbanovanın elə bu polis qorxusu ilə infarkt keçirtdiyi və həyatını itirdiyi deyilsə də, bu, yalandır. Çünki, o, bir dəfə deyil, tibdə nadir görünən hadisədir ki, 4 dəfə infarkt keçirib və 4-cü infarktdan sonra həyatını itirib.
Məşhur aktrisa haqqında, dedi-qodular, şayiələr, şəhər əfsanələri bununla bitmir, amma buna daha sonra yenidən qayıdacağıq. İndi isə qeyd edilməlidir ki, Gülşən Qurbanova təkcə istedadlı aktrisa deyildi, o, məharətli tele-aparıcı kimi də şöhrət qazanmışdı. Eyni zamanda, qurub-yaratdığı şou proqramlarla “Azərbaycanın ilk qadın şoumeni” ünvanını alır və bu şou proqramları öz restoranında nümayiş etdirirdi. Yəni, Gülşən Qurbanova yerli aktrisalar arasında ilk biznes-ledi idi. Bir zamanların məşhur “ATF", “Faraun" restoranlarının sahibəsi Gülşən Qurbanova idi.
Onun öz restoranlarında qurub-yaratdığı bu şou proqramlar həm də bir neçə müğənninin səhnə həyatı qazanmasında mühüm rol oynamışdı. Məsələn, tanınmış müğənni İradə İbrahimova məhz Gülşən Qurbanovanın restoranında nümayiş olunan bu şou proqramlarla səhnə həyatına başlamışdı.
Gülşən Qurbanova öz doğmalarının, dostlarının, tanışlarının xatirəsində şən, zarafatcıl, nikbin, həyatı sevən, deyib-gülən, hətta yeyib-içən, həyatı qucaq dolusu yaşayan bir qadın kimi qaldı. İlk qadın şoumenimiz Gülşən Qurbanova bütün yaradıcılığı boyunca cəmi bir mahnı ifa etmişdi. Bu, bəstəkar Elçin İmanovun məhz Gülşən Qurbanova üçün yazdığı “Sənətkar ömrü" mahnısı idi. Gülşən Qurbanova isə bu mahnını Azərbaycan səhnəsinin “gülüş kraliçası", əfsanəvi aktrisa Nəsibə Zeynalovaya həsr etmişdi.
Əyləncəli, rəngarəmg həyatınln fonunda dedi-qodular yer aldığı kimi ölümünün ardından da şəhər əfsanələri başladı. Respublikanın xalq artisti, Azərbaycanın ilk qadın şoumeni, yerli aktrisalar arasında ilk biznes-ledi olan Gülşən Qurbanova 17 noyabr 2016-cı ildə qatıldığı televiziya proqramlarından birindən qayıdarkən 4-cü dəfə infarkt keçirib və vəfat edib. Lakin deyilənlərə görə, Gülşən Qurbanova 4-cü infarkta rəğmən də həyata tutunub və sağ qalıb. Görünür, aktrisanın həyat dolu olmasına ürəkdən inananlar onun ölümü ilə barışa bilməyərək əslində kliniki ölüm keçirtdiyini iddia etmişdilər. Yəni, aktrisa diri-diri basdırılıb, hətta deyilənlərə görə, hər gün qızının yuxusuna girən aktrisa qızına sağ olduğunu deyib və onu məzardan çıxarmasını istəyib. Bu səbəblə qızı aktrisanın məzarını açdırıb və anasının kəfəninin qan içində olduğunu, aktrisanın üzünü cırmaqladığını və qanının ətrafa yayıldığını görüb.
Ailəsi bütün bunları inkar etsə də, bu deyilənlərin doğru olduğuna ürəkdən inananlar var. Hərçənd, həmişə gülən, güldürən, həmişə şən olan Gülşən Qurbanovanın ölümünə inanmaq da asan iş deyil axı.
Və həyatın qəribə hikməti, ya da rəqəmlərin mistikası olsa gərək, aktrisanın atası 54 yaşında, Gülşən Qurbanova 55 yaşında, qardaşı-tanınmış aktyor Hamlet Qurbanov isə 57 yaşında vəfat etmişdi.
Bütün bunların nəhayətində, Gülşən Qurbanova bir sənətkar ömrü yaşadı. Bəzək-düzəksiz, mübaliğəsiz, pafossuz, ən sadə dildə belə deyə bilərik ki, bütün həyatı və yaradıcılığı ilə o bir sənətkar idi və bu adın haqqını verirdi. Azərbaycanın teatr və kino sənətində unudulmaz və əvəzolunmaz yeri olan sənətkar yaşaydı bu il 70 yaşı olacaqdı. “Yaşasaydı"-mı dedim? Məgər yaşamırmı?! Kinolarında, televiziya tamaşalarında, mədəniyyətin qızıl fondundakı verilişlərində onu tanıyanların, sevənlərin, sənətdən anlayanların, sənət və sənətkar qədri bilənlərin ürəyində yaşayır, yaşayacaq...
https://www.youtube.com/watch?v=RpVQDeNb1-Y&lc=UgwwQ4H4PCQfNo_OFux4AaABAg