CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Texnoloji inkişaf, nəsillərarası savaş və həqiqət haqqında...

Yeni nəsil bizim dişimizlə, dırnağımızla, zülm-zillətlə, müxtəlif mübarizələrlə böyüklərin işğalından fərd-fərd almağa çalışdığımız azadlığı, onlar toplum olaraq yaşaya-yaşaya böyüyəcək və azad gələcək quracaqlar.
Sputnik

BAKI, 18 iyul — Sputnik. On beş yaşım vardı. Azərbaycan və dünya ədəbiyyatından xeyli dram əsərləri oxumuşdum. İçimdən bir qüvvə məni elə o vaxt da dram əsəri yazmağa sövq edirdi. Mən isə pyeslərdəki pərdə, şəkil dəyişmələrinin necə baş verdiyini bilmədiyim üçün heç nə yaza bilmirdim.

Sözün bitdiyi yer - "İmtiyazlı və yetim yazarlar kateqoriyası formalaşdırıblar"

Bir dəfə məktəbdə dərsdən sonra ədəbiyyat müəlliməmizə yaxınlaşdım. Sualı necə verəcəyimi də bilmirdim. "Mən pyes yazmaq istəyirəm, şəkilləri, pərdələri harada dəyişməliyəm" kimi bir sualı verməyə utanırdım. Düzü, bilmədiyim şeylərdən ötrü bu gün də utanıram. İşimlə bağlı bilmədiyim hər hansısa bir nüans yarananda günlərlə özümlə davaya çıxıram. Axı bu günə qədər hansı cəhənnəmdə olmuşam ki, bunu öyrənməmişəm deyə, töhmət edirəm özümü. Nə isə.

Bir təhər cəsarətimi toplayıb, müəllimədən soruşdum: "Müəllimə, dram əsərlərində şəkillər, pərdələr hansı səbəblərlə dəyişir?" Gülümsədi. "Bunu niyə soruşursan" deyə, sual etdi. Utandım pyes yazmaq istədiyimi deməyə. "Elə belə, maraq üçün" dedim. "30 ildir ki, ədəbiyyat müəlliməsiyəm, hələ bu sualı verən şagirdim olmayıb" dedi və pərdələrin, şəkillərin dəyişmə səbəblərini izah etdi. Sonra eyni ilə bu cür əlavə etdi: "Sən bir gün çox yaxşı dram əsərləri yazacaqsan!"

Elə həmin gün sevincimdən uça-uça evə gedib, müəlliməmin də o xoş cümləsinə ümidlənib ilk pyesimi yazmağa başlamışdım. Elə bilirdim ki, bütün kainatın, canlı və cansız aləmin sirrini öyrənmişəm.

Nənələrimdən biri müəllimədir. Mənim ibtidai sinif müəlliməm də o olub. Onunla tez-tez nəsillərarası məsələlərlə bağlı müzakirələr, bəzən mübahisələr də edirik. O günlərdə yenə bu mövzuda müzakirəmiz gedirdi. 

"Mənim çəkim uyğun gəlmir yaşıma..."
Söhbət belə idi ki, böyüklərin hər dediyi eşidilməli və riayət edilməlidirmi? Mən deyirdim ki, eşidilməli, bəzən yararlanmalı da, amma hər zaman riayət edilməməlidir. Nənəm isə böyüklərin həyat təcrübəsini misal gətirərək, iddia edirdi ki, onları həm eşitməli, həm də dediklərinə riayət etməliyik.

Elə bu dəm gördüm ki, əmimin 5 yaşlı qızı telefonla öz şəklini çəkir. 7 yaşlı bacısı da arxa tərəfdə əllərini çiyninə qoyub, azca sağa doğru əyilib, gülümsəyərək, özünü bu şəkilə salmağa çalışır. Fürsəti qaçırmadım. Dedim^ "Nənə, bax, bu yetişənlər bizim kimi olmayacaq. Bizə nə deyirdinizsə, eşidirdik, inanırdıq. Sorğu-sualsız doğru olduğunu düşünür və riayət edirdik. Dediklərinizi sorğulayacaq, dəqiqləşdirəcək mənbəmiz yox idi. Amma bunların var. Əllərinin içində bütün kainatı tutublar. Yer kürəsindən qalaktikalara, paralel kainatlara, insandan heyvana, fəlsəfədən fizikaya, sənətdən tarixə qədər hər şey onların ovucundadır. İndi siz onlara bir şey deyən kimi, girib, axtaracaq, müxtəlif mənbələrdən yoxlayıb, dəqiqləşdirəcəklər. Yanlışınızı tutan kimi, qarşınıza çıxıb, sizi mühakimə edəcəklər. Sizi də, hətta, bizi də onlar cilalayacaq, yeri gəlsə, öyrədəcəklər. Böyüklüyünü hakimlik zənn edib həyatımızın üzərində hökmranlıq qurmaq istəyən yaşlı nəsillərin bütün yersiz iddialarını, cəfəng inanclarını, çürük dəyərlərini, bax, bunlar yıxacaq, yerinə yenisini, həqiqi və gözəl olanları inşa edəcəklər. Onlara o qədər arxayınam ki! Bizim dişimizlə, dırnağımızla, zülm-zillətlə, müxtəlif mübarizələrlə böyüklərin işğalından fərd-fərd almağa çalışdığımız azadlığı, onlar toplum olaraq yaşaya-yaşaya böyüyəcək və azad gələcək quracaqlar"

Nənəm də məni dinləyir, köks ötürür və dodaqaltı pıçıldayırdı: "Sənin indi belə danışmağını da elə mən qurmuşam. İndi məni bəyənmirsən!"

Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır

Üzüldüm. Əslində, haqlı idi. Amma qismən. Mənə elm öyrətmişdi. Oxumağı, yazmağı, öyrənməyi, araşdırmağı, kəşf etməyi, bilməyi, bilgili olmağı, mənə, o, aşılamışdı. Lakin mənəvi dəyərləri zahiri görkəmlə ölçmək, lazımsız və zərərli olan adətləri dəyərə çevirib həyati şərtlər kimi təqdim etmək, insanları öz baxış bucağı ilə dəyərləndirib onların fərdi yaşam tərzlərini sorğulamaq, onları qınamaq, çərçivələmək, narahat etmək və onsuz da hamınıza məlum olan bu kimi bir sıra yanlışları vardı. Üzülürəm. Mənə həqiqətin hər kəsdən və hər şeydən üstün olduğunu da o öyrətmişdi.

Mənim bəxtim gətirmişdi. Hərfləri bir böyükdən öyrəndim, həmin hərflərdən pyes yazmağı başqa böyükdən. Sonra yazdığım bir pyeslə Avropa səhnəsində alqışa tutuldum. Amma hər kəsin bəxti də mənim kimi gətirmir. Hər kəsin bəxtinə belə öyrədən, stimul verən müəllimlər, böyüklər çıxmır. Məhz bu səbəbdən mən texnoloji inkişafın tərəfdarıyam. Hamının öyrədəni həqiqəti öyrətmir, hamının böyüyü böyüklük etmir. Belə məqamda yeni nəslin həqiqəti öyrənmək və böyümək üçün ən yaxşı səhnəsi internet platformasıdır. Əlbəttə, burada da minlərlə yalanın, səhvin içindən axtarıb həqiqəti tapmaq lazımdır.