CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstəmirəm qram-qram... Yeddi çaydan bir qurtum ala bilməyənlərin əsəbi tarıma çəkilib

Zaqatalanın ərazisindən yeddi çay axır. Amma yay gələndə şəhər o hala düşür ki, sanki səhranın ortasında yerləşir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. “Su həyat mənbəyidir” deyirlər. Amma Zaqatala sakinləri ilin-günün bu vaxtında həyatımızın mənbəyi olan suya möhtac qalıblar. Zaqatala əhalisinin sosial şəbəkələrdə qaldırdığı bu problemi biz də işıqlandırmaq qərarına gəldik. Sputnik Azərbaycan-ın “Zaqatalanın hansı hissələrində su problemi yaşanır?” sualına yerli sakinlərdən Bəxtiyar Məmmədovun cavabı belə oldu: “Sualı düzgün qoyun, siz soruşun ki, “su problemi Zaqatalanın harasında yoxdur?” Rayonun özündən və ətraf kəndlərdən tutmuş ən ucqarlara qədər susuzluqdan əziyyət çəkirlər. Bir neçə il əvvəl rayonun su-kanalizasiya xətləri yenilənəndə yerli şəraiti bilən insanların təklif və iradlarını eşitmədi aidiyyəti orqanlar. Su xətlərinin Tala çayından çəkilməsi böyük səhv idi. Katex çayından çəkmək ən düzgün variant idi”.

Həyəcan təbili: Azərbaycanın əsas çayı necə yox olur

Gülay Rəşidova deyir ki, neçə dəfə şikayət etmələrinə rəğmən, problem yerində sayır: “Mən İstiqlaliyyət küçəsində yaşayıram. Neçə gündür, su üzünə həsrətik. Çox yox, gündə 1 saat su versələr, olmazmı? Xəstəliklərdən danışırlar, insanlara evdən çıxmağa icazə vermirlər. Çölə çıxanı da cərimə edirlər. Su da vermirlər. Bu xəstəliklər də susuzluqdan əmələ gəlir. İnsanlar koronavirusdan yox, susuzluqdan öləcəklər. Yuxarı postda əyləşənlər kondisionerin altında oturub, rahat sularından içirlər. Bəs bu camaatı susuz qoymağa utanmırlar? Daha bu ölkədə niyə yaşayaq? Allah onları da suya möhtac etsin! "Qaynar xətt"ə zəng edirik, “baxırıq” deyib aldadırlar".

Günəş Tahirli bildirir ki, rayonun su idarəsinə zəng etsələr də zənglərinə cavab belə verilmir: “Yuxarı Tala, Məcid Balayev küçəsində yaşayırıq. Bu gün artıq 1 həftə oldu, 1 həftədir ki, bizdə su yoxdur. “Azərsu”nun "qaynar xətti"nə dəfələrlə zəng eləmişəm. “Qeydə aldıq” deyiblər, vəssalam. Zaqatala Su İdarəsindəkilər isə heç zəhmət çəkib telefonlarımıza cavab vermirlər. Şəhərdə bəzi yerlərdə var su. Ən azından qrafiklə küçələrə su versələr, hərə öz işini bilər. Hazırkı vəziyyətdə çörək almağa zorla pul çatdırırıq, suyu nə ilə alaq? Xüsusilə də yay fəslidir, hər gün hamamlanmaq, paltar dəyişmək lazımdır”.

İnqilab Səmədov rayonun Lahıc kəndindəndir. O, suvarma problemindən danışır:

“Lahıc kəndində sahələrin suvarılması üçün lazım olan su yoxdur. Yuxarı kəndlərdən kəsib veriblər, bizim sahələr isə susuzluqdan yanır. Heç olmasa, ayın 1 həftəsini aşağı kəndlərə su buraxmaq olmaz? Sonra da rayon camaatını qınayırlar ki, əkib-becərmirlər. Yazıq kəndli neyləsin? Əkmişəm, su yoxdur suvarmağa, əkdiklərim necə bar versin?”

Səbuhi Abdullayev də şikayətçilər sırasındadır: “Muxax kəndinin mərkəzi küçəsində başdan ayağa qədər günlərlə su gəlmir, gələndə də 2-3 saatlıq gəlir. Suyun təzyiqi çox aşağı oldundan heç cür istifadə edə bilmirik. Vəziyyət acınacaqlıdır. Yayın istisində susuz necə yaşamaq olar, xüsusən də bu dövrdə - koronavirusun getdikcə artığı dövrdə?”

Göygöz kosanın arzuladığı "cənnət": Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ

Günel Məmmədova hesab edir ki, koronavirusun getdikcə artmasının başlıca səbəbi susuzluqdur: “Televiziyalar bar-bar bağırır ki, əllərimizi tez-tez sabunla yuyaq. 2 gündən bir su gəlir. O da çox az. Aidiyyatı qurumlar niyə bunu düşünmür? Pandemiya dövrüdür, insanlara evdən çıxmağa icazə vermirsiz. Su da vermirsiz. İnsanlar üçün bundan ağır cəza yoxdur”.

Rəqsanə Süleymanova deyir ki, su o qədər az gəlir ki, ondan istifadə etmək qeyri-mümkündür: “Muğanlı kəndində içməli su o qədər az gəlir ki, insanın əsəbləri pozulur. Yay vaxtı isə bu, dözülməz olur. 2-3 ildir ki, vəziyyət belədir. Əvvəllər belə deyildi, əvvəllər sularımız gur gəlirdi. Artıq o gur suları biz ancaq yuxuda görə bilərik”.

Esmira Əliyevanın da ailəsi su üzünə həsrət qalıb: “Zaqatalanın Qazangül qəsəbəsi, “Şərq” massivində 4 gündür su yoxdur. Evdə 2 körpə, işə gedən adamlar var. Zəng etmişik, deyirlər, təmir var. Bu vaxtı təmir olar? Təmirləri də ki bitmək bilmir”.

Sahib Bağırov kiçik sahibkardır. Susuzluq onun işinə əngəl törədib:

“Əvvəllər artezianlar işləyərdi biz tərəfdə, su problemi olmazdı. İndi artezianları ancaq su maşınlarına görə işlədirlər, onlar da suyu hələ ki tonu 6 manata bizə satırlar. Su idarəsi göz bağlamaq üçün maşınla vedrə-vedrə əhaliyə su paylamaq əvəzinə, artezianları əhalinin istifadəsinə verməlidir. Yoxsa bu pandemiya dövründə COVID-19-un yayılması bir az da arta bilər”.

“Bizim həm yaşayışımız, həm çörəkbişirmə seximiz Çingiz Mustafayev küçəsindədir. Bu gün su idarəsinin bir əməkdaşıyla əlaqə saxladım. Dedi ki, ümumiyətlə, xətlərə su verilməyəcək, əhaliyə maşınla vedrə-vedrə su paylanacaq. Sual verdim ki, “evdə vedrəylə su daşıyıb keçinmək olar, bəs sexdə nə edəcəyik? Axı sexdə axar su olmadığı təqdirdə istehsalla məşgul olmaq qadagandır”.  Dedi, “mən bilmərəm”. Su İdarəsinin nə rəisi, nə də mühəndisi ilə  əlaqə saxlamaq mümkündür. Kim bizə cavab verəcək, mən də bilmirəm”,- deyə əlavə edir.

Rayon sakini Murtuzəli Atayev də şikayət edənlər sırasındadır:  “Niyə rayonumuzun deputatı Elşən Musayev Milli Məclisdə su məsələsini qaldırmır? Hələ ki E.Musayev heç bir dövlət təşkilatı və eləcə də Milli Məclis qarşısında bu məsələni qaldırmayıb. Muxağın suyu 100 deputat da olsa, 300 m boru yox, 3000 m boru da qoşsalar, heç vaxt düzələn deyil. Müasir tipli sutəmizləyici qurğularda su təmizlənib, içməli hala salındıqdan sonra su anbarlarına verilməlidir. Muxağın daxili su xətləri də bugünki tələbatın heç 50%-ni belə ödəmir. Daxili xətlər tam təzələnməli, yeni bir sistem qurulmalıdır.  Deputatın çıxışından sonra Muxax içməli su anbarının üstündə inəklər oynayır. Bugünkü Muxax suyunun mühafizə olunmaması səbəbindən, adi bir təxribatla kəndin 50%-ni məhv etmək olar. İnanın ki, Zaqatalada yaşamış ermənilər bizim dağlarımızı və çaylarımızı bizdən yaxşı tanıyırlar. Hər an təxribatla və susuzluqla üz-üzəyik”.

Yegane Balayeva deyir ki, onlara su yalnız gecə saatlarında verilir: “Heydər Eliyev prospektində yaşayıram. Şəhərin mərkəzində belə biabırçılıq olar? Fikirləşmirlər ki, çoxunun su çəni, hovuzu yoxdur. Heç olmasa, saatla verin də. Gecə 12-də su verirlər, səhər 7-də kəsirlər. Gərək bütün gecəni yuxusuz qalıb, işimizi görək. Əks halda susuz qalırıq sutka ərzində”.

Təbiət də tərs düşüb: Yayın gəlişi ilə fermerlərin qara günü başlayıb

Rayon sakini Şəhla Əhmədova isə barəsində danışdığımız problemin yeni olmadığını, illərdir bu problemdən əziyyət çəkdiklərini deyir: “Danışmaqla, yazmaqla nəsə düzəlir ki? Bu problem hər il baş verir. Hər il qızmar yay günlərində camaat susuz qalır. Su pulu yığmağa gələndə qanımızı içirlər. Allahdan qorxmazlar, birdəfəlik təmir edib başa çatdırın, biz də insan kimi yaşayaq”.

Abdurahman Abdurahmanov da digər həmyerliləri kimi dəfələrlə aidiyyatı orqanlara müraciət edib. Lakin: “Sərxan Bayramov küçəsində yaşayıram. Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng etmişəm. “Azərsu”ya da həmçinin. Hələ də  xəbər yoxdur. Hər dəfə şikayətimizi çatdıranda bizi “yola verirlər”.  Arqument də gətirirlər ki, təmir gedir. Başa düşmürəm, hər il təmir olar? Bitmədi bu təmir?”

Nikita Əliyeva deyir ki, susuzluq artıq onların əsəblərini tarıma çəkib:

“Maska taxmadığına görə insanları cərimə edənlər, niyə bizi susuz qoyanları cərimələmirsiz? Niyə İcra Hakimiyyəti, “Azərsu” bunu düşünmür? Onlara kim icazə verib ki, rayonda monopoliya yaratsınlar? Axı niyə bu qurumlar pandemiya dövründə, insanların əsəblərinin gərgin bir dövründə bizi susuz qoymalıdır? Hansı haqla? Allah eləməsin, ölən olsa, yanğın olsa, bir qram su yoxdur". 

Səslənən bütün problemləri nəzərə alaraq, sözügedən rayonun İcra Hakimiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, hər iki səlahiyyətli qurum suallarımızı cavablandırmaqdan boyun qaçırdı. Su Tanrının insanlara bəxş etdiyi ən böyük və əvəzsiz nemətdir. Bu nemətin üzərində monopoliya yaratmağa isə heç kəsin ixtiyarı yoxdur.