İQTİSADİYYAT

Neft bazarı köhnə strategiyasına qayıdır: bundan kimlər qazanacaq?

Postsovet ölkələri isə OPEC+-un qərarından qazanacaqlar. Qazaxıstan və Azərbaycan üçün neft qiymətinin artması daha vacibdir, nəinki onun hasilat həcminin tezliklə artırılması
Sputnik

BAKI, 9 iyun — Sputnik. Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov Sputnik üçün:

Birinci mərhələni uğurla keçdik

OPEC+ ölkələrinin iyunun 6-da keçirilən görüşündə neft hasilatının azaldılmasının birinci dövrünün nəticələri və sonrakı addımlar müzakirə olundu. OPEC+ 2.0 adlandırılan indiki razılaşma aprelin ortalarında, G20 (Böyük iyirmilik ölkələri qrupu – red.) və OPEC+ ölkələri arasında baş tutan danışıqlardan sonra əldə olunmuşdu. O zaman qərar verilmişdi ki, neft hasilatı sutkada 9.7 mln barel azaldılsın. Bu qərar neftə olan tələbatın koronavirus səbəbindən kəskin, indiyədək görünməmiş həddə azalması fonunda qəbul edilmişdi. İnfeksiyaya qarşı bütün ölkələr, demək olar ki, eyni tədbirlər görürdü: insanlar bir-birlərini yoluxdurmasınlar deyə onların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Nəticədə dünyanın hər yerində təyyarələr anqarda, avtomobillər qarajlarda qaldı, sənaye müəssisələri fəaliyyətini dayandırdı. 

ABŞ öz neftindən məhrum ola bilər
Təbii ki, yanacağın istehlakı da azaldı. Neft hasilatı isə əvvəlki, karantinəqədərki həddində qalırdı.

Bundan savayı, Rusiya ilə Səudiyyə Ərəbistanı neft hasilatının əlavə olaraq azaldılması məsələsini müxtəlif cür təfsir etdiklərindən OPEC+-un 2020-ci ilin ikinci rübü üçün razılaşması faktiki olaraq pozuldu. OPEC+ üzvlərinin bu il martın 4-6-dakı görüşündə krallıq neft hasilatının bütün iştirakçılar tərəfindən artıq mövcud olan kvotalardan daha 1.5 mln barel azaldılmasını təklif edirdi. Buna səbəb isə Çində tələbatın aşağı düşməsi göstərilirdi (martın əvvəlində ciddi karantin tədbirləri əsasən Çində idi, Avropada isə bunlar bir qədər gec işə düşdü). Rusiya isə həmin zaman hasilatı azaltmamağın, sadəcə gözləməyin və hadisələrin inkişafını izləməyin tərəfdarı idi, çünki ÇXR-də karantinin nə qədər sürəcəyi və virusun başqa ölkələrdə də yayılıb-yayılmayacağı aydın deyildi.

OPEC+ ölkələrinin martdakı uğursuz görüşündən sonra Səudiyyə Ərəbistanı “qiymət müharibəsi”nə başladı: krallıq onun neftini alanlara kifayət qədər endirim etdi və aprelin 1-dən (əvvəlki razılaşmaların bitdiyi gündən) neft hasilatını sutkada 2 mln barel artıracağını elan elədi.

Müqavilənin digər iştirakçıları da fəaliyyət azadlığı əldə etdilər və öz hasilatlarını artırmağa hazırlaşdılar. Nəticədə iki tendensiya – neftə tələbatın kəskin azalması və onun hasilatının artması bazarda “ideal qasırğa” yaradaraq qiymətlərin çökməsinə səbəb oldu. Məhz bu fonda da hazırkı OPEC+ 2.0 sazişi bağlandı.

İyirmi qəpiklik fərq minlərlə manat ziyana sala bilər: "Aİ-92", yoxsa "Aİ-95" dilemması>>

Bu xronologiya birinci dövr, minimum may üçün bağlanan razılaşmanın həqiqi məqsədlərini anlamaq üçün vacibdir.  Mart-apreldə izafi təklif bütün dünyada neft anbarlarının dolması məsələsini ortaya çıxardı. Axı “artıq” neftin hamısı oraya doldurulurdu. Təklifin tələbi üstələməsi isə sutkada 20-dən 35 mln barelədək dəyərləndirilirdi.Ona görə OPEC+-un yeni sazişi ilk növbədə neft anbarlarının dolub-daşmasının qarşısını almağı hədəfləmişdi. Ən neqativ ssenarinin reallaşması halında bütün istehsalçılar OPEC+ müqaviləsində göstəriləndən qat-qat çox hasilatı azaltmalı olardılar, neftin qiyməti isə sıfıradək düşə bilərdi.

Dünya bazarında təbii qaz hansı səbəblərdən bahalaşır – ekspert şərhi

Neft istehsal edən ölkələrin indiki razılaşması 2016-cı ildə bağlanmış birinci OPEC+ sazişindən  məhz bununla fərqlənir. O vaxt istehsal həcminin neftin qiymətinin artırılması məqsədilə tənzimlənməsindən söhbət gedirdi, çünki bu qiymət geniş kartelin heç bir üzvünü, o cümlədən də Rusiyanı qane eləmirdi.

Tələb bərpa olunur, elə qiymət də

İyunun əvvəlinə neft anbarlarının dolub-daşması riski əhəmiyyətli dərəcədə azaldı, yəni indi bu cür ssenarini faktiki olaraq heç kim nəzərdən keçirmir. Ona görə də demək olar ki, OPEC+ razılaşması indiki formatında öz vəzifəsinin öhdəsindən gəldi, özü də vaxtından əvvəl. Sazişdə ehtimal olunurdu ki, may-iyunda üzv ölkələr neft hasilatını maksimal dərəcədə azaldacaq, iyulun 1-dən isə onu az-az artıracaqlar: may-iyunda sutkada 9.7 mln barel azalma, iyul-dekabrda sutkada 7.7 mln barel və 2021-ci ilin aprelinədək sutkada təxminən 5.8 mln barelədək azalma olacaq. Ancaq OPEC+ razılaşması həmişə situativ olub. İştirakçılar müntəzəm olaraq toplanır və əvvəl qəbul edilmiş qərarlara düzəlişlər edirlər. Elə indi də eyni hal baş verdi. OPEC+ ölkələri neftin hasilatının maksimal azaldılması müddətinin iyuladək uzadılmasında razılığa gəldilər. Ancaq buna səbəb artıq neft anbarlarının dolmasının qarşısını almaq deyil. Hazırda tələbat yaxşı templərlə artır. İndi OPEC+ iştirakçıları köhnə strategiyaya – qiymətlərin yuxarı doğru itələnməsinə qayıdırlar.

Mümkündür ki, maksimal azaldılmanın uzadılmasında Səudiyyə Ərəbistanı təkid edib. Son aylar göstərdi ki, krallığın onu neft qiymətlərinin maraqlandırmadığı və özünün ən effektiv hasilatçı olduğu barədə bəyanatlarına rəğmən, reallıqda bahalı neft Səudiyyəyə Rusiya  və digər ölkələrdən daha çox lazımdır. Çünki səudilərin büdcəsi defisitsiz, BVF-in qiymətləndirmələri əsasında, neftin barelinin 80 dollardan çox olması hesabı ilə “biçilir”.

Üstəlik, ABŞ da Səudiyyə Ərəbistanına təzyiq göstərir, çünki ona da özünün şist neftini çıxaranlarını xilas etmək üçün neftin qiymətinin artması hava-su kimi lazımdır. Bir barelin 30 dollara satılması halında bu layihələrin, demək olar ki, hamısı rentabelsiz olur. ABŞ-da hazırda neft hasilatının həcmi sürətlə azalır, istehsal təxminən sutkada 2 mln barel azalıb. Özü də bu, hökumətin göstərişi ilə deyil, iqtisadi göstəricilərə görə baş verir.

Rusiya maksimal azaltma dövrünün uzadılmasına bir neçə səbəbdən razılıq verdi. Əvvəla, büdcə üçün qiymətin artması sərfəlidir, çünki faydalı qazıntıların çıxarılmasına görə vergilər (FQÇV) və ixrac rüsumu məhz dünya qiymətləri əsasında formalaşır. Neft nə qədər bahadırsa, büdcə də bir o qədər “şişir”. Amma neft şirkətləri, əlbəttə ki, daha çox istehsal etmək istəyərdilər, çünki qiymətdəki əlavəni hökumət vergi və rüsum qismində “qayçılayacaq”.

Fürsət var, istifadə et: Çin ucuz neft almaq istəyir

İkincisi, OPEC+ razılaşmasının pozulması nəticəsində qiymətlərin çökməsi müşahidə olunan mart situasiyasına qayıtmamaq üçün Rusiya Səudiyyə Ərəbistanını münaqişəyə təhrik etmək istəmədi. Koronavirusdan sonra iqtisadiyyatın bərpasına xeyli pul lazım olacaq, ona görə də Rusiya hökuməti büdcə gəlirləri ilə risk etmək istəmir.

Postsovet ölkələri isə OPEC+-un qərarından qazanacaqlar. Qazaxıstan və Azərbaycan üçün neft qiymətinin artması daha vacibdir, nəinki onun hasilat həcminin tezliklə artırılması. Belarusun da bahalı neftə ehtiyacı var. Ölkə Rusiya neftini böyük həcmdə tədarük etməyə başlayıb, bu da ona özünün NEZ-lərini tam gücü ilə işlətməyə imkan verir. Neftin qiymətinin artması, öz növbəsində, Avropada neft məhsullarının qiymətini də qaldıracaq ki, bu da Belarusa özünün neft məhsullarını başqa ölkələrə ixrac etməklə yaxşı pullar qazanmağa imkan yaradacaq.

Ona görə də demək olar ki, bütün ölkələrə həm OPEC+-un yeni razılaşması, həm də qiymətlərin artırılması məqsədilə neft hasilatının maksimal azaldılması dövrünün uzadılması sərf edir. Bu qərarın əleyhinə çıxan neft şirkətləri isə ciddi mənfi nəticə ilə üzləşməyəcəklər, çünki maliyyə ehtiyatları kifayət qədərdir.