CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlara şərait yaradılması əlavə turist deməkdir - Və ya İstanbul ola biləcəyikmi

Əhməd Heydərov: "İstanbul bizim fəaliyyətimiz üçün uyğundur. Demək olar ki, İstanbulda olduğum hər yerdə bizim hərəkətimiz üçün şəraitlərin yaradıldığının şahidi oldum"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bu gün bir çox ölkələrdə "Fiziki Məhdudiyyətli Şəxslərin Sosial İnkişafı" layihəsi ilə bağlı müxtəlif proqramlar qəbul olunur. Burada məqsəd müəyyən fiziki məhdudiyyəti olan şəxslərin səyahət imkanlarını təmin etmək, onları asosial fəaliyyətdən sosial fəaliyyətə keçirtməkdir. Bu şəxslərin də digərləri kimi səyahət etmək, gəzmək, dincəlmək, görməli yerlərə baş çəkmək haqları var.

Yayda otellərdə yer tapılmayacaq? - Söhbət tək pulda və çoxluqda deyil

Dünyada bu cür şəxslərin səyahəti ilə bağlı rəqəmlər isə təkcə Avropada hər il 8 milyon fiziki məhdudiyyəti olan şəxsin ölkə xaricinə, 15 milyon fiziki məhdudiyyətli şəxsin ölkə daxilinə səfər etdiyini göstərir. Turizm üzrə ekspertlər isə fiziki məhdudiyyəti olan şəxslərin turizm üçün daha gəlirli olduğunu hesab edirlər. Onlar bunu həmin şəxslərin səıyahətə tək çıxmaması ilə əlaqələndirirlər. Sadəcə Avropa və ABŞ-da 100 milyona yaxın özəl bir bazar mənasına gələn fiziki məhdudiyyətli şəxslərin səyahəti və səyahət zamanı rahatlıqlarının təminatı üçün bir çox ölkələr tərəfindən xüsusi qanunvericilik də hazırlanıb.

Avropa Birliyinin "Avropanı Fiziki Məhdudiyyətli Turistlərə Açmaq" kitabında da hökumətlər üçün müəyyən tövsiyələr yer alıb. Burada qapı və dəhlizlərin ölçülərinin əlil arabalarına uyğun olması, bir çox sistemlərin eşitmə və görmə məhdudiyyəti olan şəxslər üçün əlçatan olmasının önəmliliyindən bəhs edilib. Bundan başqa, turizm məkanlarında, istirahət yerlərində əlil arabalarının rahat hərəkəti, manevri üçün yerlərin olmasının da vacibliyi vurğulanır.

Bu cür turistlərin üz tutduqları yerdə srahatlıqlarının təmiantı üçün xüsusi siyahılar hazırlanmalı, ehtiyac olacaq xidmətlər müəyyənləşməli, müəyyən vasitələr haqda öncədən məlumat verilməlidir.

Azərbaycanda turizmlə bağlı konsepsiya hazırlanıb

Bundan başqa, AB-nin tövsiyələrində ayaqyolu, liftlərin də bu cür şəxslərin hərəkətinə uyğunluluğu qeyd olunur. Məsələn, vurğulanır ki, şkafların qapısı fiziki məhdudiyyəti olan birisinin ora tamamilə yaxınlaşmasına imkan vermirsə, rəflər ilə əlil arabasının arasındakı məsafənin uyğunluğu təmin olunmalıdır. 

Bəs, Azərbaycanda bu şəxslərin səyahəti üçün hansı imkanlar yaradılıb?

Azərbaycan Turizm Assosasiyasının İdarə Heyətinin üzvi, turizm üzrə ekspert Xəyal Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Əslində bu məsələ günümüzün aktual problemlərindəndir. Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün imkanlar çox məhduddur. Lakin Azərbaycandan fərqli olaraq xarici ölkələrdə fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan turizm xüsusi bir növ kimi inkişaf edir. Xarici turizm assosiasiyaları tərəfindən bu sektorun fəaliyyətinin təminatı üçün müəyyən işlər görülür, bunun üçün müəyyən bir infrastruktur hazırlanır və zamanla bu ayrı bir sektor kimi inkişaf edir. Azərbaycanda isə bu növ turizm hələ ki, inkişaf mərhələsindədir. Biz indidən bu haqda artıq düşünməliyik".

Karantindən sonra turizm obyektləri necə fəaliyyət göstərəcək - Kənan Quluzadə danışır

"Xaricdən gələn belə turistlər üçün nəqliyyat, nəqliyyat, oteldə gecələmə çox önəmlidir", - deyə o əlavə edir.

X.Əliyeva deyir ki, fiziki məhdudiyyəti olan şəxslər üçün regionlarda turizm imkanlarından danışmaq hələlik tezdir: "Çünki  regionlarda bu infrastruktur demək olar ki, sıfırdır və inkişaf etməyib. Bu səbəbdən hələlik ki, yalnız Bakıdan danışa bilərik. Bakıda 4-5 ulduzlu otellərin sayı artır. Bu otellərdə xüsusi avadanlıqla təchiz olunan otaqların sayı çox azdır. Hətta brend hesab edilən otellər arasında xüsusi avadanlıqla təmin olunanlar çox azdır, Ümumiyyətlə, belə otellərin sayı 5-6, bu otaqlarda bu cür otaqların sayı isə təxminən 3-4-dür".

"Nəqliyyat vasitələri də panduslu, yoxuşlu, uyğun şəraitdə olmalıdır. Lakin təəssüflər olsun ki, bizim nəqliyyat şirkətlərində bu yoxdur. Ötən il bir qrup fiziki məhdudiyyəti olan şəxs və onları müşayiət edənlər Azərbaycana gəlmək üçün müraciət etdilər. Lakin uyğun şərait olmadığı üçün onlar Azərbaycana gəlmək fikirlərindən imtina edərək başqa ölkəyə üz tutdular. Çünki bəzi muzeylər, kafelərin giriş qapıları əlil arabasında olan bu cür şəxslərin hərəkəti üçün uyğun deyildi", - deyə X.Əliyeva əlavə edib.

Otellərlə bağlı yenilik - Həmin otağa iki gün heç kəs buraxılmayacaq

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, prestiji naminə, hər bir şirkət öz adına hörmət üçün müəyyən fiziki məhdudiyyəti olan şəxslər üçün də imkanlar yaratmalıdır: "Turizm üçün nəzərdə tutlan yerlərdə, otellər və isitrahət mərkəzlərində də əlil arabasında olan şəxsin avtomobildən düşməsi, minməsi üçün də uyğun bir yer olmalıdır. Bəzi parklanma yerlərində belə şəxslər üçün dayanacaq məqsəd ilə ayrıca yerlər də olmalıdır. Otellərin qarşısından tutmuş, liftlərin önünədək olan ərazilərdə də əlil arabalarının hərəkəti üçün imkanlar yaradılmalıdır. Liftlərin qarşısında bunun üçün panduslar olmalı, bundan başqa, otaqlar da yalnız əlil arabasında olan şxəslər üçün deyil, eyni zmanada eşitmə, görmə problemi olanlar üçün də uyğun olmalıdır. Belə şəxslərin bir o qədər çox səyahət etmədiyini nəzərə alsaq, bu otaqların universal olması, yəni həm də eyni zamanda əlillər üçün uyğun olması önəmlidir".

"Azərbaycanda otellərin təsnifat sistemini özündə əks etdirən AZE-S745-2015 adlanan bir sənəd var. Burada biz yalnız 5 ulduzlu otellərdə fiziki məhdudiyyəti olan şəxslər üçün imkanların yaradılması haqda minimal tələb olaraq görürük. Belə çıxır ki, digər otellər ulduz alarkən bu tələb onlar üçün icbari deyil. İri otellərdə isə bu cür şəxslər üçün belə imkanlar yaradılıb. Bu cür şəxslər tərəfindən sifariş olduqda, otellər öz imkanlarını açıqlayırlar.

Lakin kiçik və orta biznes subyektlərində vəziyyət bərbaddır. Bu binaların əksəriyyəti otellər üçün tələb olunan texniki qaydalara cavab vermir. Bu cür problemlər ilkin olaraq bina tikilərkən onun hansı məqsəd üçün istifadəyə veriləcəyinin bəlli olmamasından irəli gəlir.

Öncə binanın ticarət və digər məqsədlə istifadəsi nəzərdə tutulsa da, artıq tikinti işləri yekunlaşmaq üzrə olduqda, binanın otel kimi isitfadəyə veriləcəyi ilə bağlı qərar qəbul edirlər. Hətta yaşayış üçün nəzərdə tutulan binaların da sonradan otel kimi istifadəyə verildiyinin şahidi olmuşuq. Bu da təbii ki, müəyyən çətinliklər, problemlər yaradır. Bəzi hallarda dəhlizlərin ölçüsü də bu cür şəxslər üçün uyğunsuzdur", - deyə S.Dübəndi əlavə edib .

Bəzi şəxslərə əlillik statusu müddətsiz veriləcək

S.Dübəndi bildirir ki, bütün müəssisələrdə fiziki məhdudiyyəti olan şəxslərin rahatlığı üçün qaydalar yaradılmalı və bu da icbari xarakter daşımalıdır: "Fiziki məhdudiyyətli şəxs dedikdə biz yalnız əlil arabasında olanları deyil, görmə, eşitmə problemi olanları da nəzərdə tuturuq. Məsələn, görmə problemi olanlar üçün liftlərdə xüsusi nöqtələr ola bilər ki, görmə zəifliyi olan şəxs bu yolla liftdən istifadə etmiş olsun. Eyni zamanda otelin otaqlarında da bu cür rahatlıqlar təmin olunmalıdır".

Mövzu ilə əlaqədar olaraq fiziki məhdudiyyəti olan şəxslərin də fikirlərini də öyrəndik. Onlardan biri, Azərbaycandan xaricə səfər etmiş Əhməd Heydərov Sputnik Azərbaycan-a açıqlamasında Türkiyədə fiziki məhdudiyyəti olan şəxlsərin üçün müəyyən imkanların yaradıldığını bildirir: "İstanbul bizim fəaliyyətimiz üçün uyğundur. Demək olar ki, İstanbulda olduğum hər yerdə bizim hərəkətimiz üçün şəraitlərin yaradıldığının şahidi oldum. Burada əlil arabasını sürən və fiziki məhdudiyyəti olan şxəslərə tramvaydan, metrodan, muzeylərdən istifadə də pulsuzdur. Azərbaycanda isə bənzər vəziyyəti Milli Xalça Muzeyində görmüşəm, burada həm şərait uyğundur, həm də biz və əlil arabasını sürənlər üçün giriş pulsuzdur".