CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə sistemində innovasiyalar: Ümidlə baxaq, yoxsa ümidimizi üzək?

Vüsalə Musayeva: "Kommersiya məhkəmələrinin yaradılması xüsusilə iqtisadi inkişafın, müstəqil iqtisadiyyatın və eyni zamanda Azərbaycanda investisiya mühitinin gücləndirilməsinə şərait yaradan amillərdən olacaq"
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət edən mütərəqqi məhkəmə-hüquq islahatları həyata keçirilir. Bu sahədə islahatlar ötən il müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçib. Ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülüb. Ötən bir il ərzində sözügedən fərmanın icrasından irəli gələn əhəmiyyətli addımlar atılıb.

Fərmanda da qeyd edildiyi kimi, cəmiyyət üçün çox əhəmiyyətli məsələlərdən biri də cinayət qanunvericiliyi ilə müəyyən edilən cəza siyasətinin humanistləşdirilməsinin yenidən gündəmə gətirilməsidir.

Vəkil Vüsalə Musayeva Sputnik Azərbaycan-a müsahibəsində ötən bir il ərzində fərmandan irəli gələrək görülən işlər və yeniliklər haqqında danışıb. O qeyd edib ki, bu dəyişikliklər cəmiyyətin inkişafı baxımından qaçılmazdır: "Misal üçün əvvəllər talama cinayətləri kateqoriyasında yer tutan əməl (hərəkət və ya hərəkətsizlik), sonradan inzibati məsuliyyət müəyyən edən əməl olaraq qiymətləndirilməklə cinayətlərin dekriminallaşdırılmasında bir xeyli irəliləyişə gətirib çıxarıb. Unutmaq olmaz ki, hər bir cinayətə görə aparılan icraat və inzibati məsuliyyət müəyyən edən əmələ görə aparılan icraat, hansı fərqli resurslardan istifadə deməkdir".

Ədliyyə sistemində innovasiyalar: Ümidlə baxaq, yoxsa ümidimizi üzək?

Vəkilin sözlərinə görə, bu fərmanda cəmiyyətdə xüsusi iqtisadi sferanı əhatə edən sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrin həlli məqsədilə xüsusi ixtisaslaşdırılmış məhkəmələr - kommersiya məhkəmələrinin təşkili nəzərdə tutulub. Bu ixtisaslaşma həmin mübahisələrin mahiyyəti ilə əlaqədardır. Sahibkarlıq fəaliyyəti, xüsusilə də innovativ sahibkarlıq bu gün çox yüksək templə inkişaf edir və hazırda sahibkarlıq fəaliyyəti zamanı elə yeni fəaliyyət növləri meydana gəlir ki, onların hüquqi tənzimlənməsinə cavab vermək üçün kommersiya məhkəmələrinin yaradılması mütləq bir tələb idi.

"Bununla əlaqədar "Məhkəmələr və hakimlər haqqında" qanuna 9 iyul 2019-cu il tarixli qanunla edilmiş dəyişikliyə əsasən kommersiya mübahisələrinə baxılması üçün kommersiya məhkəmələri təşkil edilib. Burada iki məsələni qeyd etmək zəruridir: Birincisi, hakim məhz bu sahənin bilicisinə çevrilir. İkincisi isə hər gün yenilənən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin obyektiv həllində dövlətin iqtisadi marağının olmasıdır. Kommersiya məhkəmələrinin yaradılması xüsusilə iqtisadi inkişafın, müstəqil iqtisadiyyatın və eyni zamanda Azərbaycanda investisiya mühitinin gücləndirilməsinə şərait yaradan amillərdən olacaq", - deyə Musayeva əlavə edib.

Fərmanla həllini tapmasına göstəriş verilmiş digər bir məsələ isə məhkəmə-hüquq sistemində sosial müdafiənin gücləndirilməsi haqdadır. Vəkilin sözlərinə görə, bu, xarici təcrübədə mövcud olan haldır və dəfələrlə Azərbaycanda da bu təcrübənin tətbiqi ilə bağlı çıxışlar olub. İnkişaf, xüsusilə də texnoloji inkişaf o həddə gəlib çatmalı və infrastruktur buna uyğun olmalı idi ki, bu hal da Azərbaycanda tətbiq oluna bilsin.

“Deyilməyənləri dediyinizə görə təşəkkür” – Millət vəkilindən səmimi təbrik

"Fərmanda nəzərdə tutulub ki, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsi hakimlərin və məhkəmə aparatı işçilərinin, məhkəmələrin maddi texniki bazasının möhkəmləndirilməsinə yönəldilsin. Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanunda müəyyən dəyişikliklər edilib, lakin "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərin edilməsi hələ razılaşdırma mərhələsindədir. Yəni, dövlət rüsumlarının müəyyən hissəsinin məhkəmə sisteminin xərclərinə tətbiq edilməsi mexanizmi işlənilir və yəqin ki, bu məsələ tezliklə öz həllini tapacaq", - vəkil bildirib.

Fərmanla verilən tapşırıqlardan biri də Ali Məhkəmə tərəfindən vahid məhkəmə tərcübəsinin formalaşdırılması haqdadır. Vəkil deyir ki, bəzən mahiyyət etibarilə eyni hesab edilən məhkəmə mübahisələrində bəzən fərqli qərarların qəbul edilməsinin şahidi oluruq. Bu isə hüquqşünas və xüsusilə də vəkil üçün çətinliklər yaradır. Çünki vəkil icraatına götürdüyü işin müsbət həllinin real olub-olmadığını daim düşünür və bəzən əvvəlki təcrübəsində müsbət həllini tapmış bir mübahisəyə oxşar mübahisə başqa cür həll olunur. Bu isə fəqli hakimlər tərəfindən maddi və prosessual hüquq normalarının fərqli yanaşma ilə tətbiqindən irəli gəlir. Bu halların qarşısının alınması məqsədilə Ali Məhkəməyə illərdir gözlənilən çox vacib tapşırıq verilib.

DİN vəkilin döyülməsi məsələsinə aydınlıq gətirdi: Hüquqi qiymət veriləcək

Fərmanla həlli nəzərdə tutulan məsələrdən biri də müstəqil ekspert rəyinin məhkəmə tərəfindən işə baxılması zamanı nəzərə alınması və qiymətləndirilməsi ilə bağlıdır. V.Musayevanın sözlərinə görə, bununla əlaqədar olaraq "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanuna müvafiq dəyişikliklər edilib və əvvəllər ancaq məhkəmənin müvafiq qərarı (qərardadı) əsasında ekspertizanın keçirilməsi mümkün idisə, hazırda mübahisə tərəflərinə özlərinin müstəqil şəkildə seçdikləri ekspert şəhadətnaməsinə malik olan subyektlə bağladığı müqavilə əsasında əldə edilən ekspert rəyini aidiyyəti üzrə məhkəməyə təqdim etmək hüququ müəyyən edilib. Əvvəllər mübahisə tərəfləri alternativ ekspertizanın keçirilməsi imkanlarının olmamasından şikayət edirdilər, hazırda isə bu məhdudiyyət aradan qaldırılıb.

Sözügedən sənəddə Məhkəmə-Hüquq Şurasına verilmiş tapşırıqlarda qaynar xəttin yaradılması, qərarların elektron qaydada dərc edilməsi və işlərin avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi təmin edilib. Elektron məhkəmə informasiya sisteminin tətbiqi ilə əlaqər təşkilati işlər həyata keçirilib. Xüsuilə vəkillərin işləri bu baxımdan asanlaşıb.

Vəkillərin hakimlərlə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq

Bu məsələdə Vəkillər Kollegiyasının xidmətlərini vurğulayan V.Musayeva deyib ki, bütün vəkillər heç bir ödəniş olmadan elektron imza ilə təmin ediliblər və artıq vəkil iş yerini tərk etmədən, əlavə vaxt və vəsait sərf etmədən məhkəməyə müraciət üçün sənədləri elektron qaydada təqdim etmək, məhkəmələrin icraatında olan müdafiəsini təşkil etdikləri işlərin hansı mərhələdə olmasını izləmək imkanlarına malikdir. "Hesab edirəm ki, hazırki dövr üçün ən innovativ addım bunu hesab etmək lazımdır. Eyni zamanda, mediasiyanın tətbiqi üçün vaxt yaxınlaşır və bununla bağlı kifayət qədər maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. Qanunla müəyyən edilmiş müddət çatdıqda mediasiyanın tətbiqinə başlanılacaqdır. Hamıya bəllidir ki, mediasiyanın həyata keçirilməsində məqsəd tərəflər arasında məhkəməyədək olan mərhələdə real nəticənin əldə edilməsidir. Bəziləri buna yalnız məhkəmələrin yükünün azaldılması kimi yanaşırlar və ancaq təkcə belə yanaşma düzgün deyil. Burada mediasiyanın barışdırıcı ruhunu anlamaq lazımdır. Həmçinin sözsüz ki, tərəfin məhkəməyə müraciət etmək hüququ da saxlanılır", - deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, fərmanla Ədliyyə Nazirliyinə verilmiş tapşırıqlardan biri də qərarların alternativ icrası mexanizmlərinin öyrənilməsidir. Bu, özlüyündə illərdir müzakirə olunan məsələlərdəndir və bundan irəli gələrək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər görülməkdədir. Bundan başqa, fərmanda məhkəmə hakimlərinə şəffaflıq və qeyri-prosessual münasibətlərə yolverilməzlik tövsiyə edildiyi kimi, vəkillərin də bu tələblərə əməl etmələrinin mühümlüyü nəzərə çatdırılıb.

V.Musayeva fərmanın ictimai əhəmiyyətinə də toxunub: "Azad iqtisadiyyat üçün müstəqil məhkəmə şərtdir. İqtisadiyyat investisiya hesabına inkisaf edir, investor isə gələcəkdə yarana biləcək hüquqi mübahisələrin həllində məhkəmənin müstəqilliyinə inanmasa, investisiya qoyuluşundan imtina edir. Digər tərəfdən, məhkəmə cəmiyyətin güvən yeri olmalıdır. Hər hansı bir hüquqi problemi olarkən vətəndaşda inam olmalıdır ki, məhkəmə ədalətli şəkildə problemi həll edəcək".

Sputnik insanları doğru məlumatla təmin edir: Millət vəkilindən təbrik

Məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, qanunun, ədalətlilik və şəffaflıq prinsipinin təmin olunması da vacibdir. Vəkil deyir ki, bu baxımdan yeni məhkəməyə təsir olmamalı, məhkəmələr azad olmalıdır: "Hakim nə qədər ədalətli olmağa çalışsa da, qanunla müəyyən edilən çərçivədən kənara çıxa bilmir. Şəffaflıq məsələsinə gəldikdə isə, cəmiyyət özü də şəffaf olmalıdır, yaxşıya doğru olan dəyişikliyi hər zaman yuxarıdan, başqasından gözləməməliyik".

Musayeva məhkəməyə müraciətin əlçatanlığından da danışıb: "Heç bir vətəndaş deyə bilməz ki, məhkəməyə müraciət əlçatan deyil. Bəzi vətəndaşlarımız hesab edir ki, qanun hər zaman onarın tərəfində olmalıdır və onlar həmişə haqlıdırlar. Belədə uduzan tərəf hər zaman qarşı tərəfi və məhkəməni günahlandırır. Məhz buna görə də məhkəmə sistemi 3 pilləlidir və hüququnun pozulduğunu hesab edən şəxsin apellyasiya və kassasiya instansiyalarına müraciət hüququ var".

Yaranmış pandemiya şəraitində həyata keçirilən tədbirlər çərçivəsində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması imkanı yaradılıb. Bununla əlaqədar dövlət başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin funksionallığının artırılması üzrə tədbirlər davam etdirilərək, Ədliyyə Nazirliyi tərəfindən Mülki-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla və qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə xüsusi proqram modulu işlənib hazırlanıb.

"Elektron məhkəmə" informasiya sistemində yaradılmış yeni proqram məhsulu vasitəsilə məhkəmə proseslərinin onlayn rejimində video konfrans formasında həyata keçirilməsi, həmçinin iclasın avtomatlaşdırılmış rejimdə audio və video yazılışı mümkündür.

Türkiyədə kütləvi vəkil həbsləri başlayıb

Vətəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrin fəaliyyətində müasir İKT-lərin və innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbrilər davam etdirilir.

Sözügedən fərman əsasında məhkəmələrin və digər orqanların qərarlarının icrasının effektivliyi artırılıb. "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə görülən kompleks tədbirlər çərçivəsində icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun, icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri "ASAN ödəniş" sisteminə uğurla inteqrasiya olunub.

Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir.

Yazı "Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür.