BAKI, 19 may — Sputnik, Natalya Dembinskaya. Mart ayında Rusiya Amerika dövlət istiqrazlarına yatırılan investisiyaları üç dəfə — 12,58 milyard dollardan 3,8 milyard dollara endirdi. Bu, beynəlxalq ehtiyatların bir faizindən azdır. ABŞ-ın xəzinədarlıq kağızlarından dünyanın digər mərkəzi bankları da xilas olur. Niyə investorlar qiymətli kağızlar bazarından qaçırlar? Bu barədə daha ətraflı RİA Novosti-nin materialında.
Təxminən sıfıra qədər
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiyada qalan ABŞ Dövlət istiqrazlarından 3,381 milyard dollar uzunmüddətli, 473 milyon dollar isə qısamüddətli kağızların payına düşür.
Vaşinqtonda qeyd edildiyi kimi, bu, son aylarda ABŞ hökumətinin dövlət borcuna Rusiya investisiyalarının ilk əhəmiyyətli azalmasıdır. Hələ iki il əvvəl Mərkəzi Bank sanksiya çərçivəsində donmaqdan qorxaraq, demək olar ki, bütün qiymətli kağızlar portfelini satmışdı.
2010-2013-cü illərdə Rusiyanın Amerika borcuna yatırımı 170 milyard dollardan çox idi. Moskva qiymətli kağızların ən böyük sahibləri sırasına daxil idi. Lakin 2014-cü ilin aprelində Vaşinqtonun sanksiyalar tətbiq etməsindən sonra Rusiya bu qiymətli kağızlardan yaxa qurtarmağa başladı.
2018-ci ildə Mərkəzi Bankın həyata keçirdiyi iri miqyaslı hərrac nəticəsində Amerika istiqrazları portfeli iki dəfə kiçilib. Beynəlxalq ehtiyatlarda Amerika qiymətli kağızlarının payı minimuma endirilib. Azad edilmiş vəsaitləri isə Mərkəzi Bank qızıla, həmçinin avro və yuana köçürüb.
Ümumdünya Qızıl Şurasının (WGC) hesablamalarına görə, ötən il dünyanın mərkəzi banklarının balansında qiymətli metalın həcmi 651 ton artıb. Bu, 1971-ci ildən, yəni Birləşmiş Ştatların qızıl standartından imtina etdiyi zamandan bəri maksimum göstəricidir. 2019-cu ildə qiymətli metalın ən iri alıcısı Rusiya olub. Rusiya Mərkəzi Bankı qızıl ehtiyatlarını 159 ton — yəni 2270,56 tonadək (73 milyon unsiya) artırıb.
Hər şeyi satıblar
Amerikanın borcundan yalnız Rusiya imtina etmir. Birləşmiş Ştatların Maliyyə Nazirliyinin statistikasından göründüyü kimi, martda xarici investorların — həm özəl, həm də dövlət sərmayəçilərinin – Amerikanın qiymətli kağızlardan imtinası görünməmiş həddə çatıb.
Bir ay ərzində xarici investorlar 256 milyard dollarlıq qiymətli kağızdan yaxa qurtararaq, ümumi portfeli 6,81 trilyon dollara endiriblər.
Amerika iqtisadiyyatının ən iri kreditorları olan 33 ölkədən yalnız Yaponiya (3,4 milyard), İsveçrə (1,3 milyard), Tayvan (4,1 milyard), Filippin (1,3 milyard) və Avstraliya (1,8 milyard) investisiya yatırıblar.
İnkişaf etməkdə olan ölkələrin mərkəzi bankları da ABŞ istiqrazlarını aktiv şəkildə satıblar – koronavirus böhranı fonunda düşən milli valyutaları dəstəkləmək üçün onlara dollar tələb olunub.
Düşməkdə olan neft-qaz büdcə gəlirlərini və "URALS" kotirovkalarının azalmasını kompensasiya etmək üçün Rusiya Bankı da martın əvvəlindən Moskva birjasında 6,6 milyard dollar satıb. Statistikadan göründüyü kimi, Mərkəzi Bank ilk növbədə qısamüddətli ABŞ istiqrazlarından yaxa qurtarıb: bu istiqrazlara yatırımlar 17 dəfədən çox azalıb.
Səudiyyə Ərəbistanı ən iri satıcı olub – krallıq 25,3 milyard dollarlıq qiymətli kağızlardan imtina edib. Braziliya və Hindistanda göstəricilər bir qədər azdır — müvafiq olaraq 21,5 və 21 milyard dollar.
Vaşinqton üçün bunun nəticəsi yaxşı olmaycaq, çünki ABŞ-ın yarım trilyonluq büdcə kəsiri əsasən dövlət istiqrazlarının satışı ilə qarşılanır. Analitiklər qeyd edirlər ki, Amerika borcunun satışı rekord və gözlənilməz həddə çatıb. Əvvəlki böhranlarda, məsələn, 2008-ci ildə qiymətli kağızlara tələbat, əksinə, artırdı.
Çap dəzgahı
Xarici sərmayədarların axınının öhdəsindən gəlmək və büdcə kəsirini qapamaq üçün Federal Ehtiyat Sistemi çap dəzgahını tam gücü ilə işə salıb: FED qeyri-məhdud miqdarda kağız aldığını elan edib və yalnız iki ay ərzində balansını 2,9 trilyon dollar artırıb.
İqtisadiyyata iri miqyasda pul köçürmələrinin Amerika valyutasına necə təsir göstərəcəyi aydın deyil. Böhrana qarşı tədbir kimi Federal Ehtiyat Sistemi heç bir şeylə təmin edilməyən dollarları çap edir, onları heç bir qiymətli aktiv almadan və yalnız öhdəliklərini artıraraq paylayır. FED-in balansı 6,42 trilyon dollara yüksəlib – bu, Amerikanın böhrandan əvvəlki ümumi daxili məhsulunun təxminən 30 faizidir.
İri bankların hesablamalarına görə, 2020-ci ildə ABŞ-ın büdcə kəsiri 4 trilyon dollara – yəni İkinci Dünya Müharibəsi dövründən ən yüksək həddə qalxacaq. Federal Ehtiyat Sisteminin balansı isə, analitiklərin fikrincə, koronavirus böhranının bitməsinədək 10 trilyon dollara çatacaq. Bütün bunların, əslində, çap maşınının işinin nəticəsi olması səbəbindən investorlar heç bir şeylə təmin edilməyən valyutadan üz döndərəcəklər.