BAKI, 17 may — Sputnik. “Qəbələ” komandası UEFA reytinqində rekord göstəriciyə imza atıb.
Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 148-ci pillədə qərarlaşıb.
Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda əyalət təmsilçisi 7,500 xala malikdir. Komanda 2015/2016 və 2016/2017 mövsümlərinin hərəsində 2,000 xal, 2017/2018 və 2018/2019 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da "qırmızı-qaralar" əmsalını 7,500-ə çatdırıb.
“Qəbələ” cari mövsümədək heç vaxt 148-ci mövqedə qərarlaşmayıb.
Siyahıya avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını artırıb.
2017-ci ilin yayından klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.
“Qəbələ” UEFA reytinqində
2014/2015 – 2,750 (358-ci yer)
2015/2016 – 5,225 (253-cü yer)
2016/2017 - 7,800 (185-ci yer)
2017/2018 - 5,250 (191-ci yer)
2018/2019 - 6,250 (173-cü yer)
2019/2020 – 7,500 (148-ci yer)