YAZARLAR

Növbəti stansiya, 500-lük Vilyamlar, distant təhsil və Lukaşenkodan tövsiyə

“Taclı bəla” barədə keçmiş zamanda danışmaq, sadəcə, mümkün deyil, hətta növbəti dalğalar da gözləniləndir.
Sputnik

BAKI, 10 may — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Qoşulmama Hərəkatını qoşulmağa çağırmaq

Azərbaycan koronavirusla mübarizədə beynəlxalq miqyasda əlaqələndirici missiya həyata keçirməkdədir. Çində epidemiyanın baş qaldırdığı ilk dönəmlərdə bu ölkəyə tibbi ləvazimatlarla dəstək göstərən ölkəmiz Ümümumdünya Səhiyyə Təşkilatına iki dəfə 5 milyon dollar ianə etməklə qlobal həmrəyliyə dəstəyini əməli addımla ifadə edib. Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Ölkələrinin Əməkdaşlıq Şurasının Zirvə görüşü bu pandemiyaya həsr olunmuş ilk Zirvə Görüşü idi. Ötən həftə yenə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal mübarizədəki rolunun təzahürüdür. Azərbaycan “qlobal cavab” modelini təklif edir və bütün ölkələri həmrəyliyə çağırır. Zirvə Görüşlərində Azərbaycanın ortaya qoyduğu konsepsiyanın əsasını da bu, təşkil edirdi.

"Qara maskalı"larla amputasiya, Bernard Şou və bankla banka arasındakı çətin seçim

500 yaşlı və 500 avroluq Vilyam

Artıq 500 ilə yaxındır ki, dünyanın teatr səhnələrindən düşməyən Vilyam Şekspiri bu günlərdə daha çox yad etdik. Məsələ burasındadır ki, onun adaşı  - İmişli icra hakimiyyətinin Vilyam Hacıyevin tamaşası ingilis yazıçınınkı qədər uzunömürlü olmayacaqsa da, olduqca maraqla qarşılandı. 500 avroluq paçkalar, maşınlar, qadın ayaqqabısı və s. 

Dövlət vilyamları təmizləməyə başlayıb, bu, tamaşa filan deyil, amma kim rolunu düzgün dərk etməyib və dürüst icra etməyibsə, mütləq səhnəyə çıxacaq.

Səhnə işinə baxan nazirlik

Tamaşadan, səhnədən söz düşmüşkən, ötən həftə buna cavabdeh olan nazirlikdə də əməliyyata şahidlik etdik. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldı.

Təbiətin revanşı, Şəki, postneft və ərəblərin şallaqdan imtina etməkliyi...

Əməliyyat həm də onu göstərdi ki, KİV-də və sosial mediada yeni dalğanın icra hakimiyyətlərinə qarşı yönəldiyi barədə qənaət yanlışdır, dövlət şəffaf işləməyən bütün orqanlarda amputasiya əməliyyatları aparacaq.

Növbəti stansiya...

Ötən həftə ölkəmizdə karantin rejiminin yumşaldılması davam etdi. Metronun fəaliyyətinin bərpa olunması ilə bağlı da qərar qəbul edildi və bu qərar onunla izah olundu ki, iş yerlərinin bir çoxunun açılması nəticəsində avtobuslarda sıxlıq yaranır ki, bu da xəstəliyin yayılma riskini artırır. “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov bildirdi ki, əgər sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər. 

Karantin rejiminin sərtləşdirilmə ehtimalı ilə bağlı rəsmi açıqlamalar tez-tez rast gəlməkdəyik. Yəni, “taclı bəla” barədə keçmiş zamanda danışmaq, sadəcə, mümkün deyil, hətta növbəti dalğalar da gözləniləndir – zatən, ötən həftə xəstələrin sayında qeydə alınmış neqativ dinamika da nikbin olmağa imkan vermir. Bir sözlə, növbəti stansiyanın nə olacağı aydın deyil.

Distant təhsil

Pandemiyanın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni çağırışlar yaratdığı aydındır. Bu həftə Təhsil Nazirliyi və DİM rəhbərliyinin iştirakı ilə Operativ Qərargahın mətbuat konransında bir sıra məsələlərə aydınlıq gətirildi. Ancaq suallar əsasən cari məsələlərlə bağlı idi: ali məktəblərə qəbul imtahanı nə vaxt olacaq, necə keçiriləcək, buraxılış imtahanları, ali məktəblərdə semestr imtahanları və s. necə təşkil olunacaq. Ancaq bu sahədə ən vacib, uzunmüddətli dövrdə əhəmiyyətli olacaq məsələlərdən biri də distant təhsilin ölkənin bütün təhsil ocaqlarında fundamental şəkildə təşkili ilə bağlıdır. İxracyönümlü siyasətin prioritet olduğu indiki dönəmdə niyə də universitetlərimiz distant təhsilin ixracı ilə məşğul olmasınlar?!

Şərqdən yayılan bəla, Bakıda “Formula” həyəcanı, Seyidlər bağı və xaş məclisi...

Repetitor və kurslar üçün yeni mərhələ

Belə görünür ki, təhsil sahəsinin daha bir istiqamətində yeniliklər müşahidə edəcəyik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Jalal-İ” tədris mərkəzində yoxlama aparıb. İstintaqla mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Rəsmi məlumatın detallarına varmadan deyə bilərik ki, artıq repetitorlar və kurslar üçün də yeni mərhələ başlayır. “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə bu sahədən də yan keçməyəcək, bir VÖEN-lə, işçiləri rəsmiləşdirmədən şirkət sahibi olmaq dövrü geridə qaldı.

Bir ay səbr edin

Həftənin ən yaddaqalan açıqlamalarından biri isə Belarus prezidenti Aleksandr Lukaşenkodan gəldi. “COVİD-19”la bağlı əhaliyə xəbərdarlıq edən prezident, kişilərə başqa qadınlarla öpüşməməyi tövsiyə edib. Lukaşenko kişilərə, “bir ay səbr edin” deyib. “Bir kişi bir qadını öpübsə, onunla davam etsin. Başqa qadınlarla təmasda olmasın. Bir ay səbr etsin” deyə prezident bildirib.

İnsafən, Belarus prezidenti humanist mövqe nümayiş etdirib, həqiqətən bir ay nədir ki…