TƏHLİL

"Qara maskalı"larla amputasiya, Bernard Şou və bankla banka arasındakı çətin seçim

Ancaq istənilən halda, bu cür hallar əhalidə banklara qarşı inama mənfi təsir edir. Vətəndaş əlindəki ehtiyat pulu banka qoymaq əvəzinə evdə bankaya qoyur.
Sputnik

BAKI, 4 may — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Vaksin - biznes layihə

Astek mədəniyyətində yarasalar ölüm və şərin rəmzi kimi qəbul edilib. Eyni yanaşma bir sıra başqa sivilizasiyalarda da mövcud olub. Əgər koronavirusun həqiqətən də yarasadan insana keçərək bütün dünyaya yayıldığı təsdiqlənsə, bu halda, bu alaqaranlıq və gecə quşuna münasibət bir az da monotonlaşacaq.

Təbiətin revanşı, Şəki, postneft və ərəblərin şallaqdan imtina etməkliyi...

Beləliklə, ötən həftənin də əsas mövzusu koronavirus oldu! İnfeksiyaya yoluxanların sayı 3,5 milyona, ondan ölənlərin sayı isə 250 min civarına yaxınlaşdı.

Vaksin axtarışları isə davam edir: ABŞ, Çin, Britaniya, Almaniya bu mənada xüsusi fəallıqla çalışırlar. Şübhəsiz, belə bir dərmanın tapılması ölkəyə, onu tapan şirkətə miqyassız dividendlər gətirəcək: birincisi, bu, siyasi nüfuz, imic məsələsidir, ikincisi isə milyardlarla dollar. Təbii ki, vaksin artıq qlobal miqyasda biznes layihəyə çevriləcək, dövlətlər onu almaq üçün sıraya düzüləcək. Bu vaksinin içərisində "çip"lərin olacağı ilə bağlı informasiyalar isə zəif məntiqli hekayələrdir. Hər birimizin əlindəki telefonlar, lazım gəlsə, bu funksiyanı yerinə yetirə bilər.

"Qara maskalı"larla amputasiya

Həftənin ən çox müzakirə olunan hadisəsi DTX-nın Biləsuvar icra hakimiyyətində keçirdiyi əməliyyat idi. İcra başçısı Mahir Quliyev xidməti otağında növbəti dəfə rüşvət alarkən həbs edildi.

Şərqdən yayılan bəla, Bakıda “Formula” həyəcanı, Seyidlər bağı və xaş məclisi...

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara görə Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxsləri də saxlanıldı.

Sosial şəbəkələrdə bu əməliyyatların böyük rəğbət, sevinc hissi ilə qarşılanması, "qara maska"lı oğlanın sevimli obraza çevrilməsi onu göstərir ki, bu, sosial sifarişdir və dövlət başlanmış islahat prosesinə mane olan "nahiyələri" amputasiya etməyə davam edəcək.

İslahatlar da həmçinin...

Ötən həftə Baş Prokuror Zakir Qaralovu bu vəzifədə Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev əvəzlədi.

Prezident İlham Əliyev Kamran Əliyevi videoformatda qəbul edərkən olduqca mühüm mesajlar da verdi. Dövlət başçısı islahatların bütün sahələrdə davam edəcəyini açıq mətnlə ifadə etdi, eyni zamanda bildirdi ki, hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var.

Kembric alimləri, "jurnalistliyə" qurşanmış məktəb direktoru, bizim Söylü və...

Dövlət başçısının "Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir" fikrindən aydın olur ki, biz yeni-yeni maraqlı əməliyyat videoları görəcəyik.

Narkotacirlər

Ötən həftə Biləsuvarda daha bir əməliyyat oldu. Bu dəfə beş narkotacir ələ keçdi. Oxşar əməliyyatlar Lənkəran, Cəlilabad rayonlarında da müşahidə edildi.

Belə təəssürat yaranır ki, "qara maskalı"lar "molla gəlmişkən ölən ölsün" deyib içəri aparılmalı olan hamı ilə məşğul olublar.

Davam edir karantin, daha yumşaq, daha...

Ölkəmizdə karantin rejimi bəzi yumşaldılmalar edilməklə mayın 31-dək uzadıldı. Hər bir böhran həm də fürsətdir. Asudə vaxtın səmərəli istifadəsi indiki #Evdəqal rejimində özünüinkişaf üçün fürsət ola bilər. Məktəblilər, tələbələr bu fürsətdən istifadə edə bilər. Yaxşı kitablar, məqalələr, sənədli filmlər, filmlər tapmaq, "artırmaq" olar. Bernard Şounun maraqlı bir replikası var: "Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə, təhsilimə ara verdim".

Odur ki, hər şeyi məktəbdən, universitetdən gözləmək yanlışdır. Təhsildə "özünəxidmət" bu gün qaçılmazdır. Karantin elə böyüklər üçün də fürsət idi. Yeni çağırışlara uyğunlaşa bilmək, dəyişikliklərə adaptiv olmaq üçün yeni bacarıqlar mənimsəmək tələb olunur. Mütəfəkkirlərdən kiminsə belə bir fikri var: "XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, yenidən öyrənməyi bacarmayanlardır".

Şərqdən yayılan bəla, Bakıda “Formula” həyəcanı, Seyidlər bağı və xaş məclisi...

Pulu banka, yoxsa bankaya qoyaq?

Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-yə müvəqqəti inzibatçılar təyin olundu. Bu bankların faktiki müflis olmaları demək idi.

Bundan cəmi bir gün sonra həmin banklardan ikisinin - "Atabank" ASC-nin və "Amrah Bank" ASC-nin lisenziyaları ləğv edildi.

Doğrudur, hər iki bank Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən tam ödəniləcək. Ancaq istənilən halda, bu cür hallar əhalidə banklara qarşı inama mənfi təsir edir. Vətəndaş əlindəki ehtiyat pulu banka qoymaq əvəzinə evdə bankaya qoyur.

Xatırladaq ki, bu banklardan birinin şüarı bu cür səslənirdi: "Bir addım öndə".

Qənaət vaxtıdır!

Ötən həftə Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində qoyulan beton arakəsmələrin sökülməsinə başlanıldı. Səbəb odur ki, beton arakəsmələr 10-dan çox qəzaya səbəb olub. Eyni zamanda, nəqliyyat ekspertləri və digər aidiyyəti qurumlar bunun fəsadlara səbəb olacağını bildirib.

Sadə sual yaranır: görəsən, bu beton arakəsmələr düzülməmişdən öncə ekspert fikirlərini, bundan öncəki təcrübələri, beynəlxalq təcrübəni araşdırmaq olmazdımı?! Cari xərclərdə qənaətin indiki halda nə qədər əhəmiyyətli olduğu ilə bağlı dövlət başçısının səsləndirdiyi tələbi yəqin ki, bu qərarı qəbul etmiş müvafiq qurumda da eşitməmiş deyillər.