CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizmçilər karantindən sonraya hazırlaşır: yerli turistləri xaricə getməyə qoymayacaqlar

Müzəffər Ağakərimovun sözlərinə görə, turizm mövsümünə hazırlıq işlərinin sürətləndirilməsinə ehtiyac var.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Turizm səyahətlərinin koronavirusa görə təxirə salınmasından sonra qarşıdan gələn mövsümdə ölkə daxilində bu sahənin canlanacağı qaçılmazdır. Bəs görəsən, Azərbaycanın turizm obyektləri artan tələbata cavab verə biləcəklərmi?

Azərbaycan Turizm Bürosunun (ATB) baş direktor müavini Bəhruz Əsgərov Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, turizm məkanlarının daxili turizmə tələbatı tam ödəyə bilməsi üçün müvafiq tədbirlər görülür: “Burada, özəl sektorla əməkdaşlıq və dialoq çox vacibdir. Turizm sənayesinin müxtəlif iştirakçıları ilə əlaqədəyik. Əminliklə deyə bilərik ki, yerli turistlərin Azərbaycanı tərk etmədən maraqlı və unudulmaz səyahəti üçün tam şərait yaradılacaq”.

Turizm cənnəti cəhənnəmə dönüb – Xərclər 96 faiz azalıb

Global Web Index-in araşdırmasına görə, artıq 50%-ə qədər turist məcburiyyət qarşısında və ya digər səbəblərdən səyahətlərini təxirə salıblar. Əsgərovun dediyinə görə, bu tendensiya Azərbaycandan da yan keçməyib. 2020-ci ilin yanvar və fevral aylarında ölkəyə gələn turist sayında artım müşahidə edilsə də, mart ayından etibarən qlobal situasiya - sərhədlərin bağlanması, uçuşların təxirə salınması səbəbindən bu say azalıb.

“Azərbaycan Turizm Bürosu olaraq biz bu situasiyadan daha güclü çıxmaq üçün dördmərhələli bərpa proqramı hazırlamışıq, daxili turizmə diqqət və dəstəyi prioritet kimi dəyərləndirmişik. İnanırıq ki, hotel və mehmanxanalar, iaşə obyektləri, istirahət və əyləncə mərkəzləri, eləcə də digər turizm obyektləri artan tələbata tam şəkildə cavab verə biləcək. Bunu təmin etmək üçün hal-hazırda müxtəlif layihələr həyata keçiririk. Bunlardan biri də daxili turizmi təbliğ etmək məqsədilə yaradılmış “Macəra yaxındadır” kampaniyasıdır”, - deyən Əsgərovun sözlərinə görə, kampaniya çərçivəsində yerli turistlər turizm şirkətləri və hotellər tərəfindən təqdim olunmuş zərflərdən yararlana biləcək.

ATB nümayəndəsi onu da qeyd edib ki, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyası mütəmadi olaraq müxtəlif tərəfdaşlarla görüşlər keçirir, onların tələb və ehtiyacları barədə məlumat alırlar. Eyni zamanda, pandemiyadan zərər çəkmiş turizm sahəsində fəaliyyət göstərən biznes və sahibkarlara da dövlət tərəfindən dəstəyin göstərilməsinə qəbul verilib. Bu da yaranacaq tələbatın qarşılanmasına müsbət təsir göstərəcək.

Koronavirusun zərər vurduğu turizm necə özünə gələcək – ekspert şərhi

Mart ayında ictimaiyyətə təqdim olunmuş “Macəra yaxındadır” kampaniyasından da bəhs edən Bəhruz Əsgərovun sözlərinə görə, burada əsas məqsəd daxili turizmin təbliğatını aparmaq, yerli əhali arasında ölkənin turizm imkanlarını təşviq etməkdir. Kampaniyanın veb-səhifəsində müxtəlif yerli turizm şirkətlərinin və hotellərin təqdim etdiyi turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniyaya bütün yerli şirkətlər qoşula bilər.

Həmsöhbətimiz burada azbüdcəli turistlərin də imkanlarının nəzərə alınacağını deyib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gəlmə və getmə turizmi indi çox ağır dönəmdən keçir. Ona görə də turizm mövsümünə hazırlıq işlərinin sürətləndirilməsinə ehtiyac var. Onun fikrincə, bunun üçün bütün turizm şirkətləri güclərini birləşdirməlidir.

"Turizm şirkətləri öz biznes planlarını hazırlamalıdır ki, dövlət kiçik və orta sahibkarlığa dəstək versin. Turizmin çökməsinə imkan vermək olmaz. Kənd yaşıl turizminin inkişafı üzərində də iş aparmaq lazımdır. Monitorinq aparılmalı, otel və istirahət zonalarının sayı, nömrə fondu müəyyən olunmalıdır. Bundan sonra həmin istirahət məkanlarında qiymətlərin daxili turistlərin büdcəsinə uyğunluğu araşdırılmalıdır”, - deyən Ağakərimov qeyd edib ki, turistlərin istirahət etməkdən çəkinməməsi üçün otellərdə dezinfeksiya tədbirləri görülməlidir.

“Bütün bunlar cəld və çevik həyata keçirilməlidir. Mövsüm başlayanadək turizm potensialı olan bütün bölgələrdə daxili turistlərin tələbatına cavab verən sayda otellər, yerləşmə yerləri inşa edilməlidir. Çalışmalıyıq ki, daxili turistlərimiz xaricdə xərclədikləri pulu ölkəyə yönəltsinlər”, - deyə Ağakərimov əlavə edib.