YAZARLAR

Karantinin üzə çıxardığı həqiqətlər: Biz hələ çox şeyi kəşf edəcəyik

Karantin ilk növbədə o həqiqəti üzə çıxardı ki, insan bütün məkanlarda və bütün zamanlarda emosional, sentimental varlıqdır
Sputnik

BAKI, 22 aprel — Sputnik. İl 2020, mart və aprel ayları. Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Konsertlər, idman yarışları, festivallar və başqa kütləvi tədbirlər təxirə salınıb. Teatrlar və kinoteatrların, restoranların, kafelərin, gecə klublarının, ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Dəyişən dəyərlər, yeni reallıq və "internet insanı"

Üzr istəyirəm. Öz sözümə özüm çaşdım. Teatrların fəaliyyətinin dayandırıldığını qeyd etdim, amma bu, bir az mübahisəli məsələdir. Çünki mən ölkəmizdə teatrların fəaliyyətinin çoxdan, lap çoxdan dayandırıldığını bilirəm. Sadəcə, qapısına kilid vurmaq yaddan çıxmışdı, o da vuruldu.

Hamının yeganə ümid yeri sosial şəbəkələrdir. Siyasi elita “Twitter”də, fikir adamları “Facebook”da, görüntü aludələri “Instagram”da, həyatı keçilməsi məcburi olan zaman kəsiyi kimi tezbazar ötürməyə çalışanlar “TikTok”da toplaşıblar. Bunların da heç biriylə işim yoxdur. Hər kəs öz yerində xoşbəxtdir.

Əvvəlcə, sosial şəbəkələrdə gördüm ki, qiraət sənəti dəb olub. Heç şeir səsləndirməyən aktyorlar, aktrisalar da, lap həvəskarlar da şeirlər səsləndirib paylaşırlar. Daha sonra telekanalların da şeir rubrikalarına, qiraət süjetlərinə rast gəldim. Öləziyən peşə idi, karantin dövründə xeyli dirçəldi.

Karantin ilk növbədə o həqiqəti üzə çıxardı ki, insan bütün məkanlarda və bütün zamanlarda emosional, sentimental varlıqdır. Əgər onun əlindən müasir həyatın texnoloji intizamı, gündəlik rejimi alınarsa, duyğulara yenik düşər və bütün emosionallığı ilə sənətin lirik-romantik növlərinə ehtiyac duyrar. Bunu sosial şəbəkə istifadəçilərinin paylaşdığı romantik mahnılardan, film və seriallardan, şeirlərdən, adicə statuslardan da görə bilərik. Karantin dövründən əvvəl adama elə gəlirdi ki, insanlar duyğularını, hislərini itirib, tamamilə məntiq və əzbərlənmiş hərəkətlərlə yaşayır.

Bu məqamda film və serialların da müasir həyatımızdakı yerinin mühümlüyünü müəyyən etdik. Hamının film və seriallardan ibarət tövsiyə siyahısı var və xeyli insan izləmək üçün öz zövqünə və dünygörüşünə uyğun film və serial tapmaqda çətinlik çəkir. 

"Koronavirusun yuvasını tapmışam". Gürcüstanlı gənc Saakaşvili kitabxanasına od vurdu
Mən yerli film və serial sektorundan, ümumiyyətlə bəhs etmək istəmirəm. Lakin karantin rejimi bizə göstərdi ki, dünya kinosu da hələ müasir insanın həyat şərtlərinə uyğunlaşa bilməyib və müasir insana xitab etməyi bacarmır. Daha dəqiq desək, ən yeni dövrün insanı üçün əhəmiyyətli və maraqlı olan kino nümunələri çox azdır.

Karantin dövrünün üzə çıxardığı bir başqa həqiqət də odur ki, biz bütün növ texnoloji inqilablara rəğmən, kağız kitaba möhtacıq. Elektron kitablar bir yerə qədər işimizə yarayıb ehtiyaclarımızı təmin etsə də, evimizin kağız kitablarla dolması çox vacib şərtlərdən biridir. Bu gün bir virus səbəbi ilə bütün dünya 2 aylıq evinə məhkum olubsa və bu 2 aylıq məhkumluq zamanı insanlar texnologiyadan bezir, yorulur, ziyan görürsə, gələcəyin hər hansı kürəsəl fəlakəti bizi illərlə evimizin içində oturmağa məcbur edə bilər, üstəlik, belə bir fəlakət texnoloji rahatlığımızı, internet rifahımızı da əlimizdən ala bilər. O səbəbdən kağız kitab oxumağa vərdiş etməli, evimizi maraqlı kitablarla doldurmalı, belə məhkum vəziyyətlərdə onları oxumaqla biliklərimizi, dünyagörüşümüzü genişləndirməli, yeni həyata qədəm qoyduqda həmin bilikləri, yiyələndiyimiz yeni fikirləri yeni həyatımıza tətbiq etməyi bacarmalıyıq.