BAKI, 23 aprel — Sputnik. ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqatlar Bürosunda koronavirusun süni mənşəli olduğuna dair sübutlar yoxdur. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə büronun rəhbəri, dövlət katibinin köməkçisi Ellen Makkarti bildirib.
"Bütün dünya üzrə alimlər koronavirusun genetik ardıcıllığını öyrəniblər... Onun layihələndirilməsinə və ya hər hansı bir şəkildə yaradıldığına dair heç bir dəlil yoxdur", – Makkarti deyib.
Bəyanat "Kəşfiyyat və Milli Təhlükəsizlik Alyansı" qeyri-hökumət təşkilatının vebinarı zamanı səsləndirilib.
ABŞ Müdafiə Nazirliyi də koronavirusun laboratoriyada hazırlana biləcəyinə dair şübhələr ifadə edib. ABŞ Silahlı Qüvvələri Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Mark Milli bəyan edib ki, qurum yeni koronavirusun təbii mənşəyinin olması haqqında versiyaya inanır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusun yayılmasını pandemiya elan edib. Son məlumatlara görə, dünyada artıq 2,47 milyondan çox yoluxma faktı qeydə alınıb, 169 mindən çox insan dünyasını dəyişib.