Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 aprel — Sputnik. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə işsiz şəxslərə pandemiya dövründə verilən 190 manat birdəfəlik ödəmənin pay torpağı olan şəxslərə də aid edildiyi barədə məlumatlar yayılır. Hətta Facebook sosial şəbəkə istifadəçiləri arasında onlara pay torpaqları olduğu halda 190 manat verildiyini iddia edənlər də var. Məlumatlara görə, ölkə prezidenti İlham Əliyevin işsiz şəxslərə verilən 190 manatın 600 min insanı əhatə etməsi ilə bağlı tapşırığından sonra birdəfəlik ödəmənin verilmə şərtləri yumşaldılıb. Sputnik Azərbaycan həssas dönəmdə yayılan bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılan bu məlumatlar tam əsassızdır: "Əgər kiməsə pay torpağı olduğu halda 190 manat birdəfəlik ödəmə edilibsə, bizə o məlumatı yönəltsinlər, araşdıraq. Bu tam əsassız məlumatdır. 190 manat yalnız işsiz şəxslərə verilir. Pay torpağı olanlar isə Məşğulluq haqqında qanuna görə, gəliri olan kateqoriyasına aiddirlər. Onlar 15 ildir ki, torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddırlar. Dövlət tərəfindən onlara 6 cür subsidiya dəstəyi göstərilir. 190 manat yardım isə ancaq ailədə dövlətdən heç bir müavinət, maaş, pensiya almayan, gəliri olmayan işsizlərə verilir. Bu yardım onların minimum ərzaq ehtiyaclarını ödəmək üçündür. Çox təəssüf ki, həssas bir dövrdə yalan məlumat yayaraq insanları çaşdırmaq istəyənlər var. Biz bu cür məlumatları araşdırmağa hazırıq. Kim pay torpağı olan şəxslərə 190 manat birdəfəlik ödəmə ayrıldığını iddia edirsə, bizə yönəltsin, o məlumatı araşdıraq. Heç bir halda bu mümkün deyil".
Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli də deyib ki, birdəfəlik ödəmənin alınması üçün iki əsas meyar var: "İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin (190 manat) verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur. Birincisi meyar ondan ibarətdir ki, vətəndaş işsiz statusuna uyğun gəlməlidir. 190 manatlıq birdəfəlik vəsaiti almaq üçün ikinci əsas meyar isə odur ki, ailədə ər və ya arvad dövlətdən hər hansı bir digər ödənişləri (pensiya, müavinət, təqaüd və digər bənzər ödənişlər) almamalıdır. Müraciət edən şəxslər bu iki meyardan keçərlərsə, onlara 190 manatlıq birdəfəlik vəsait təyin olunur və ödənilir".
Məlumat üçün qeyd edək ki, aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilir.