CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kembric alimləri, "jurnalistliyə" qurşanmış məktəb direktoru, bizim Söylü və...

Xüsusi karantin rejimində media nümayəndələrinin sərbəst hərəkətinə icazə verilməsi bəzi işbazlar üçün fürsət kimi göründü.
Sputnik

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Hamımız yoluxacağıq?

Koronavirus kataklizmi davam edir. Bəzi mütəxəssislər hesab edir ki, dünya əhalisinin 60-70 faizi bu xəstəliyə yoluxacaq. Bir başqaları isə təşvişə əsas görmürlər, - onlar bunu Salam Sarvanın "Darıxma, düzəlməyəcək" fəlsəfəsinə uyğun - "hər kəs bu xəstəliyə yoluxacaq və insan orqanizmi bir müddət sonra (?!) bu virusa qarşı immunitet yaradaraq onu təbii yolla məhv edəcək" nəzəriyyəsi ilə izah edirlər. Ötən həftə dünyada virusla tanış olanların sayı 2 milyona yaxınlaşdı. Və ən həyəcanlandırıcı məlumatlardan biri budur: Kembricdən olan tədqiqatçılar dünyada üç növ koronavirusun yayıldığını elan etdi, bununla da kifayətlənməyərək koronavirusun mutasiyasının davam etdiyini vurğudılar.

Deyəsən, o qız Allaha hər şeyi danışıb...

Maska həyəcanı

Sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan məsələlərdən biri apteklərdə maska axtarışları ilə bağlı idi. Elə məhz ötən həftə ölkəmizdə maska istehsalına başlanılması bu mənada həyəcanı azaltdı. Sumqayıtda işə başlayan yeni müəssisədə artıq istehsal başlayıb və yaxın günlərdə biz həmin müəssisənin məhsullarını apteklərdə görəcəyik. Bu istehsal ölkəmizə yerli tələbatı ödəməklə yanaşı, ixrac imkanları yaradacaq. Göründüyü kimi, böhran bəzən fürsətə çevrilir: ixrac zənbilimizə daha bir məhsul əlavə edirik.

İtkilərsiz mümkün olmayacaq, amma...

Bir sıra mütəxəssislərin fikrincə, koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər iki ildə 5 trilyon dollardan çox olacaq. Hesab olunur ki, qlobal ÜDM əvvəlki səviyyəyə 2021-ci ilin üçüncü rübündə qayıdacaq. İnkişaf etməkdə olan ölkələrdə isə bu, 2022-ci il üçün mümkün olacaq.

Sükut, fasilə, sanksiyalar və... "Dünyanın xoşbəxti mənəm dünyada"

Azərbaycan makroiqtisadi tənzimləmələr, eləcə də postkarantin dövründə iqtisadi sabitliyin sürətli bərpası və sosial məsələlərin həllinə hesablanmış proqramların icrasına başlayıb. Sahibkarlara dövlət dəstəyinin verilməsi, işsizlər və muzdla çalışanlar üçün yardımların ayrılması və s. bu proqramın tərkib hissəsidir.

Ancaq biz də öz məsuliyyətimizi dərk etməli, hamımızın eyni gəmidə olduğumuzu anlamalıyıq. Virusa qarşı hələlik yeganə çarə - izolyasiyadır. Qaydalara riayət etməklə biz bütün bəşəriyyətin xilasında iştirak edə bilərik. Bəşəri missiya yəqin ki, heç vaxt bu qədər sadə olmayıb... Sonra "normalnı oturarıq".

Jurnalist vəsiqəsi yeni dəyərdə

Xüsusi karantin rejimində media nümayəndələrinin sərbəst hərəkətinə icazə verilməsi bəzi işbazlar üçün fürsət kimi göründü. Belə ki, ölkənin ayrı-ayrı yerlərində xeyli vəsiqəlilər saxlanıldı - hansı ki, KİV orqanlarının saxta sənədlərini hansısa yollarla əldə ediblər. Əslində, media orqanlarının adlarına baxdıqda da yolun hansı yol olduğunu ehtimal etmək olur. Məsələn, "Siyasət və Gerçək Uğur". Ancaq son plan gerçək uğura aparmadı...

Ən yaddaqalan "vəsiqə əməliyyatları"ndan biri məktəb direktoru ilə bağlı idi. Bəli, hətta məktəb direktoru - Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov "Muğan-Şirvan" qəzetinin baş redaktorunun 1-ci müavini kimi saxlanılıb. İndi həmin məktəbin özündə də saxta sənədlər axtarılacaq yəqin ki... Sahib olduğunuz məktəb direktorluğu dura-dura bu vəsiqə sizə lazım idimi, Sahib müəllim?!

Vəfasız neft, üzərlik, mərc oyunları və zalım fələk

Media sahəsində yeni dövr

Ölkədəki islahatlar dalğası hər hansı formada mediada, ona olan münasibətdə də özünü göstərməli idi. Ayrı-ayrı məmurların sifarişini yerinə yetinən KİV-in heç bir perspektivi görünmür. Bu məsələyə ölkədə ən ali səviyyədə də bir neçə dəfə münasibət bildirilib. Müstəqil, kənar qüvvələrdən asılı olmayan, peşəkar dövlətçilik maraqlarına uyğun fəaliyyət göstərən media bu gün həm də təhlükəsizlik məsələsi kimi görünür.

Ötən həftə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu, eləcə də Milli Teleradio Şurasının sədri postlarındakı dəyişiklik məhz bu baxımdan şərh oluna bilər.

Həftənin hakeri

Həftənin ən yaddaqalan gənci Nail oldu. Belə ki, o, ərzaq almaq üçün "8103" xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Bu, hələ hamısı deyil - N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və "Whatsapp" qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb. Ax, yeniyetmə hormonları...

İstedadları düzgün istiqamətdə idarə etmək tələb olunur. Parlaq gənclik üçün yaxşı nümunələr lazım olacaq - bizdə, belə nümunələr var, saxta vəsiqə əldə etmiş məktəb direktorunun nümunəsinə fikir verməyin...

Pandemiya, köhnə qlobalizm, neft və metrodakı maska alverçisi

Bizim Söylü

Həftənin ən yaddaqalan açıqlamalarındna birini xalq artisti Afaq Bəşirqızı verdi: "Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa "novostroyka"nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bu günə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur... "Novostroyka"nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır…"

Söylü də kəndçi idi... xalq onu saflığına, sadəliyinə, sadəlövhlüyünə görə sevdi. Elə Bəşir Səfəroğlu da köylü idi. Xalq onu da sevir... kəndlisi də sevir, şəhərlisi də... Deyilənlərdə həqiqət payı da var, bəlkə... Amma bütün həqiqətləri bu qədər tünd boyalarla təqdim etmək indiki günlərdə lazım idimi? Bir də axı hamımız kəndçiyik, insan nəsli şəhərdə yaranmayıb, genetik kodlarımız kəndə bağlıdır, sivilizasiyanın tarixi cəlbedici meqapolislərdə başlamayıb... Siz də içinizdə inanmaq istəmirsiniz ki, Afaq Bəşirqızı bu sözləri deyə bilməz, deyilmi?!