CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil almağa tələsməyin, nə təzəsini, nə də köhnəsini

Hazırda vətəndaşlar internet üzərindən avtomobillərini satmağa çalışsalar da, aparılan təhlillər zamanı məlum olub ki, bəzi elanlarla son 1 ay ərzində maraqlanan olmayıb.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Ölkədə koronavirusla bağlı xüsusi karantin rejimi tətbiq edildikdən sonra bir çox sahələrin fəaliyyəti dayandırıldı.

Bu, bütün sahələrdən, eləcə də avtomobil bazarından yan keçməyib. Hazırda avtomobil bazarında durğunluq müşahidə edilir. Karantin rejimi ilə bağlı vətəndaşlar da avtomobillərini onlayn şəkildə satmağa çalışırlar.

Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edir ki, hazırda vətəndaşlar internet üzərindən avtomobillərini satmağa çalışsalar da, aparılan təhlillər zamanı məlum olub ki, bəzi elanlarla son 1 ay ərzində maraqlanan olmayıb. Bəzi elanlarla maraqlananlar olsa da, satış baş tutmayıb. Çünki vətəndaşlar vəziyyətlə əlaqədar olaraq, qənaət etməyə çalışırlar.

Ekspert həmçinin qeyd edib ki, Dövlət Yol Polisi İdarəsində qeydiyyat prosesləri müvəqqəti olaraq dayandırılıb: "Ötən gün açıqlama verildi ki, onlayn qaydada sənədləri göndərib növbəyə yazılmaq lazımdır. Bununla yanaşı, vətəndaşların çox hissəsi qeydiyyat xərcləri baha olduğu üçün avtomobil alarkən etibarnamə ilə almağa çalışırlar ki, xərcləri az çıxsın. Notariuslar işləmədiyi üçün bu da avtomobil bazarına təsir edir".

Muradlı bildiriib ki, bu fonda bazarın yenidən dirçəlməsi üçün 6 ay - 1 il lazım olacaq: "Belə vəziyyətdən çıxmaq heç də asan deyil və bu qısa müddətdə baş verməyəcək. Bu baxımdan düşünürəm ki, avtomobil almaq istəyənlər yenidən 2-ci əl avtomobillərə üstünlük verəcək. Karantin dönəmindən əvvəl avtomobil alanlar 10-20 min manatlıq ikinci əl avtomobillərə üstünlük verirdilərsə, karantin dönəmindən sonra daha ucuz, 8-15 min manatlıq avtomobillərə üstünlük veriləcək. Çünki indi hamı öz sağlamlığını, ailəsini düşünür. Avtomobil almaq marağında olanlar da artıq fikirlərindən daşınıb. İndi çox az adam var ki, avtomobil almaq üçün karantin dönəminin bitməsini gözləyir".

Evdən çıxmağa icazəsi olan şəxslərin avtomobilləri də yoxlanacaq

Yol-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə koronavirus təhlükəsi ilə bağlı bütün sahələrdə olduğu kimi avtomobil satışı bazarında da sakitlikdi.

"Hazırda rəsmi dilerlərdə, avtomobil salonlarında satış yoxdur. Bir çox şirkətlər tərəfindən onlayn satışlar keçirilir. Bu da çox azdır", - deyən ekspert ikinci əl avtomobil bazarında da satışın olmadığını deyib.

Onun fikrincə, vətəndaşlar internet saytlarda avtomobilləri bəyənirlər və s. Bu kimi proseslər aparılır. Amma əvvəlki kimi avtomobil alqı-satqısı qeydə alınmır və satış yoxdur.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, karantin müddəti bitdikdən sonra uzun müddət avtomobil bazarında bu durğunluq müşahidə ediləcək və alıcılar daha ucuz avtomobillərə üstünlük verəcəklər.

Təbii ki, bu da avtomobil bazarında qiymətlərin düşməsinə səbəb olacaq. Tələb olmadığı üçün təklif daha ucuz olacaq.