İQTİSADİYYAT

Kreditlərlə bağlı bu güzəştlər ola bilər

"Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. "Azərbaycan iqtisadiyyatı iki istiqamətdə təzyiq altındadır. Birincisi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sosial izolyasiya, ikincisi dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasıdır". Bunu iqtisadçı-ekspert Rəşad Həsənov koronavirusun vətəndaşların kredit ödənişlərinə təsirindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Putin kreditləri dondurdu

Onun sözlərinə görə, hər iki istiqamət Azərbaycan iqtisadiyyatını çətinliklər qarşısında qoyub: "Bu da təzyiqlərin formalaşması fonunda əhalinin kredit qaytarma qabiliyyətini ciddi şəkildə zəiflədəcək. Bu isə öz növbəsində növbəti dövrlərdə kreditlərin geri dönüşü müddətinin artmasına, gecikmələrin həcminin artmasına, yəni yeni problemlərin formalaşmasına gətirib çıxardacaq".

Ekspert bildirib ki, dövlət Mərkəzi Bank vasitəsilə kommersiya bankların likvidliyinə dəstək verə bilər, yəni mərkəzləşdirilmiş kreditlə yardım edə bilər: "Və bu fonda banklar ilə müştəriləri arasında müqavilə şərtlərində dəyişikliklərin edilməsi və yaxud da kredit öhdəliyi üzrə tətillərin verilməsi ilə bağlı tələblər müəyyən edilə bilər. Bu istiqamətdə həm vətəndaş, həm də biznes hansısa formada dəstəklənməlidir".

Lombardlar ilə bağlı vəziyyətdən danışan ekspert bildirib ki, lombardları iki kateqoriyaya ayırmaq olar: "Kommersiya banklarının nəzdində fəaliyyət göstərən lombardlarda vəziyyət fərqlidir. Bu lombardlarda girov qarşılığında götürülmüş kreditlər istehlak kreditləri kateqoriyasına daxil olur. Və digər kreditlər üçün nəzərdə tutulan şərtlər burada tətbiq oluna bilər. Amma ənənəvi lombardlardan, fiziki şəxs olaraq lombard xidmətləri təklif edən bazardan danışırıqsa, burada vəziyyət tamamilə fərqlidir. Burada pul axınlarına, borc kütləsinə nəzarət olunmur. Nəzarət istiqamətində bir sıra addımların atılması nəzərdə tutulurdu, amma hələlik tamamlanmayıb. İndiki halda bu istiqamətdə hər hansı bir dəstək mexanizminin formalaşdırılması düşünülmür, ümumiyyətlə, belə bir məsələ müzakirə mövzusu deyil".

İpoteka kreditlərinin şərtləri sadələşdiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır: "Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 mlrd. manatlıq kredit portfelinin 7 mlrd. manatı ev təsərrüfatlarına, 6,1 mlrd. manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 mlrd. manat və nəqliyyat və rabitə sektoruna 1,2 mlrd. manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 mlrd. manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi meyarlar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10% dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14%, hüquqi şəxslər üzrə 8,8% və fiziki şəxslər üzrə 16,6% təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15%-lik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək".

Deputatdan təklif: kredit ödənilməsində üç ay müddətində güzəştlər olsun

Milli Məclisin deputatı Vüqar Bayramov mətbuata deyib ki, bu gün hökumət tərəfindən həyata keçirilən siyasətin məqsədi ondan ibarətdir ki, həm sahibkarlara, həm vətəndaşlara dəymiş ziyanı minimumlaşdırmaq mümkün olsun: "Bu baxımdan da sektorial yanaşma tətbiq olunub və bəzi fəaliyyət sahələrində dəymiş ziyanın tam kompensasiyası, nisbətən az təsiri olan fəaliyyət sahələrində bütövlükdə 70 faizlik kompensasiyanın həyat keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, mikro sahibkarlara, yəni VÖEN-lə fəaliyyət göstərən vətəndaşlara da kompensasiya və birbaşa yardım həyata keçiriləcək. Proqramlardan biri kreditlər üzrə kompensasiya və kredit öhdəlikləri ilə bağlı olacaq. Bu istiqamətə 1 milyard manatın ayrılması nəzərdə tutulub. Burada həm də faizlərin subsidiyalaşması həyata keçiriləcək. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya mexanizmi tətbiq olunacaq və Sahibkarlığın İnkişafı Fondu tərəfindən də dəstək göstəriləcək".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

Tənha yaşlılara göstərilən sosial xidmətlərə dəstək olan qurumların sırası genişlənir

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.

Baza sənəddə aşağıdakı məsələlər öz əksini tapıb:

1.Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçilərin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə).

2.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə).

3.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı.

4.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat).

Banklara daxil olan nağd pullar təkrar tədavülə buraxılmayacaq

5.Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat).

6.Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket.

7.Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı.

8.İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı.

9.Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı.

10.Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.

Proqramda eləcə də Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.

Proqramların təfərrüatlarını bu linkdən görmək mümkündür.