CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik

Bizə məlum olmayan viruslar da ürəyin istəyən qədərdir. Bir-ikisi üzə çıxsa, koronavirus bizə ən sadə infeksiya kimi görünəcək
Sputnik

BAKI, 29 mart — Sputnik. Xəstəlik tutub ölmək qorxusu istənilən virtual platformada özünü açıq-aşkar büruzə verir. 

Azərbaycan təbiətinin gözəlliklərindən evdən çıxmadan həzz alın - VİDEO
Elə hey maskadan, spirtdən, evdə oturmaqdan danışırıq. Amma virusların haradan gəlməsi, necə yayılması adi insanı daha az narahat edir. Hamı bir məsələni düşürür: bircə indi bizdən ötsün, sonrasına baxarıq.

Bir çox virus dünya okeanında gizlənib

Koronavirusun haradan gəlməsi barədə onlarla nəzəriyyə var. Hərəkətlərimizə diqqət yetiririkmi? Bir çox təhlükəli virus və bakteriyalar məhz gizli halda dünyanın müxtəlif nöqtələrində yatmış vəziyyətdə öz gününü gözləyir. Bir çox halda insanın dağıdıcı fəaliyyəti nəticəsində üzə çıxır. Amazon meşələri Yer kürəsinin “ağ ciyəri” adlandırılır, çünki burada bizə lazım olan oksigenin 20 faizi istehsal olunur. Eyni zamanda bu məkana həm də “Pandora yeşiyi” demək olar, çünki bioloji müxtəlifliyin ən qəribə formalarına rast gəlinir, flora və faunası xüsusi seçilir. Bizə məlum olmayan viruslar da ürəyin istəyən qədərdir. Bir-ikisi üzə çıxsa, koronavirus bizə ən sadə infeksiya kimi görünəcək. Amazon meşələrinin məhv edilməsi hələ də davam edir.

Bir çox virus isə böyük su hövzəsində, daha doğrusu, dünya okeanında gizlənib. İnsan fəaliyyətinin nəticəsində yaranan ziyanlı məhsulların əksəri sonda elə okeana axıdılır. Sənaye istehsalında yaranan sular çaylara, oradan dənizə, sonra isə okeana yol açır. Hətta bəzən adi görünən sadə əməllər belə ciddi fəsada səbəb ola bilər. Məsələn, ABŞ-da okean kənarında yaşayan sakinlərdə toksoplazmozun artması aşkarlanıb. 

Bəlkə bizə yenə təbiət özü kömək elədi... Temperatur yüksəlir
Bu xəstəlik adətən evində it, pişik və digər heyvan saxlayan insanlarda olur. Yaxşı emal olunmamış yumurta və ya ət məhsullarında da müşahidə edilir. Amma bu dəfə toksoplazmoz böyük miqdarda məhz okean suyunda tapılıb. Araşdırma nəticəsində bunun səbəbi də bilinib. Evdə pişik saxlayan ABŞ sakinləri sadəcə olaraq onlardan yaranan nəcisi kanalizasiya buraxırmışlar, toksoplazmoz da bu yolla okean sularına yol tapıb. Amma təbiətdə yaşayan pişik özündən sonra yaranan nəcisi çox ciddiliklə torpaqlayır.

Dünya okeanı bu qədər zibilin qarşısında acizdir

Okeana həm kimyəvi maddələr, həm paltar yumaq üçün istifadə edilin zəhərli tullantılar axıdılır. Belə maddələr okeanın mikroflorasını pozsa da, hər halda hər hansı bir virus xəstəliyinə səbəb olmur. Amma deyək, böyük toyuq və ya mal-qara fermalarında yaranan tullantılar olduqca ciddi problemə yol açır. Bunların son nöqtəsi də su hövzəsidir. Dünya okeanı nə qədər möhtəşəm olsa da, bu qədər zibilin qarşısında acizdir. Yəni orqanik tullantılar okeanda elə də sürətlə utilizə ola bilmir. Dəniz və okean kənarında yaradılan balıq emalı zavodları da külli miqdarda orqanik tullantını elə suya tökürlər. Onların da mənimsənilməsinin bir müddəti var, heç də həmişə bizim istəyimizə uyğun sürətlə okeanda utilizə olunmur.

“Okeana düşən insan cəsədinin taleyi necə olur” sualı alimləri çox düşündürür. Axı sunami, tayfun, gəmi və təyyarə qəzası və digər hallara görə hər ilə minlərlə insan qalığı okeanda “dəfn” olunur. Son illərdə Yaxın Şərqdə müharibə zonalarının çoxalması nəticəsində miqrasiyanın artması da insan ölümünün sayını yüksəldib. Suda boğulan insan qalıqlarının okeandakı taleyindən çoxumuzun xəbəri yoxdur.

Bu “qar” orqanik mənşəli qalıqlardan yaranıb

100-200 metr dərinlikdə nə olduğundan xəbərimiz müəyyən qədər varsa, artıq 1000 metrdə baş verənləri elə də bilmirik. Okeanın dərinliklərində hər hansı bir insan cəsədi on illərlə toxunulmaz qala bilər. Eyni zamanda daxilində olan virus və bakteriyalar da sağ-salamat öz gününü gözləyəcək. Dəniz və okean suyunda oksigeninin səviyyəsi, temperatur göstəriciləri, suyun duzluluğunun dərəcəsi də cəsədin parçalanmasına təsir edir.

Virusun da “xeyri” varmış – Bakıda hava ciddi şəkildə təmizlənib

Kanadanın “Saymon Frezer” universitetinin alimləri “VENUS” eksperimental laboratoriyasında cəsədin duzlu suda necə parçalandığını təyin etmək üçün təcrübə keçiriblər. 3 donuzu Vankuver adasının yaxınlığında yerləşən məkanda 10 0 metr dərinliyə yerləşdiriblər. Xüsusi avadanlığın köməyi ilə oksigenin, temperaturun, suyun təzyiqi və duzluluğunun səviyyəsi təyin edilib.

Tezliklə donuzların leşi ətrafında krevet, krab və omarlar toplaşıb. Daha sonra köpək balıqları da peyda olub. Bir aya ilk iki donuz leşini tam yeyiblər. Amma üçüncü leşin yeyilməsinə bir neçə ay zaman sərf olunub. Səbəbi də sonra məlum olub. İlk 2 donuzu okeana endirərkən oksigenin səviyyəsi yüksək olub deyə köpək balıqları problemsiz donuz dərisini parçalaya biliblər. Oksigenin səviyyəsi 3-cü donuzda azalıb. Daha az oksigenlə yaşaya bilən krab və krevetlər isə donuzun bərk dərisini parçalaya bilməyiblər. Donuz leşi bir neçə ay elə okean suyunda qalıb. Yalnız oksigenin səviyyəsi yüksələndən sonra köpək balığı donuzu parçalayıb.

Alimlər həm də okean dərinliklərində, yəni ən azı min və ya daha aşağı səviyyədə qəribə bir “qar” yağmasını da müşahidə ediblər. Bu “qar” əslində orqanik mənşəli qalıqlardan yaranıb. Bir çox dərinlik canlısı elə bu qida ilə dolanır.

Bir çox xəstəlik elə dünya okeanından gəlir

Biz sağlamlığımızı havadan qoruyuruq, təhlükə isə dənizdən gəlir

Beləliklə, okeanda istənilən heyvan və ya insan qalıqları bəzən uzun müddət tam salamat qala bilər. Daxildə olan virusların da suda yayılma təhlükəsi var. Bir çox xəstəlik elə dünya okeanından gəlir. Okeana nə tökürüksə, o da bir müddət sonra geri dönür. Bizim üçün təhlükəli ola biləcək bir sıra xəstəlik, virus və bakteriya çox rahatlıqla dəniz və okean canlılarında yaşayır. İnsan dəniz məhsullarını qida formasında qəbul etdikcə, xəstəliyə tutulma şansı artır. Dünya okeanını orqanik və qeyri-orqanik məhsullarla zibillədikcə, özümüzün də dəhşətli xəstəliklərlə üz-üzə qalmaq şansımız artır.

Koronavirus elə də dəhşətli xəstəlik olmasa da, dünya iqtisadiyyatına ciddi zərbə vurub. Amma bu zərbə təbiət üçün kiçik də olsa, bir istirahət etmək imkanını yaradıb. Daha az istehsal edirik, az yeyirik, az gəzirik, okean da bir qədər nəfəs alır, zir-zibildən azad olur.

Ayda heç olmasa bir gün yeməsək, bir gün şəxsi avtomobildən imtina etsək, bir gün evimizdə toplanan köhnə əşyalardan azad olsaq, bir gün marketdən uzaq dursaq, nə qədər heyvana, dəniz və okean canlısına bərpa olunmaq üçün şans verərdik. Bunu anlamaq elə də çətin deyil.