BAKI, 25 mart — Sputnik, Teymur Tuşiyev. Azərbaycan Premyer Liqası bərpa olunduqdan sonra bir çox azərbaycanlı futbolçunu tanımaq olmayacaq.
Bu barədə Sputnik Azərbaycan-la söhbətində ölkə futbolunun veteranı, AVRO-2020 oyunlarının səfiri Vəli Qasımov Azərbaycanın idman həyatında yaranan fasilə və Avropa çempionatının təxirə salınmasını şərh edərkən deyib.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə respublika və beynəlxalq əhəmiyyətli bütün idman yarışları, o cümlədən futbol üzrə Azərbaycan çempionatı dayandırılıb. Bundan başqa, UEFA da bir neçə oyununun Bakıda keçirilməsi nəzərdə tutulan AVRO-2020-ni də gələn ilə keçirib.
Məşhur idmançının sözlərinə görə, futbol ölkə çempionatının dayandırılmasından xeyli ziyan görür.
“Əlbəttə, bu, futbol üçün çox pisdir, amma insanların səhhəti hər şeydən üstündür. Əvvəl hamı koronavirusu zarafat kimi qəbul edirdi, amma indi hər şey ciddidir, zarafatın vaxtı deyil”, - Qasımov deyib.
Belə uzun pauza və sosial izolyasiya dövründə idmançılar, o cümlədən də futbolçular formalarını ev şəraitində qorumalıdırlar.
“Mümkündür ki, oyunçuların 80%-i formasını saxlaya biləcək. Amma yəqin, elələri də var ki, aktiv məşq eləmirlər. Çempionat bərpa olunanda futbolçuların çoxunu tanıya bilməyəcəyik. Çəkiləri artacaq. Üstəlik, bizim milli mətbəx idman formasının qorunmasına yardım eləmir. Özü də indi bayramdır, heç kimə də küçəyə çıxmaq tövsiyə olunmur”, - V.Qasımov hesab edir.
Onun özü də evi tərk etməməyə çalışır, yalnız lazım olduqda, mağazadan ərzaq olmaq üçün küçəyə çıxır.
Avropa çempionatının gələn ilə keçirilməsinə gəldikdə isə, turnirin səfiri bu qərarı doğru hesab edir.
“AVRO-nun qışda, yaxud da azarkeşlər olmadan keçirilməsi variantları nəzərdən keçirilirdi. Ancaq bu təkliflər heç kimi qane etmədi. Ona görə də gələn ilə keçirilməsi yaranan vəziyyətdə yeganə mümkün variant oldu”, - veteran futbolçu qeyd edib.
O hesab edir ki, gələn il keçiriləcək Avropa çempionatına hazırlıq təşkilatı baxımdan Azərbaycan üçün çətin olmayacaq.
“AVRO-nu 2021-ci ildə keçirmək problem olmayacaq. Çünki hələ keçən il də biz Avropa Liqasının finalını Bakıda təşkil etmişdik. Demək olar ki, AVRO oyunlarını qəbul etmək üçün bizdə hər şey hazırdır”, - Qasımov əlavə edib.
Xatırladaq ki, Bakıda “A” qrupunun 3 oyunu: İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə, eləcə də dörddəbir final matçından biri keçiriləcək.