Koronavirus dəhşəti: "İranlı şəhidlər", İtaliyanın "rekordu" və xəstə səhiyyə naziri

Çində koronavirusa yoluxmuşların sayı 80 778 nəfərə çatıb, onlardan 3 158 xəstə vəfat edib, 61 mindən çoxu isə sağalıb.
Sputnik

BAKI, 11 mart — Sputnik. Yeni növ koronavirus (COVID-19) İtaliyada sutka ərzində 168 nəfərin ölümünə səbəb olub. Sputnik Azərbaycan "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, beləliklə ölkədə koronavirusun qurbanlarının sayı 631-ə çatıb. 

Koronavirus Azərbaycanın istehlak bazarına necə təsir edir

İtaliyada koronavirusa yoluxmuşların sayı hazırda 10 mini keçir. Bir müddət öncə hökumət təxminən 60 milyon əhalisi olan ölkənin bütün ərazisində karantin elan edib. RİA Novosti xəbər verir ki, İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo çinli həmkarı Van İ ilə telefon danışığında ölkəsində "COVID-19" xəstəliyinin yayılması ilə bağlı olaraq tibbi ləvazimatların çatışmazlığının yarandığını və İtaliyanın Çinin yardımına ümid etdiyini bildirib.

Materik Çində isə koronavirusa yoluxmuşların sayı 80 778 nəfərə çatıb, onlardan 3 158 xəstə vəfat edib, 61 mindən çoxu isə sağalıb. Bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Qonşumuz Gürcüstanda 12 yaşlı uşağın koronavirusa yoluxma faktı qeydə alınıb. RİA Novosti xəbər verir ki, bunu Tbilisi İnfeksion Xəstəxanasının müdiri Tengiz Tsertsvadze deyib. Uşaq İtaliyadan qayıtmış xalasında koronavirus aşkar ediləndən sonra ailəsi ilə birlikdə evdə karantinə salınıbmış.

Nazirə və deputatlara koronavirus diaqnozu qoyuldu

Cənub qonşumuz İranda isə koronavirus artıq 291 nəfərin ölümünə səbəb olub. "ABC News" xəbər verir ki, İran koronavirusla mübarizədə vəfat etmiş həkim və tibb bacılarını şəhid elan edəcək. Dünən ölkə ərazisində 54 nəfər "COVID-19" xəstəliyindən dünyasını dəyişib. 

Bu arada Mərakeş və Livanda ilk yoluxma halları qeydə alınıb.

Bundan başqa Britaniyada artıq 373 nəfər koronavirusa yoluxub, onlardan altısı ölüb. Məlumatlara görə, hətta ölkənin Səhiyyə naziri Nadin Dorris də xəstəliyə yoluxub.