Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 11 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.
Artıq Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir. Bu günlərdə isə paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən olan "Mall"ların da öz işini müvəqqəti dayandıracağı barədə məlumatlar yayılıb. Sputnik Azərbaycan məktəblərdə tətil müddətində şagirdlərin ən çox üz tutduğu məkanlardan olan "Mall"ların bağlanması barədə məlumatların nə dərəcədə həqiqətəuyğun olduğunu araşdırıb.
PAŞA İnşaat Ticarət Mərkəzlərinin Marketinq meneceri Nuranə İsgəndərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yayılan xəbərlər şayiədir. N.İsgəndərovanın sözlərinə görə, PAŞA İnşaat Ticarət Mərkəzlərinin tərkibindəki bütün "Mall"lar fəaliyyətlərini davam etdirir: "Bizim 6 əməliyyatda olan iri ticarət mərkəzimiz fəaliyyət göstərir. Bunlar "28 Mall", "Gənclik Mall", "Port Baku Mall", "Şüvəlan Park" , "Amburan Mall" və Gəncədəki "Gəncə Mall"dur. Martın 12-də "Dəniz Mall"-un açılışı nəzərdə tutulsa da virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq bu mərkəzin açılışını təxirə salmışıq. "Mall"ların fəaliyyətinin dayandırılması barədə rəhbərlik tərəfindən heç bir göstəriş verilməyib. Bu barədə sosial şəbəkələrimizdəki səhifələrimizdə də rəsmi məlumat yaymışıq. Qeyd edim ki, əlavə olaraq bütün "Mall"larda dezinfeksiya işləri aparılır və sanitar tədbirlər gücləndirilib. Heç bir kafe və restoranların bağlanması nəzərdə tutulmayıb. Hər hansı dəyişiklik olarsa, bu barədə rəsmi məlumat veriləcək".
N.İsgəndərova deyib ki, "Mall"larda Novruz şənlikləri koronavirusa görə təxirə salınıb.
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tətil müddətindən istifadə edərək valideynlərin övladlarını böyük ticarət mərkəzlərinə, kafe və restoranlara aparması düzgün deyil: "Bu ticarət mərkəzləri öz gəlirlərini düşünürlər.
Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq da yer alıb.