BAKI, 7 mart — Sputnik. İngiltərə Kubokunun 1/8 final mərhələsinin "Tottenhem" - "Norviç" (2:3) matçından sonra maraqlı hadisə baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, "Tottenhem"in və İngiltərə millisinin futbolçusu Erik Dayer oyun bitdikdən sonra azarkeşlərdən biri ilə dalaşıb.
26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla dalaşmağa cəhd edib. Onları stüardlar çətinliklə aralayıblar. Məlum olub ki, həmin azarkeş oyun zamanı tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib.
Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında "Norviç" 3:2 hesablı qələbə qazanıb.