İQTİSADİYYAT

Əmanətçilər sevinə bilər – Tam sığortalanma müddəti uzadılır

Yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra qanun layihəsi müvafiq qaydada qanunvericilik təşəbbüsü hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcək
Sputnik

BAKI, 5 mart — Sputnik. "Əmanətlərin tam sığortalanması haqqında" qanunun yenidən uzadılması məsələsi Maliyyə Sabitliyi Şurasında geniş müzakirə edilib.

Əhalinin xarici valyutada qoyduğu əmanətlər nə qədər olub?

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, müzakirələrin nəticəsi olaraq əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün "Əmanətlərin tam sığortalanması haqqında" qanunun əlavə 9 ay uzadılması məqsədəuyğun sayılıb və müvafiq tövsiyə hazırlanıb.

Maliyyə Sabitliyi Şurasının tövsiyəsi dəstəklənib və yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra qanun layihəsi müvafiq qaydada qanunvericilik təşəbbüsü hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcək.

Nəzərdə tutulur ki, cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddətinin 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılsın.

Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır?

Qeyd edək ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 19 fevral 2019-cu il tarixində qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (04 mart 2020-ci ilə qədər) uzadılıb.