CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenə həmin dalğa, yenə həmin koordinat - Yox millimizin imzası Millətlər Liqasında

Bəzi fikirlərdə yığmamızın bəxtinə normal rəqiblərin çıxdığı deyilsə də, nəzərə almaq lazımdır ki, bizim komanda çoxu zəifdir
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Ötən gün Niderlandın paytaxtı Amsterdamda təşkil olunan püşkatmada millimizin C Liqasındakı rəqibləri müəyyənləşib. Yığmamız Lüksemburq, Kipr və Monteneqroya rəqib olub. Sentyabrda start götürəcək yarışda yığmamımızın şanslarını dəyərləndirmək üçün Sputnik Azərbaycan olaraq futbol jurnalistlərinin fikrini öyrəndik. Bu dəfəki qrupda millimiz nəyə ümid edə bilər?

Bakı Olimpiya Stadionu mayda AVRO-2020-yə hazır olacaq – Arenanın direktoru

"ARB 24" Xəbər xidmətinin redaktoru, idman jurnalisti Namiq Abbasovun fikrincə, cırtdan ölkə olan Lüksemburq fonunda biz yerimizdə sayırıq: "Yığmamız hər üç rəqiblə əvvəllər də üz-üzə gəlib. 1-ci səbətdə yer alan və bu üzdən favorit sayılan Monteneqro yığması ilə komandamız bir dəfə qarşılaşıb. 10 il əvvəl Podqoritsada keçirilən yoxlama görüşü yığmamızın 0:2 hesablı məğlubiyyətilə başa çatıb. Eyni şəhərdə millimiz daha bir dəfə meydana çıxıb. Bu Monteneqrronun Serbiyanın tərkibində olduğu vaxta təsadüf edib. AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmada komandamız Serbiya və Monteneqro yığması ilə heç-heçə edib. Qurban Qurbanovun dubl etdiyi görüş 2:2 hesabı ilə başa çatıb. Bakıda keçirilən oyunda isə millimiz rəqibinə qalib gəlib, 2:1. 2-ci səbətdə yer alan Kiprlə komandamız bir oyunda üz-üzə gəlib. 1996-cı ildə baş tutan qarşılaşmada millimiz 2:0 hesablı qələbə qazanıb. Millimiz daha çox Lüksemburq yığması ilə qarşılaşıb. Baş tutan 3 görüşün heç birində komandamız uduzmayıb. 10 il əvvəl rəqibini yoxlama oyununda məğlub edən millimiz 2014-cü il Dünya çempionatının seçmə mərhələsinə təsadüf edən digər 2 görüşdə heç-heçəyə imza atıb. Ümumilikdə 3 rəqibə qarşı keçirdiyi 5 oyunda millimiz 2 qələbə qazanıb, elə bir o qədər də xal bölgüsünə üstünlük verib. Komandamız cəmi 1 oyunda məğlub olub. Bir sözlə Köhnə qitədə futbolun durmadan inkişafını nəzərə alsaq millimiz üçün ikinci Millətlər Liqası dönəmində də çətin olacaq". 

İdman jurnalisti Natiq Muxtarlı Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərini adidən də adi saysa da, Azərbaycan yığmasının bu qrupda asanlıqla birinci yeri tutacağına inanmır: "Yığmamızın qrupda birinci yeri tutmaq üçün heç bir şansı yoxdur. Ona görə ki, Azərbaycan yığması qrupdakı rəqiblərdən də qat-qat zəifdir. Rəqiblər yığmamıza potensial 6 xal mənbəyi ikimi baxırlar. Dünyada futbol sürətlə inkişaf edir. Dünənə qədər Avropanın ən zəif futbol ölkələrindən sayılan Lüksemburq, Kipr, Monteneqro da müəyyən inkişaf yolu keçib. Amma Azərbaycan elə 25 il əvvəlki səviyyədə qalıb. Ona görə ki, Azərbaycan futboluna rəhbərlik edənlər inkişaf üçün heç bir iş görməyiblər. Bunun da nəticəsidir ki, bu gün Kipr, Lüksemburq, Monteneqro kimi yığmaların yer aldığı qrupda aşkar autsayder sayılırıq. İndiki halda biz yığmadan nəticə tələb etməyə köklənməməliyik. Çünki reallıq budur ki, nəticə əldə edə biləcək futbolçularımız yoxdur. Bizim əsas prioritetimiz uçaq futboluna yatırım etmək, infrastruktur yaratmaqdan ibarət olmalıdır. Bu işə indi başlasaq, 10-15 ildən sonra yığmadan nəticə gözləmək olar. Biz Avropanın orta səviyyəli futbol ölkələrindən ən azı 20 il geridə qalırıq. Təəssüf ki, AFFA rəhbərliyi problemi həll etmək əvəzinə yığmaya yenə də xaricdə bahalı baş məşqçi axtarır. Ölkənin futbol ictimaiyyəti inkişaf tələb edir, onlar isə əcnəbi məşqçi axtarışındadılar".

Qol.az" saytının baş redaktoru Aydın Bağırov millimizin normal qrupda yer aldığını düşünür: "Qrupun favoriti kimi Monteneqronu görürəm. Yəqin ki. ikinci yer uğrunda mübarizə Azərbaycan və Kipr arasında gedəcək. Mənim üçün bu yarış təkcə nəticə qazanmaq üçün yox, hesab edirəm ki, yeni baş məşqçinin təyinatından sonra yeni komandanın qurulması və potensialı baxımından önəmlidir. Fikrimcə Millətlər Liqası bu baxımdan yığmamız üçün əhəmiyyətlidir".

Kazbek Tuayev: AVRO-2020-nin Bakıdakı matçları Avropa Liqası finalını geridə qoyacaq

"CBC Sport" televiziyasının şərhçisi, idman jurnalisti Elnur Məmmədli milli komandamız üçün asan olmayacağı fikrindədir: "Bəzi fikirlərdə yığmamızın bəxtinə normal rəqiblərin çıxdığı deyilsə də, nəzərə almaq lazımdır ki, bizim komanda çoxu zəifdir. Ötən Millətlər Liqasında millimiz Maltani məğlub edə bilməmişdi. Son seçmə mərhələdə isə biz öz meydanımizda Macarıstan və Slovakiyaya böyük hesabla uduzduq. Əvvəlcə biz öz yığmamızın oyun keyfiyyətini artırmalıyıq, ondan sonra rəqiblər haqqında düşünmək olar".

"İdman" TV-nin  şərhçisi Ramiz Mirzəzadə bu dəfəki qrup mərhələsində olduqca gərgin mübarizə gözlədiyini deyir: "Lüksemburq futbolunun son illərdə inkişafda olduğu göz qabağındadır. Həm klub, həm də milli səviyyəsində lüksemburqlular qrupda başağrısı ola bilərlər. Monteneqro komandası son illərdə uğursuz nəticələrlə yadda qalır. Hadjibegiçin komandası millətlər liqasında özünü sübut üçün mübarizə aparacaq. Kipr komandasına gəlincə, bu kollektiv hər mərhələdə doğma meydanda inamlı, əzmkar futbolu ilə seçilirlər. Qarabağın son mövsüm ərzində Kipr səfərlərini unutmamaq yerinə düşər. Qrupu bir daha dəyərləndirsək, milli komandamızın bu qrupda birinci olmaq ehtimalı da var, sonuncu olmaq ehtimalı da. Yaxşı hazırlaşıb bu qrupda lider olmaq yalnız öz əlimizdədir".

Qeyd edək ki, komandamız C Liqasının I qrupunda ilk oyununu sentyabrın 5-də, Bakıda Lüksemburqa qarşı keçirəcək.