BAKI, 24 fevral — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın Gənclər və İdman Nazirliyi yaxın vaxtlarda İran idmançıları və təmsilçilərinin iştirakı ilə hər hansı tədbir keçirməyi planlaşdırmır. Bunu Sputnik Azərbaycan-a Nazirliyini mətbuat katibi Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, son zamanlar Nazirliyin xətti ilə Azərbaycan idmançıları İrana hər hansı məşqlərə və yarışlara getməyib. Həmçinin İran idmançıları da Azərbaycanda olmayıblar.
"Gənclər və İdman Nazirliyinin xətti ilə bu yaxınlarda iki ölkənin idmançıları arasında heç bir müqavilə olmayıb. Hər hansı bir yarış və ya birgə təlim-məşq toplanışı olacaqsa, o zaman vəziyyətdən asılı olaraq qərar veriləcək. Ancaq bu günə qədər İranla hər hansı ortaq planlarımız yoxdur", - deyə Məmmədova bildirib.
Qeyd etmək lazımdır ki, fevralın 24-nə olan məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 12-yə çatıb. 18 nəfərin isə virusa yeni yoluxduğu məlum olub. Rəsmi mənbələr İran İslam Respubnlikasında ümumilikdə 64 nəfərdə koronavirusun aşkarlandığını etiraf edib. Bəzi mənbələr İranda bu virusa yoluxma nəticəsində ölənlərin sayının 50-yə çatdığını xəbər verib. Bununla əlaqədar olaraq, bir sıra ölkələr koronavirusun yayılması təhlükəsi səbəbindən İranla aviaəlaqələri məhdudlaşdırıb və ya kəsib.
Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artdı>>
Bununla yanaşı, 2-8 mart tarixlərində Azərbaycan paytaxtında karate üzrə "Baku open" ənənəvi beynəlxalq turnirinin keçirilməsi planlaşdırılır. Milli Karate Federasiyasının rəhbəri Yaşar Bəşirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iranlı idmançıların qarşıdakı Bakı turnirində iştirakı planlaşdırılır.
"Lakin məndə hələlik iranlı karateçilərin Bakı turnirində iştirak edib-etməyəcəyinə dair konkret məlumat yoxdur. Son vaxtlar iranlılarla bizim aramızda hər hansı müqavilə olmayıb", - deyə Bəşirov bildirib.
Öz növbəsində, Azərbaycan Güləş Federasiyasından Sputnik Azərbaycan-a bildiriblər ki, İran idmançıları Bakıda Azərbaycan güləşçiləri ilə birgə təlim-məşq toplanışları keçirməkdə maraqlıdırlar.
"İranlılarla ortaq təlim-məşq toplanışı ilə bağlı konkret razılaşmalar mövcud deyil. Əgər vəziyyət konkretləşməyə doğru getsə, vəziyyətdən asılı olaraq, qərar veriləcək. Azərbaycanlı güləşçilərin İrana səfərinə gəlincə, bu, bizim planlarımızda deyil", - deyə Federasiyanın mətbuat xidmətindən bildiriblər.
Əlavə edək ki, 15-16 fevral tarixlərində Bakıda Çin idmançılarının iştirakı ilə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatı keçirilib. Hazırda bütün dünyanı qorxuya salan koronavirusun ilk olaraq Çinin Uhan əyalətindən yayıldığı bildirilir.