CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mahiyyətdən doğan reallıq: Televiziya kanallarımız ağır durumdadır

Televiziyada və radioda çox az, barmaqla sayılacaq qədər, kömür qaranlığında 3-5 atəşböcəyi kimi istedadlı, bilikli, bacarıqlı adamlarımız var, onlar da bir kənarda, inzivada səssizdirlər
Sputnik

 

BAKI, 17 fevral — Sputnik. Qəribədir. Sən yerli telekanalları izləməkdən imtina edirsən, həm telekanallarda yayımlanan ürəkbulandırıcı verilişlər isə iradənin əksinə olaraq sosial şəbəkələrdən sənə boylanır. Elə bu yaxınlarda sosial şəbəkədə gördüm ki, yerli teleməkanda “ailənizin kanalı” təxəllüsü ilə meydan sulayan telekanalın ən bayağı verilişlərinin birində iki nəfər əcaib bir şey oxuyurdular. Sözlərini bura yazmağı da, hər hansı video keçid yerləşdirməyi də özümə ar bilirəm. Üzrlü sayın.

Millət vəkili televiziyalarda yayımlanan serialları tənqid edib

Bu arada, mən o sözləri bura yazmağı, o səsin və o əcaib oxumanın video keçidini yerləşdirməyi özümə bu qədər ar bildiyim halda, onu oxuyanlar və o oxuyanları öz pavilyonuna dəvət edənlər necə olur ki, utanmırlar, qızarmırlar, xəcalət çəkmirlər? Hələ bir gülümsəyir, çəpik də çalırlar. Hiddətin həddi hüdudu yoxdur!

Bu məqamda istədim ki, yerli telekanalların – bir-iki telekanal, o cümlədən İctimai Televiziya istisna olmaqla - həqiqi mahiyyətini həm xalqımızın, həm də bu telekanal rəhbərlərinin və onların əməkdaşlarının nəzərinə çatdırım. Onlar kimdir?

Müasir Azərbaycan mədəniyyətinin son otuz ildə uçuruma yuvarlanmasına, xalqın informasiyadan, ciddi sənət nümunələrindən, elmi-mədəni, ictimai-siyasi maariflənmədən məhrum qalmasına səbəb olanlardır onlar.

“Televiziya hələ sağdır” – Tanınmış rusiyalı telejurnalistdən ustad dərsi necə keçdi

Mavi ekranda cin çıxaranlara, xalqa şəhadət barmağı silkələyən falçılara, cadugərlərə, ekstrasenslərə, parapsixoloqlara səhnə verənlərdir onlar. Bu fırıldaqçılar yaxın keçmişdən başlayaraq televerilişlərdə ya daimi ekspert, ya da aparıcı işləməyə başladılar!

İnsan taleləri üzərində qurulmuş ağır dramatik şoulardan reytinq qazananlar, bütün növ maddi-mənəvi ləyaqətsizlikləri efirə verib, sonra elə həmin efirdəncə ləyaqətdən, əxlaqdan, vicdandan, mənəviyyatdan, hətta, sənətdən və mədəniyyətdən danışanlardır onlar!

Azərbaycan dilini bilməyən, Türkiyə türkcəsindən, ruscadan, ingiliscədən qarışdırılaraq ərsəyə gətirilmiş eybəcər, çirkin bir dillə 20 ildir telekanalların simasına çevrilmiş biliksiz, bacarıqsız, mədəniyyətsiz aparıcılara şöhrət, nüfuz və var-dövlət bəxş edənlərdir onlar!

Yeni filmlərin üzünə bağlanan qapı – Televiziyalar niyə tamaşaçının qəniminə çevrilib

Yaltaq, qorxaq, savadsız, mənfəətxor, tamahkarlıq edənlər, əssasız materiallarla, yalanlarla süjetlər hazırlayanlar, ən böyük uğuru hansısa müğənninin bir çılpaq nahiyəsini görüntüləmək olanlardır onlar!

Mədəniyyətimizin tənəzzülündə, təfəkkürümüzün süqutunda ən böyük payı olan, oyanışımızın, dirçəlişimizin, yüksəlişimizin qarşısında tikanlı məftil kimi dayanan, bütün böyük amalları, müqəddəs məqsədləri öz kiçik məişətinə xaincə qurban verənlərdir onlar!

Mən onların hamısını təbrik edirəm! Onlar elmlə cəhalətin, sənətlə bayağılığın, doğru ilə yalanın, Xeyir ilə Şərin savaşında qalib olan cahillər, bayağılar, yalanlar və şərlərdir! Qələbə isə həmişə alqışlanmalıdır! Təbrikə layiqdirlər, çünki zəfər bayrağı hələ ki, onlardadır.

Çox az, barmaqla sayılacaq qədər, kömür qaranlığında 3-5 atəşböcəyi kimi istedadlı, bilikli, bacarıqlı adamlarımız var televiziyada və radioda. Onlar da bir kənarda, inzivada səssizdirlər. Çünki onlar əlində qələbə bayrağı tutmuş və meydanda dik-dik boy göstərən bu şəxs və ya qruplara acizcə təslim olub, ağ bayraq qaldırıblar! Məğlublar isə təbrik edilmir!