CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcbari tibbi sığortada yeni problem - doxsanıncı illər yalan olub

"Biz sosial şəbəkələrdə yerləşdirilən videoçarxlardan da görürük ki, icbari tibbi sığorta mexanizmi işə düşən ərazilərdəki tibb müəssisələrində çox acınacaqlı vəziyyət yaranıb. İnsanlar keçid dövründə ərzaq üçün növbə gözləyən kimi indi də həkim növbəsi gözləyirlər"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Azərbaycanda icbari tibbi sığortaya keçid özü ilə çox mühüm bir məsələni də gündəmə gətirib. Bu, icbari tibbi sığortanın tətbiq olunduğu və olunacağı tibb müəssisələrində xəstə axını zamanı yaranan növbə problemi ilə bağlıdır.

Tibbi sığortanın bir ayı – Rəsmilər “yaxşıdır” deyir

Qeyd edək ki, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdəki tibb müəssisələrinə xəstələrin daha çox müraciət etməsi avtomatik olaraq sıxlıq yaradır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu problemi yoluna qoymaq üçün ötən gündən başlayaraq Azərbaycanda icbari tibbi sığortaya keçən tibb müəssisələrində növbə sistemini tənzimləyən terminallar quraşdırıb. Artıq Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar işə düşüb. İlin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub.

Sputnik Azərbaycan icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrində xəstələrin növbə sisteminin necə tənzimlənəcəyini, quraşdırılan terminalların işləmə mexanizmini araşdırıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Sputnik Azərbaycan-ın sualına cavab olaraq bildirib ki, tibb müəssisələrinə müraciətlər kifayət qədər çoxdur:

"Həm ambulator, həmçinin də stasionar qaydada müraciətlərin sayı çoxdur. Növbəliliyin tətbiqi üçün əvvəlcə vətəndaşlar qeydiyyata yaxınlaşmaq üçün növbə terminallarından növbə götürürlər. Qeydiyyata yaxınlaşdıqdan sonra qeydiyyatçının verdiyi göndəriş vərəqələrində hansı həkimdə, neçənci şəxs kimi növbədə olduğu qeyd edilir. Həkim tərəfindən digər müayinələr üçün göndərildikdə göndəriş vərəqələrinin üzərində sıra nömrəsi göstərilir. Bununla xəstə bilir ki, sıra növbəsində neçənci növbə gözləyən şəxsdir".

V.Qurbanov hələ ki icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində növbə rejiminin onlayn tənzimlənməsinin mümkün olmadığını bildirib.

Həkimlərin dərman firmaları ilə işbirliyinə son qoyulur

Qeyd edək ki, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu əksər ölkələrdə onlayn növbə sistemi fəaliyyət göstərir. Səhhətində problem olan xəstələr tibb müəssisəsinə gəlməmiş müraciət edəcəkləri tibbi xidmət üzrə neçə xəstənin növbədə dayandığı barədə məlumat əldə edə bilirlər. Bu, xəstələrin saatlarla xəstəxanada vaxt itirməsinin qarşısını alır. Bu təcrübə qardaş Türkiyədə tətbiq edilir.

Tibb elmləri doktoru Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu bölgələrdəki tibb müəssisələrində hökm sürən xaos bu problemin bariz nümunəsidir: "Biz sosial şəbəkələrdə yerləşdirilən videoçarxlardan da görürük ki, icbari tibbi sığorta mexanizmi işə düşən ərazilərdəki tibb müəssisələrində çox acınacaqlı vəziyyət yaranıb. İnsanlar keçid dövründə ərzaq üçün növbə gözləyən kimi indi də həkim növbəsi gözləyirlər. Bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yarıtmaz fəaliyyətindən xəbər verir. Agentlik xəstə növbəsinin sistemini qurmamış işə başlayıb. Bunun nəticəsində də rayonlarda tibb müəssisələrində xaos vəziyyət yaranıb".

A.Qeybulla deyir ki, Agentlik növbə məsələsini terminal vasitəsilə yoluna qoymağa çalışsa da, buna nail ola bilməyəcək: "Nəzərə almayıblar ki, tibb müəssisəsinə gələn xəstədir.

Xəstəxana bank, yaxud da hansısa sosial xidmətin göstərildiyi məkan deyil. Elə xəstələr var ki, qeydiyyatdan keçmək üçün uzun növbə gözləməyə sağlamlıqları imkan vermir. Üstəlik növbə rejiminin iki mərhələli olması vəziyyəti bir az da qəlizləşdirir. Belə çıxır ki, xəstə həm qeydiyyata düşmək üçün, həmçinin də həkimin qəbuluna düşmək üçün növbə gözləməlidir.

Burada həkimin yazacağı göndərişlə müayinələri də nəzərə alsaq, xəstə ən yaxşı halda bir gününü tibb müəssisəsində növbə gözləməklə keçirməlidir. Bu isə, sözsüz ki, xəstənin şəfa tapması əvəzinə səhhətinin daha da ağırlaşmasına gətirib çıxardacaq".

A.Qeybulla bildirir ki, icbari tibbi sığorta sistemi ilə çalışan tibb müəssisələrində xəstələrin qeydiyyatı onlayn şəkildə olmalıdır: "Türkiyədə xəstə onlayn müraciət etməklə, eləcə də zəng vasitəsi ilə həkimin növbəsinə yazılır. Tibb müəssisəsi xəstəni qeydiyyata alaraq ona hansı gündə, hansı saatda həkimin qəbuluna gəlməklə bağlı məlumat verir. Bizdə bu elektron sistem qurulmadığından, xəstələr saatlarla, bəzən günlərlə həkimin qəbulu və müxtəlif tibbi xidmətlər üçün xəstəxanalara təpik döyməli olacaqlar".

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin 23 yanvar tarixinə qədər 265 min 335 müraciət qeydə alınıb.