CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çindən gələn məhsullarda koronavirus təhlükəsi - Əşyalar da yoxlanılmalıdır

"Ölkəmizə Çindən gələn insanlarla yanaşı, onların gətirdiyi məhsullar da dezinfeksiya edilməlidir. Çünki bu virus əşya ilə də keçir" - Səhiyyə Nazirliyinin baş epidemioloqu
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Tüğyan edən koronavirusa görə əksər ölkələr Çinlə sərhəd və gömrük qapılarını bağlayıb. Qeyd edək ki, Çindən Azərbaycana poçt yolu ilə də xeyli məhsul göndərilir.

Azərbaycandan Çinə uçuşlar dayandırılır

Sputnik Azərbaycan poçtla göndərilən bağlamaların koronavirus təhlükəsini araşdırıb. "Azərpoçt" MMC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, poçt bağlamaları vasitəsilə koronavirusun ölkəmizə gəlmə təhlükəsi yoxdur: "Çünki poçt bağlamalarında gələn bütün məhsullar gömrük keçid məntəqələrində yoxlanılır. Bu virusun poçt bağlamalarında ölkəmizə gəlmək riski çox aşağıdır".

Həmçinin qeyd olunub ki, ölkəmizə Çindən göndərilən poçt bağlamalarının sayı da çox azdır. Gün ərzində 20-30 bağlama ancaq göndərilir. Çində koronavirusun aşkar edilməsi ilə əlaqədar hal-hazırda bu ölkədən Azərbaycana daxil olan poçt göndərişlərinin daşınmasında "Azərpoçt" MMC tərəfindən heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, artıq gömrük keçid məntəqələri də koronavirusla bağlı işlərə başlayıb. Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilir ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə son günlər Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır: "Bununla əlaqədar öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Virus xaosu: Etirazçılar koronavirus xəstələrinin binasına od vurdular - VİDEO>>

Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.

Koronavirusun yayıldığı bölgələrdə azərbaycanlı tələbələr var

Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir. Bundan başqa, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir".

Amma DGK-dan Çindən gələn məhsulların koronavirusa görə yoxlanıldığı barədə dəqiq fikir bildirilmədi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı yeni nümayəndəsi Hande Harmançı Sputnik Azərbaycan-a açıqlamasında koronavirusun əşya vasitəsilə keçmə ehtimalının olduğunu təsdiqləyib. O bildirib ki, virus əşya vasitəsilə də yayıla bilər.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Sputnik Azərbaycan-a bildirib ki, koronavirusun əşyalar vasitəsilə yayılması mümkündür: "Ölkəmizə Çindən gələn insanlarla yanaşı, onların gətirdiyi məhsullar da dezinfeksiya edilməlidir. Çünki bu virus əşya ilə də keçir. Əgər xəstə insanın ağzının seliyi öskürək zamanı əşyanın üzərinə düşürsə, bu virusun həmin əşya ilə keçmə ehtimalı var".