İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. "Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən söyləyib.
Prezident çıxışında sərhəd-keçid məntəqələrindəki vəziyyətdən, vətəndaşlardan, o cümlədən xarici ölkə vətəndaşlarından şikayətlər gəlməsindən tam xəbərdar olduğunu bildirib: “Kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər, xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır".
İqtisadçı, ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gömrük-keçid məntəqələrində həqiqətən də problemlər var: "Azərbaycan tərəfdə hər zaman çoxlu növbələr yaranır. Məsələn, Gürcüstanla sərhəddəki “Qırmızı Körpü” keçid məntəqəsində Azərbaycan tərəfdən uzun növbələr yaranır. İnsanlar bəzən saatlarla gözləməli olurlar".
Onun sözlərinə görə, amma eyni həcmdə eyni avtomobillər Gürcüstan sərhədini rahat keçir və burada növbələr müşahidə edilmir: "Bu problemin həll edilməsi üçün sistemin optimallaşdırılmasına ehtiyac var. Yəni bir neçə mərhələdə yoxlamaların həyata keçirilməsi və müxtəlif pəncərələrdə bu yoxlamaların həyata keçirilməsi prosesi zaman etibarilə uzadır".
Dövran dəyişdi: Avropa ABŞ məhsullarına gömrük rüsumları tətbiq edir
Gürcüstanda bir pəncərə sisteminin olduğunu vurğulayan N.Cəfərli bildirir ki, burada həm avtomobilin sənədləri, həm vətəndaşların sənədləri bir pəncərədə yoxlanılaraq həll edir. Amma Azərbaycan tərəfdə bir neçə pəncərə mövcuddur: "Birincisi, sənədlərin yoxlanması həyata keçirilir, sonra avtomobilin sənədlərinin yoxlanılması həyata keçirilir və vətəndaş bundan sonra ştrix-kod almalıdır. Etiraf edim ki, bununla heç yerdə qarşılaşmamışam. Bir kağız parçasıdır. Mən qanunvericilikdə axtarsam da, bununla bağlı heç bir məlumata rast gəlməmişəm. Sərhəd keçid məntəqəsindən ayrılmaq üçün həmin ştrix-kodu bir daha oxutmalısan. Bəzən o aparat da xarab olub, sıradan çıxır. Bu da növbələrin yaranmasına səbəb olur. Burada ştrix-kodu oxutdurduqdan sonra qapıdan keçənə qədər daha yüksək çinli zabitlərin yoxlamasına baxmayaraq, qapıda da dayanan əsgərlər bir də sənin sənədlərini alır. Bir də yoxlamadan keçirsən. Bundan sonra sənin ölkədən çıxışına icazə verilir. Belə çoxpilləli pəncərəli sistem qurulub deyə, növbələr yaranır. Növbələrin həddindən çox olması insanların saatlarla zaman itirməsinə, haqlı narazılığa səbəb olur".
N.Cəfərli vurğulayıb ki, sərhəd-keçid məntəqələrinin optimallaşdırılması ilə bağlı uzun zamandır Azərbaycanda müzakirələr aparılır. Bir pəncərə sisteminə keçməklə, texniki vasitələrdən daha yaxşı istifadə etməklə, daha sürətli keçidlərin, yaşıl koridorların təmin olunması mümkündür.
"Vətəndaşlar yaşıl koridorlardan istifadə etməlidirlər. Şübhə doğuran vətəndaşların yoxlanılması üçün xüsusi bir yanaşma olmalıdır. Hazırda isə ucdantutma yoxlamalar aparılır. Bu da həddən artıq zamanın sərf edilməsi deməkdir", – deyə o bildirib.
Ekspertin fikrincə, sərhəd-gömrük məntəqələrində önəmli problemlərdən biri də məntəqələrdən keçirilən ərzaq, tütün məmulatlarının həcmi ilə bağlıdır. Burada da problemlər var. Bu da sərhədyanı zonalarda yaşayan insanların narazılığına səbəb olur.
"Bu məhdudiyyətlərin aradan qaldırılması və yaxud qoyulan məhdudiyyətlərdə dəyişikliklər etmək lazımdır ki, sərhədyanı zonalarda yaşayan insanlar bundan istifadə edə bilsinlər. Bu da daha çox sosial məsələdir. Əgər sərhədyanı zonada yaşayan Azərbaycan vətəndaşı qonşu ölkədən daha ucuz mal ala bilirsə, buna sosial məsələ kimi yanaşmaq lazımdır. Burada məhdudiyyətlərin tətbiq edilməsi vətəndaşların narazılığına səbəb olur", - o əlavə edib.
N.Cəfərli sərhəd-keçid məntəqələrində vətəndaşlara qarşı kobud davranışların sərgiləndiyini də təsdiq edib.
"Vətəndaşlarla ucadan danışma, kobud rəftar, vətəndaşları gözlətməyə məcbur etmə və s. davranışlar var. Bu yolverilməzdir. Vətəndaşlarla elə davranırlar ki, sanki bundan həzz alırlar. Halbuki sərhəd-keçid məntəqələrinin əməkdaşları vətəndaşlara xidmət etmək üçün çalışırlar. Burada çalışanlar vətəndaşların haqlı olduğunu və vətəndaşın verdiyi vergi ilə maaş aldıqlarını unutmamalıdırlar”.
Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət başçısının gömrük-keçid məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıqları hər zaman diqqət mərkəzindədir: "Dövlət Gömrük Komitəsi əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də Azərbaycanın dövlət sərhədlərində yerləşən bütün gömrük-keçid məntəqələrində infrastrukturun yenidən qurulması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək, bu məntəqələrin son texnoloji avadanlıqlarla təmin olunması işini davam etdirəcək".
Onun sözlərinə görə, eyni zamanda, əvvəlki illərlə müqayisədə 2019-cu ildə həm xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarının, həm də ölkəmizə turist axınının artdığı nəzərə alınaraq, istər qərb, istər cənub, istərsə də şimal istiqamətində yeni gömrük-keçid məntəqələrinin tikilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb və bu məntəqələrin inşasına bu ildən başlanılması nəzərdə tutulub: "Bununla yanaşı, gömrük-keçid məntəqələrində vətəndaş-məmur münasibətlərinin tam sağlam əsaslar üzərində qurulması və bu məntəqələrdə xidmətin ən yüksək səviyyəyə çatdırılması istiqamətində görülən işlər davam etdirilir. Gömrük xidmətində aparılan islahatlarda prioritet istiqamətlərdən biri də gömrükçülərin peşə hazırlığının artırılmasıdır və bu məqsədlə gömrük əməkdaşları davamlı şəkildə Dövlət Gömrük Komitəsinin Akademiyasında ixtisasartırma təlimlərinə cəlb edilir və bu təlimlərin daha da intensivləşdirilməsi təmin ediləcək".
N.Axundovun sözlərinə görə, bu təlimlərdə gömrükçülərə zəruri bilik və bacarıqlarla yanaşı, etik davranış qaydaları da aşılanır. Xidməti intizam qaydalarının tələblərini pozanlara qarşı isə müvafiq tədbir görülür və bu istiqamətdə görülən işlər 2020-ci ildə də ən əsas vəzifələr sırasında olacaq.