RUSİYA

Estoniya sakinləri: Sputnik-in fəaliyyətinin dayandırılması senzuradır

Estoniyanın ictimai-hüquqi televiziya kanalı "ETV +"in efirini izləyən tamaşaçıların əksəriyyəti Sputnik Estoniya-ya qarşı sanksiyaların senzura olduğunu bildirib
Sputnik

BAKI, 16 yanvar — Sputnik, Aleksey Stefanov. Yanvarın 1-dən redaksiyanın əməkdaşları məsuliyyətə cəlb olunmaq hədələrinə görə Sputnik Estoniya və "Rossiya Seqodnya" BİA ilə əmək münasibətlərinə son verməli oldular. Yaranmış vəziyyəti müzakirə etmək üçün redaksiyanın rəhbəri Yelena Çerışeva, Sputnik-in keçmiş əməkdaşı Aleksandr Lukyanov, Avrodeputat Yana Toomun bürosunun müşaviri, RusDelfi-nin keçmiş redaktoru Marqarita Kornışeva rusdilli ETV+ kanalına dəvət olunublar. Opponent qismində Tarixi Yaddaş İnstitutunun əməkdaşı, hüquqşünas Sergey Metlev, strateji kommunikasiya üzrə ekspert İlmar Paar, Təhlükəsizlik və Müdafiə Barədə İnformasiya Mərkəzinin rəhbəri Qriqori Senkiv çıxış ediblər.

Kiselyov: "Sputnik Estoniya ilə bağlı vəziyyət təhlükəli presedent yaradır

Qadağan etmək, sonra isə aydınlaşdırmaq

"Jurnalistlərə yönəlmiş siyasi və iqtisadi sanksiyalar senzuradır. Estoniyada senzura qadağan olunub. Sputnik Estoniya barəsində heç bir sanksiya tətbiq olunmayan Rusiyanın "Rossiya Seqodnya" informasiya agentliyinə daxil olan kütləvi informasiya vasitəsidir", - Yelena Çerışeva öz mövqeyini ortaya qoyub.

O qeyd edib ki, Polis və Sərhəd Mühafizəsi departamentindən gələn məktubda bildirilir ki, "Rossiya Seqodnya" BİA Dmitri Kiselyova tabedir, çünki "imzaları o qoyur".

"Dmitri Kiselyovun imzasını mən heç bir maliyyə sənədində görməmişəm. Mən o imzanı ildə iki dəfə - Yeni il və Beynəlxalq Qadınlar günü ilə bağlı təbrik açıqcalarında görürəm", - Çerışeva bəyan edib.

Marqarita Kornışeva bildirib ki, Avropa İttifaqının sənədlərində "nəzarətində olmaq" məfhumunu tapıb. Lakin o əmindir ki, Dmitri Kiselyov bu meyarlardan heç birinə uyğun gəlmir.

"İki məhdudiyyət qüvvədədir – giriş qadağası və ona gəlir gətirə biləcək resurs və obyektlər barədə qadağa. Əgər bizdə, Estoniyada resurs deyəndə jurnalistlər başa düşülürsə, onda məndə sual yaranır: bu, jurnalistlərin peşəkar fəaliyyətinin məhdudlaşdırılması deyilmi?" -  Marqarita Kornışeva qeyd edib.

Oxumamışam, amma bilirəm

Tarixi Yaddaş İnstitutunun əməkdaşı Sergey Metlev deyib ki, agentliyin əməkdaşlarını jurnalist hesab etmir. Strateji kommunikasiyanı koordinasiya edən və dezinformasiyanın yayılmasına mane olan İlmar Paar isə əlavə edib ki, portalın bağlanması ilə razı deyil.

"Onsuz da Estoniyada onları çox az adam oxuyurdu və məncə, onlar işlədikləri kimi işləyə bilərdilər", - o bəyan edib.

Daha sonra o bildirib ki, müəllim olaraq Sputnik Estoniya-dan götürdüyü bəzi təsadüfi məqalələrin təhlili ilə məşğul olub və materiallarda obyektiv qiymətləndirmə çatışmayıb, çünki jurnalistlər birtərəfli şərhlər alıblar.

Zaxarova sarı gödəkçədə brifinq keçirdi: "Bu, əsl qısnamadır"

Yelena Çerışeva dərhal ona cavab verərək xatırladıb ki, Sputnik Estoniya-nın əməkdaşları ilk gündən digər media qurumlarından olan həmkarları ilə müqayisədə qeyri-bərabər şərtlərdə işləyiblər – dövlət müəssisələri, siyasətçilər agentliyə şərh və müsahibə verməkdən imtina ediblər.

Aleksandr Lukyanov portalda 8 aylıq fəaliyyəti zamanı dərc olunmuş 100-120 məqaləsindən hansının jurnalist əməyi olmadığını və təbliğat olduğunu göstərməyi xahiş edib. Müzakirə iştirakçılarından heç biri konkret cavab verə bilməyib.

Bunun əvəzinə Metlev bəyan edib ki, "peşəkarların, polis idarəsinin hüquqşünaslarının mövqeyi belədir ki, siz bu ölkənin ərazisində fəaliyyətinizi davam etdirə bilməzsiniz. Xoşunuza gəlmirsə, məhkəməyə müraciət edin. Estoniyada məhkəmələr müstəqildir. Əgər siz orada qalib gəlsəniz, onda biz sizi alqışlayacağıq. Əgər qalib gəlməsəniz, onda yenə də bağlı qalacaqsınız".

Yelena Çerışevanın buna cavabı belə olub: "Biz fəaliyyətimizi dayandırmışıq, bağlanmamışıq ".

İlmar Paar da təəccüblə bəyan edib ki, portal işləyir. Çerışeva və Kornışeva bir daha izah etməli olublar ki, portal bağlanmayıb, lakin yeni ildən Sputnik Estoniya-nın əməkdaşları yoxdur, portalın özü isə fövqəladə rejimdə işləyir.

"Əgər maddə 93, qeyd 1-i diqqətlə oxusanız, bizim heç bir xidməti yerinə yetirmək haqqımız yoxdur, hətta pulsuz əsasda. Hətta öz evimizdən və şəxsi kompüterimizdən", - Yelena Çerışeva qeyd edib.

Arqumentlər qurtaranda

Təhlükəsizlik və Müdafiə Barədə İnformasiya Mərkəzinin rəhbəri Qriqori Senkiv bəyan edib ki, "Sputnik Estoniya-nın rəhbərliyi iqtisadi və maliyyə problemlərini sadəcə həll etmək iqtidarında deyil və bunu söz azadlığı ilə ört-basdır edir".

Süni problemlər həqiqətən də var idi. Banklar Sputnik Estoniya-nın işçilərinin hesablarını bağladılar. Sahibi təzyiq altında redaksiya binasının icarəsini dayandırmaq məcburiyyətində qaldı.

"Estoniyada portalın çəkisi yoxdur, amma Sputnik-in təxribatlarla bağlı böyük media yayımları çəkiyə malikdir. Bu, dərhal Sputnik-in bir oğlanın hərbi xidmət zamanı yaralanması ilə bağlı qabaqcadan ifşa olunan aksiyasını xatırladır. Sonra Sputnik bunu Estoniya ordusundakı rusların sanki diskriminasiyaya məruz qalması kimi qələmə verməyə başladı ki, görün orada nə baş verir - onlar orada güllələnirlər və ya onları güllələyirlər. Bu məsələ ətrafında belə təbliğat xarakterli hay-küy yaradıldı", - deyə Metlev bildirib.

Rusiya Sputnik Estoniya ətrafındakı məsələni AŞPA və ATƏT-də qaldıracaq

Aparıcı Andrey Titov söylənilənlərin doğru olmadığını və bu mövzunun artıq onun studiyasında müzakirə olunduğunu xatırladaraq çıxış edənin sözünü kəsib. Yeri gəlmişkən, Titov daha bir diqqətəlalayiq faktı xatırladıb. Keçən il Estoniya haqqında təbliğat və yalan məlumatlar yayan Propastop bloqunun fəalları parlamentə müraciət üçün Sputnik Estoniya və Baltnews portallarını bağlamağı tələb edən imzalar toplamağa başlayıblar.

"Və yalnız min imza toplamaq lazım idi. Əvvəlcə bir müddət qoydular, sonra bir ay uzatdılar, sonra ilin sonuna qədər uzatdılar. Nəticədə 573 imza aldılar - hətta min adamdan belə toplaya bilmədilər. Bu, heç kəsi maraqlandırmır", - deyə Titov bildirib.

Müzakirələrin sonunda canlı yayım zamanı keçirilən iki sorğunun nəticələri açıqlandı. Zəng edən tamaşaçıların 90%-i, Facebook sosial şəbəkəsi vasitəsilə səs verən istifadəçilərin isə 57%-i Sputnik Estoniya-nın fəaliyyətinin dayandırılmasını senzura hesab edirdi.