Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 30 dekabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 27, 28 və 29 dekabr tarixlərində ümumilikdə 37 min 800 sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
O bildirib ki, bu dəqiqələrə olan statistikaya əsasən, bu gün 6 min 500 sərnişin avtovağzaldan yola salınıb: "Xatırladaq ki, BBAK 5 yanvar tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişinlər sorğu və ya şikayətlərlə bağlı (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "facebook" səhifəsinə yazıb göndərə bilərlər".
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır. Avtovağzala digər günlərlə müqayisədə daha çox sərnişin axınının olacağı nəzərə alınaraq xəttə ehtiyat avtobusları cəlb olunub. Biletləri avtovağzalın kassalarından, eyni zamanda www.avtovagzal.az saytı və mobil tətbiq vasitəsilə 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.