Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 25 dekabr — Sputnik. Bir müddətdir ki, Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhətində ciddi problem yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, aktyorun diaqnozu ürəyin işemik xəstəliyi, infarktdan sonrakı skleroz və ağ ciyərlərin xroniki xəstəliyidir.
Rafael müəllimin səhhəti ilə əlaqədar oğlu ilə əlaqə saxladıq. O, hazırda R.Dadaşovun müalicəsinin davam etdirildiyini bildirdi: "Atamın müalicəsi Bakıda özəl klinikaların birində aparılır. Vəziyyəti normaldır. Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürüb".
Aktyorun ölkə xaricinə aparılıb-aparılmayacağına dair suala oğlu qısa olaraq "Xeyr. Öz klinikalarımızda şərait yaxşıdır. Xaricə aparılmağına ehtiyac yoxdur" cavabını verdi.
Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın əvvəlində səhhətində yarandığı problemlə əlaqədar olaraq Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Xalq artisti Rafael Dadaşov 1946-cı ildə Naxçıvanda doğulub. 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. Bu ilin oktyabr ayında ölkə rəhbərinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.