BAKI, 22 dekabr — Sputnik. Türkiyə 2027-ci ilədək altı ədəd sualtı qayığı suya endirməyə hazırlaşır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gölcükdə ölkəsinin ilk sualtı qayığı "Piri Reis"in suya salınması mərasimində deyib.
"2022-ci ildən etibarən Türkiyə Hərbi Dəniz Qüvvələri hər il bir sualtı qayıq əldə edəcək. Cəmi 6 sualtı qayıq inşa olunacaq. Onlardan sonuncusunu HDQ-yə 2027-ci ildən gec olmayaraq təqdim etmək planlaşdırılır", - Ərdoğan deyib.
"Anadolu" agentliyinin məlumatına görə, "Piri Reis" qayığının çəkisi 1850 ton, uzunluğu 68.3 m, eni 6,3 metrdir. Heyəti 40 nəfərdən ibarətdir.
İkinci sualtı qayıq - "Hızır Reis"in texniki işləri görülür və 2022-ci ildə suya salınacağı gözlənilir. Yüksək manevrliliyi və uzun müddət su altında qala bilməsi ilə seçiləcək üçüncü və dördüncü sualtı qayıqların tikintisi də davam edir.
Sualtı qayıqlar torpedo kompleksləri ilə təchiz olunub. Onlar həmçinin düşmənin qurudakı statik obyektlərini məhv etməyə, minalardan baryer düzməyə və raket zərbələri endirməyə qadirdir.