İDMAN

AVRO-2020-nin Bakı fristaylerləri: Kader Alimova və Nuqzar Kvirtiya

Futbol üzrə növbəti Avropa Çempionatının 12 ev sahibi ölkəsinin hər birini təmsil etmək üçün 2 fristayler futbolçu “Növbə Sənindir” səsverməsi vasitəsilə azarkeşlər tərəfindən seçildi
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Azarkeşlərin “Növbə Sənindir” müsabiqəsi vasitəsilə 12 ev sahibi şəhərin hər birindən 2 nümayəndənin seçilməsi ilə rəsmi UEFA AVRO-2020 Fristaylerlər Komandasının heyəti açıqlandı. Bakını uzun müddətdir Azərbaycanda yaşayan və bir sıra yerli klubların şərəfini qorumuş Nuqzar Kvirtiya ilə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında oynamış Kader Alimova təmsil edəcəklər.

Noyabr ayında Avropa Çempionatının təsnifat mərhələsindən nəyi gözləmək olar

Azarkeşlər Avropanın ən orijinal və parlaq fristaylerlərini tapmaq üçün təşkil olunan onlayn istedad yarışında öz sevimli fristayler futbolçularına səs verdilər. Yüzlərlə iştirakçı ölkələrini təmsil etmək üçün bacarıqlarını əks etdirən videolar təqdim etmişdi və fristayl futbolu dünyasının ən böyük adlarından ikisi – ingiltərəli keçmiş dünya çempionu Liv Kuk və norveçli keçmiş Avropa çempionu Tobias Beks – tərəfindən bu videolar arasında seçim aparılaraq hər məkan üçün qısa siyahı hazırlandı.

Daha sonra fanatlar bu siyahıya daxil edilmiş videoları nəzərdən keçirərək hər bir ev sahibi ölkəni təmsil edəcək iki fristayleri seçməklə öz qaliblərini müəyyən etdilər. Həmin 24 fristayler turnirə hazırlıq və rəsmi kubok turu zamanı, eləcə də yarış müddətində, o cümlədən oyunlarda və azarkeş zonalarında UEFA AVRO-2020-nin rəsmi talismanı Skillzy-nin ətrafında birləşəcək.

AVRO-2020-nin Bakı fristaylerləri: Kader Alimova və Nuqzar Kvirtiya

Amsterdam – Laura Dekker, Cessi Marlet

Bakı – Kader Alimova, Nuqzar Kvirtiya

Bilbao – Paloma Mayo, Alexandro Portilya

Uelslə oyunda "Albasete"nin yarımmüdafiəçisi Azərbaycan millisinə kömək etməyəcək

Buxarest – İoanna Andrea, Stefan Floresku

Budapeşt – Kitti Şas, Zoltan Liptak

Kopenhagen – Maymi Asgeri, Kristofer Bax

Dublin – Ella Stil, Sem Mədden

Qlazqo – Co Eşvort, Devid Menni

London – Aquska Mniç, Skott Penders

Münhen – Dana Embaxer, Samuel Ueller

Roma – Anastasiya Baaqlini, Antonio Kolella

Sankt-Peterburq – Svetlana Kovalyova, İqor Oleynik

“İstedadlı fristaylerlərin sayı çox olduğuna görə qısa siyahıda kimin olmasına qərar vermək çox çətin idi. Artıq qaliblər seçilib. Mən hamı ilə görüşməyi və bu heyrətamiz təcrübəni onlarla bölüşməyi səbirsizliklə gözləyirəm. Şübhəsiz ki, qaliblər tarixdə ən həyəcanlı AVRO turnirinə məharət və rəng gətirəcəklər”, – deyə 27 yaşlı fristayl futbol üzrə dəfələrlə Avropa çempionu olmuş Beks bildirib.

Dördqat dünya fristayl rekordçusu və UEFA-nın Qadın Futbolu üzrə Səfiri olan 20 yaşlı Kuk söyləyib: “12 fərqli ölkədə yerli istedadlarla fristayl futbolu nümayiş etdirmək imkanı həm mənim üçün, həm də qaliblər üçün nadir bir fürsətdir. Bakı və ya Bilbao, Qlazqo və ya Romada oyuna getmələrindən asılı olmayaraq, azarkeşlər Avropanın ən yaxşı fristaylerlərini və küçə futbolçularını seyr edə biləcəklər”.

Fristayl küçə futbolu, panna və oyun bacarıqlarına əsaslanan digər futbol növləri ilə əlaqəlidir. O, rəqs və hətta bədii gimnastika ilə ümumi xüsusiyyətlərə malikdir, həmçinin musiqi ilə də sıx bağlıdır. Fristayl futbolu oyun deyil – bu, yaradıcılıq və bədii çıxışın bir ifadəsidir. UEFA AVRO-2020 fristaylerləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.euro2020.com/your-move səhifəsinə daxil olun.

Futbol üzrə Avropa Çempionatları tarixində ilk dəfə olaraq, turnirin 60 illik yubileyini qeyd etmək məqsədilə, UEFA AVRO-2020-nin qitənin 12 şəhərində keçiriləcəyi qərara alınıb. Gələn yay oyunlara ev sahibliyi edəcək şəhərlər Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburqdur. Bakı Olimpiya Stadionunda 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.