BAKI, 7 noyabr — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçına çıxacaq. Ağdam təmsilçisini Kipr səfərində APOEL-lə çətin qarşılaşma gözləyir.
Qrupda 4 xalla 2-ci olan "Qarabağ" səfərdə qalib gəldiyi təqdirdə, növbəti mərhələyə vəsiqə üçün böyük şans qazanacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə hava-su kimi vacibdir. Bu baxımdan "Qarabağ"ı asan oyun gözləmədiyini demək olar.
Bu, "Qarabağ"ın APOEL-lə mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, turnirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.
Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Azarkeşlərin səbirsizliklə gözlədiyi oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu gün A qrupunun digər oyununda "Sevilya" (İspaniya) səfərdə "Düdelanj"la (Lüksemburq) qarşılaşacaq.