BAKI, 2 noyabr — Sputnik. İstanbul millət vəkili Mustafa Yeneroğlunun AKP-dən istefası siyasi kulislərdə "istefaların davamı gələcəkmi" sualını gündəmə gətirib.
Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğluna yaxın bir mənbə Yeneroğlunun istefasına münasibət bildirib: "Yeneroğlu tənqidlərini dilə gətirdi, ancaq onu istefaya təhrik etdilər. Bu, partiya daxilində demokratiyanın olmadığını göstərir".
Davudoğluna yaxın mənbə AKP-də istefaların davam edəcəyini və 12-13 millət vəkilinin onlarla görüşdüyünü söyləyib:
"AKP-dən istefaların davam edəcəyi görünür. Yeni partiyalar qurulduqdan sonra Türkiyənin siyasi həyatında balans çox dəyişəcək. Davudoğlu partiya yaratdıqdan sonra noyabr ayı ərzində Türkiyənin siyasi həyatında çoxlu dəyişikliklər olacaq. Təkcə AKP-dən deyil, digər partiyalardan da istefalar gözlənilir".
Davudoğluna yaxın mənbə onlarla görüşən deputatların istefa verib-verməyəcəyinə aydınlıq gətirməyib.
AKP-nin bir rəsmisi isə Yeneroğlundan başqa istefası tələb edilən digər millət vəkilinin olmadığını deyib: "İstefa verəcək kimsə yoxdur. İstefası tələb ediləcək şəxs də yoxdur".
Qeyd edək ki, AKP-dən ilk səs-küyə səbəb olan istefa iyulun 8-də baş verib. Belə ki, Türkiyənin sabiq Baş Nazirinin müavini və Xarici İşlər naziri olmuş Əli Babacan qurucusu olduğu partiya sıralarını 18 il sonra tərk etdiyini bəyan edib.
Sentyabrın 13-də Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından istefa verməsi isə Türkiyədə yeni bir partiyanın qurulacağına dair iddiaları gücləndirib. Əhməd Davudoğlu iddiaları bu sözlərilə təsdiqləyib: "AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik".
Onu da qeyd edək ki, Türkiyə mətbuatında AKP-nin narazı üzvlərinin yeni qurulacaq partiyalara keçməməsi üçün bir sıra addımlar atmağa çalışdığı yazılıb.