SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin yeni hərbi əməliyyatı çətin olacaq və ya Ərdoğanı Suriyada gözləyən sürprizlər

Birləşmiş Ştatların Türkiyənin Suriyada əməliyyat keçirməsinə sadəcə seyirci formada qalacağını gözləmək də sadəlövhlük olardı
Sputnik

Bu gün dünya siyasətində, mediasında gündəm birmənalı olaraq Türkiyə, daha doğrusu onun Suriyada hər an başlaya biləcəyi yeni əməliyyatdır. Türkiyənin Suriyanın şimalında, Fərat çayından şərqdə əməliyyat keçirmək istəyi lap əvvəldən bəlli idi. Çünki, Türkiyə Suriya ərazisindən öz ərazi bütövlüyü və təhlükəsizliyinin təhdidinə dözməli, ya da onu narahat edən bu problemi həll etməli idi.

Ankara və Vaşinqtonun işbirliyi pozuldu – "Bir gün də itirə bilmərik"

Bu məsələdə isə yeganə maneə mümkün əməliyyatın keçiriləcəyi bölgədə ABŞ hərbçilərinin, onların təlim keçdiyi PKK terror təşkilatının Suriya qolu YPG-nin olması idi. Yaşanan fikir ayrılıqlarına baxmayaraq, sentyabr ayının əvvəlində Türkiyə Birləşmiş Ştatlarla Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair birgə əməliyyat keçirməyə dair razılığa gələ bilmişdi. Lakin sonradan danışıqların uzanması və rəsmi Ankaranı qane edəcək nəticənin əldə edilməməsi Türkiyəni Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək öz planlarını işə salmağa vadar etdi: "Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgəsinin yaradılmasına dair arzu etdiyimiz nəticələrin heç birini əldə edə bilmədik".

Artıq rəsmi Vaşinqton da Türkiyənin Suriyada Fərat çayından şərqdə əməliyyat keçirmək qərarı ilə barışıb. Rəsmi Vaşinqton təsdiqləyib ki, Türkiyə tərəfindən planlaşdırılan əməliyyat "çox yaxın vaxtda" başlayacaq.

"İŞİD xilafətinə qalib gələn ABŞ hərbçiləri əməliyyatın keçirildiyi ərazinin yaxınlığında olmayacaq", - deyə bəyanatda bildirilir.

Üç prezidentin Ankara görüşünün hansı nəticələri olacaq – politoloq şərhi

Ağ Ev eyni zamanda qeyd edib ki, bundan sonra artıq Türkiyə son iki ildə əsir götürülən bütün İŞİD yaraqlılarına görə məsuliyyət daşıyacaq.

PKK terror təşkilatının Suriya qanadı olan YPG məlumat yayaraq qeyd edib ki, artıq Birləşmiş Ştatlar öz qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.

YPG təmsilçiləri eyni zamanda qeyd ediblər ki, onlar Türkiyənin Suriyanın şimalına edəcəyi hərbi əməliyyatlar zamanı özlərini müdafiə edəcəklər.

Bundan sonra nə baş verəcək?

Türkiyənin yaxın günlərdə Suriyada, Fərat çayından şərqdə əməliyyata başlaması üçün artıq bir əngəl qalmayıb. Lakin təhlükəsizlik bölgəsinin qurulmasına dair əməliyyat bundan əvvəl Türkiyə ordusunun gerçəkləşdirdiyi "Fərat Qalxanı", "Zeytun Budağı" əməliyyatlarına bənzəməyəcək. Bunun da bir sıra səbəbləri var. Birincisi, türk ordusu artıq 2 min kvadrat kilometr deyil, 15-20 min kvadrat kilometrlik böyük bir ərazidə əməliyyat keçirməlidir. Bundan əlavə, ABŞ qoşunlarının geri çəkilməsindən sonra bölgədə qalan və təlim keçən YPG yaraqlılarının əlində ən son istehsal hərbi silah-sursat da qalmaqdadır. YPG-nin baş verənlərlə bağlı açıqlamasında özlərini müdafiə edəcəklərini vurğulaması əməliyyatlar çərçivəsində türk ordusu ilə terrorçular arasında qarşıdurmaların ola biləcəyi riskini artırır. Ekspertlər vurğulayırlar ki, Türkiyənin əməliyyat keçirməyə hazırlaşdığı bölgədə 65 min silahlı terrorçu var və onların sayı 110 minə qədər arta bilər. Nə qədər çətin olsa da, Türkiyənin Suriyanın şimalında bu əməliyyatı keçirməkdən başqa çarəsi də yoxdur. Türkiyə öz milli maraqlarını rəhbər tutaraq Suriyanın şimalında YPG-nin güclənməsinə və Suriyanın şimalında bir kürd dövlətinin qurulmasının qarşını almağa çalışır. Bundan əlavə, Türkiyə Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaratmaqla bu ölkədə hazırda qaçqın düşərgələrində qalan suriyalıları bu bölgəyə köçürməyi hədəfləyir. Bu məsələdə isə Türkiyəni Avropa İttifaqı ölkələri dəstəkləyir. Yeni qaçqın, miqrant dalğasından çəkinən birlik ölkələrinin isə hər nə qədər öz maraqlarına cavab verməsə də, Türkiyənin Suriyada əməliyyat keçirməsinə səssiz qalmalarından başqa çarələri yoxdur.

Ankara Vaşinqtona ultimatum verdi – Bu ayın sonuna...

Birləşmiş Ştatların Türkiyənin Suriyada əməliyyat keçirməsinə sadəcə seyirci formada qalacağını gözləmək də sadəlövhlük olardı. Ağ Evin yaydığı məlumatda "Türkiyə bundan sonra Amerikanın Suriyada iki ildir mübarizə apardığı və ələ keçirdiyi İŞİD terrorçuları ilə mübarizəyə məsuliyyət daşıyacaq" ifadəsi yer alıb. Şübhə yoxdur ki, Türkiyənin Suriyada keçirdiyi əməliyyatı dəstəkləməyən və əməliyyatlara cəlb olunmayacağını açıqlayan rəsmi Vaşinqton da kənarda səbr edərək, Ankaranı cəzalandırmaq üçün onun yanlış addım atmasını gözləyəcək.

Prezident Bəşər Əsəd rejimini dəstəkləyən İran və Rusiyada Türkiyənin Suriyanın şimalında, Fərat çayının şərqində YPG yaraqlılarına qarşı əməliyyat keçirməsini dəstəkləyirlər. Moskva və Tehran üçün ən ümdə vəzifə Suriyanın ərazi bütövlüyünün qorunmasıdır və bu ölkələr ən yüksək səviyyədə baş tutan görüşlərdə bunu Türkiyə rəhbərliyinin nəzərinə çatdırırlar. Suriya rəhbərliyinin özünə gəldikdə isə hələ də rəsmi Dəməşq ölkənin şimalını terrorçulardan təmizləmək iqtidarında deyil və buna görə də Türkiyənin bu potensial əməliyyatına dair yalnız bəyanatlar verməklə kifayətlənəcək. Lakin rəsmi Ankaranın Suriyanın şimalında əməliyyat zamanı edə biləcəyi xırda bir səhv Suriyada böhranın nizamlanması üzrə Astana prosesinin qarantları olan bu üç ölkə (Türkiyə-İran-Rusiya) arasında fikir ayrılıqlarına, münasibətlərin kəskinləşməsinə səbəb ola bilər.

Görünən budur ki, yaxın aylarda Yaxın Şərq regionunda, xüsusi ilə Suriyada vəziyyət gərgin olaraq qalacaq. Bu bölgədə atılacaq hər bir addım və ya xırda səhv region ölkələrinin taleyinə əhəmiyyətli dərəcədə təsir edəcək.