Mənim könlüm sərxoşdur ulduzların altında: bizi Avropada hiss etdirəcək yenilik gəlir

"Ola bilsin ki, gələcəkdə bizdə də milli parklarda gecələmə yerləri olsun. Eyni zamanda, insanlara çadır qurub qalmaq üçün şərait yaradılsın" - Hikmət Əlizadə
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda milli parkları turistlər üçün daha cəlbedici etmək üçün yeni sənəd hazırlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, ölkənin milli parklarının inkişafı üzrə Milli Proqram hazırlanacaq. O qeyd edib ki, milli parklara səfər edənlərin sayını artırmağın yollarını fikirləşmək və bu sahədəki boşluqları müəyyən etmək lazımdır.

"Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə Milli Parklara 74217 turist səfər edib".

H.Əlizadə bildirib ki, bu il milli parklara səfər edənlərin 7286-sı əcnəbi, 66931-i yerli vətəndaşlar olub. Onun sözlərinə görə, ekoturizmi inkişaf etdirməklə həm ölkəmizi daha çox tanıda, həm də ölkənin gəlirlərini artıra bilərik.

Qeyd edək ki, milli parkların turizm məkanlarına çevrilməsi istiqamətində artıq bir müddətdir ki, iş aparılır.

Yoxa çıxan gözəllik - Mərdəkanda nə baş verir?
 Bununla belə, milli parklara turistlərin kütləvi axını müşahidə olunmur. Halbuki, xarici ölkələrdə milli parklar vətəndaşların, turistlərin istirahət məkanına çevrilib.

Hikmət Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında milli parklarının inkişafı üzrə hazırlanacaq Milli Proqramın ekoturizmin inkişafına təsirlərindən danışıb.

O bildirib ki, milli park ənənəsi Azərbaycanda çox gəncdir: "Xarici ölkələrdə insanların milli parklarda istirahət etməsi ənənəsi 150 yaşa çatıbsa, Azərbaycanda bu, son 10-15 ili əhatə edir. Düzdür, son illər milli parklarda mühafizə işi, infrastrukturun təşkili istiqamətində iş aparılıb. Həmçinin turizm infrastrukturunun qurulması və təbliği işlərinə başlanılıb. Amma razılaşmaq lazımdır ki, bizdə bu, yüksək səviyyədə 10-15 ilə həyata keçiriləcək iş deyil. Biz əhali arasında təbliğat aparmalıyıq ki, milli parklar insanların istirahəti üçün ən əlverişli məkanlardan biridir. Bu məkanlar həm insanların sağlamlığı, həmçinin də təbiətlə canlı təması baxımından məsləhətlidir. Bir proqramı qəbul etməklə buna nail olacağımızı söyləsək, düzgün çıxmaz. Buna uzun müddət vaxt lazımdır ki, bu iş mərhələlərlə həyata keçsin".

"Hüzr dəftəri"ndən dünya sənədinə və ya Hirkanda cücərən böyük ümidlər - FOTO>>

Həmsöhbətimiz deyib ki, xaricdə milli parka getmək artıq insanların həyat tərzinə çevrilib: "Bu gün razılaşaq ki, keçmiş sovet ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da problem olaraq qalır. Ona görə də milli parklarda daha məzmunlu xidmətlər göstərmək üçün planımızda bu istiqamətdə sənəd hazırlamaq da var. Təbii ki, bunun üçün xarici təcrübədən də bəhrələnəcəyik. Düşünürük ki, milli parkların davamlı inkişafı ilə bağlı bir sənəd hazırlanacaq".

Hikmət Əlizadə deyir ki, turistlərin, həmçinin yerli əhalinin milli parklarda qalması üçün yerlərin olması da vacibdir:

"Bir qədər kənarda yerləşən milli parklarda insanların qalması üçün yerlərin olması vacibdir. Amma bu qalma yerləri komfortlu otellər olmayacaq. Milli park ərazisində maksimum taxta evlər, kamplar ola bilər. Xarici ölkələrdəki milli parklardakı belə evlərdə televizor və digər komfort şərait yoxdur. Belə məkanlarda turistə milli parkda gecələmək, səhəri təbiət qoynunda açmaq üçün gecələmə yerinin olması kifayətdir. Ola bilsin ki, gələcəkdə bizdə də milli parklarda gecələmə yerləri olsun. Eyni zamanda, insanlara çadır qurub qalmaq üçün şərait yaradılsın".

Turizm üzrə ekpert Müzəffər Ağakərimov da milli parkların turizm və istirahət məkanına çevrilməsinin vaxtı çatdığını bildirib. O qeyd edib ki, milli parkların inkişafı üzrə Milli Proqram hazırlanarkən, belə məkanlarda qiymətlərin tənzimlənməsi, turizm şirkətləri ilə əməkdaşlıq da nəzərdə tutulmalıdır.

"Ərəb bumu"ndan narahat olanlar, dözün, cəmi 4 il qalıb
 M.Ağakərimov xarici ölkələrdə milli parkların insanların ən çox istirahət üçün üz tutduğu məkana çevrildiyini söyləyir: "Siz xarici ölkələrə getsəniz, görəcəksiniz ki, insanlar milli parklarda çox sərbəst dincəlirlər. Kimisi süfrə açıb yemək yeyir, kimisi də açıq havada yatır, qaçır, əylənir. Bizdə isə belə ənənə yoxdur. Həftəsonu insanlar Dənizkənarı Milli Parka üz tutsalar da, heç kəs yaşıl çəmənlikdə ailəvi palaz salıb dincəlmir. Milli parklarla bağlı bəzi qadağaları aradan qaldırmaq lazımdır ki, insanlar sərbəst dincələ bilsinlər. Əgər təbiət qoynundakı istirahət məkanları ilə milli parklarda dincəlmək qiymətləri eyni olsa, təbii ki, kütləvi axın olmayacaq. Bu məsələlərin yeni hazırlanacaq sənəddə nəzərə alınması üçün turizm ekspertləri ilə məsləhətləşmələr aparılmalıdır".