İDMAN

Məmmədyarov əzəli rəqibi və dostunu təbrik etdi: “Davamı gəlsin"

Azərbaycanlı qrossmeyster: “Qalib Azərbaycan şahmatıdır və bu nəticəyə sevinməyənlər şəxsən mənim fikrimcə, millətimizin düşmənləridir”
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci partiyaları oynanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Şahmatçılar arasında ikinci dueldə Rəcəbov qalib gələrək finala yüksəlib. Beləliklə, o, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququna sahib olub.

Dünyanın on şahmat dühasından biri azərbaycanlı oldu

Dünya Kubokunun 1/8 finalında Teymur Rəcəbova məğlub olan Şəhriyar Məmmədyarov sosial şəbəkədə komanda yoldaşının qələbəsi ilə bağlı paylaşım edib. O bildirib: "Bu il Azərbaycan şahmatı üçün çox ağır il idi, amma fikirləşirəm ki, yaydan sonra hər şey dəyişdi. Timanın finalda necə oynayacağından asılı olmayaraq, artıq bunu qalibiyyət saymaq olar. Ümid edirəm milli komandamız növbəti turnirdə, Batumidə Avropa birinciliyinə sahib olacaq. Birlikdə biz gücük. Timaya dünya kubokunda məğlub olan kimi, onu bərk qucaqlayıb taxta arxasında dedim ki, ardı gəlsin və finala qədər yolun getsin. Qalib Azərbaycan şahmatıdır və bu nəticəyə sevinməyənlər şəxsən mənim fikrimcə, millətimizin düşmənləridir. Bravo Tima! Birlikdə biz gücük!"

Qeyd edək ki, sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Dünya Kubokunun bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda İddiaçılar Turnirində iştirak edəcək.