CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş tutmayacaq təklif verildi: Amma həll edilsə, hamının həyatı dəyişəcək

Gürcüstanda və digər ölkələrdə hibrid avtomobillərə əlavə rüsumların tətbiq edilmədiyini bildirən ekspert təklif edib ki, idxal edilən yeni hibrid avtomobillərin gömrük rüsumu və aksiz vergisi ləğv edilməlidir
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Ötən il "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı" təsdiqlənib. Bu proqrama əsasən yol hərəkəti tam təhlükəsiz olmalı və insan sağlamlığına zərər vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir.

Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə bəd xəbər

Proqrama görə, ətraf mühitin qorunması məqsədilə köhnə avtomobillərin istismardan yığışdırılması, utilizasiya edilməsi, eləcə də yeni avtomobillərin ölkəyə gətirilməsini təmin etmək, onların arasında hibrid və elektromobillərə xüsusi önəm vermək kimi tapşırıqlar aidiyyəti qurumlar qarşısında qoyulub.

Həmçinin proqramda qeyd edilib ki, ekoloji cəhətdən təmiz avtomobillərin ölkəyə gətirilməsi stimullaşdırılmalıdır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin fikrincə, ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar. Çünki hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır.

"Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib", – deyə Hacıyev qeyd edib.

Nəqliyyat eksperti Eldəniz Cəfər bildirir ki, hibrid avtomobillər havanı çirkləndirməyən və ya az çirkləndirən avtomobillərdir. Hibrid avtomobillər əhali sayı çox olan şəhərlər üçün olduqca əlverişlidir: "Bakı uzun müddət sənaye şəhəri olub. Bakıda atmosferi zəhərləməyən avtomobil növlərinə böyük ehtiyac var. Hər gün yeni binalar tikilir. Binalar tikilən zaman iri və dizel mühərrikli avtomobillər çalışır. Belə avtomobillər atmosferə zəhərli qazlar buraxır. Bu da paytaxt sakinlərində vərəm və xərçəng xəstəliyinə səbəb ola bilər. Məhz buna görədir ki, son illərdə cavan şəxslər arasında xərçəng xəstəliyi artıb".

Azərbaycanda yeganə stimpanker lazımsız avtomobil hissələrindən xariqələr yaradır

E.Cəfərin sözlərinə görə, hibrid avtomobillər atmosferə zərər vermir. Avtomobilin ağıllı mühərriki sayəsində sürət yüksək olmayan zaman elektrik motoru çalışır. Bu zaman havaya çox az miqdarda CO2 tullantısı atılır və hava zəhərli qazlarla çirklənmir: "Saatda 50 kilometr sürətlə sıfır yanacaq sərfiyyatı və sıfır səsboğucu emissiyadır. Və demək olar ki, şəhərdaxili 50 faiz səssiz hərəkəti təmin edir. Hibrid avtomobilləri cərəyana qoşmağa, şarj etməyə ehtiyac yoxdur. Yaponiya texnologiyasının ağıllı sistemidir. Enerjini yığaraq onu səmərəli şəkildə istifadə edir".

Qeyd edək ki, hazırda Azərbaycanda hibrid avtomobillərin satışı və servisi müasir standartlara uyğun olaraq təşkil olunub. Azərbaycanda servis xidmətinin təşkil olunması vətəndaşların bu avtomobillərə inamını artırır. Vətəndaşlar hibrid avtomobillərin faydalı olduğunu əyani şəkildə görürlər. Gündən günə ölkədə hibrid avtomobillərin sayı artır.

Ancaq gömrük rüsumlarının yüksək olması vətəndaşlara xarici ölkələrdən hibrid avtomobillərini gətirməyə mane olur.

"Vətəndaşlar çox hallarda istifadə edilmiş hibrid avtomobillər alıb gətirirlər. Çünki yeni hibrid avtomobillər almağa vətəndaşların gücü çatmır. Hibrid avtomobillər üçün gömrük rüsumları digər avtomobillərlə müqayisədə çox aşağı olmalıdır. Bu, simvolik rəqəm olmalıdır. Gömrük rüsumları, aksiz vergisi avtomobillərin qiymətinə təsir edir. Rüsumların azaldılması ölkəmizin ekoloji təmiz avtomobil parkının hibridlərlə yenilənməsinə təkan verər", – deyə E.Cəfər qeyd edib.

O əlavə edib ki, hibrid avtomobillər vətəndaşlar üçün iqtisadi baxımdan da əlverişlidir. Ənənəvi avtomobillərlə müqayisədə daha az texniki qulluq tələb edir: "Hibrid avtomobillər elektrik mühərriki və ənənəvi mühərriki özündə adaptasiya edir. Bu, bir-birlərindən asılı olmadan sərbəst qaydada çalışan iki mühərrikdir. Hibridin elektrik mühərriki və akkumulyatoru demək olar ki, texniki xidmət tələb etmir və daxili yanma mühərriklərindən də daha etibarlıdır".

Avtomobil havada iki dəfə "mayallaq" vurdu - VİDEO

Gürcüstanda və digər ölkələrdə hibrid avtomobillərə əlavə rüsumların tətbiq edilmədiyini bildirən ekspert təklif edib ki, idxal edilən yeni hibrid avtomobillərin gömrük rüsumu və aksiz vergisi ləğv edilməlidir. Bu zaman vətəndaşlar yeni hibrid avtomobillərə üstünlük verəcək.

Dövlət proqramının təsdiq edilməsindən 9 ay keçməsinə baxmayaraq, dövlət qurumları bununla bağlı hər hansı geniş layihələr, tutarlı proqramlar ortaya qoymayıb. Təəssüflər olsun ki, bu barədə hər hansı irəliləyiş yoxdur. Ölkədə ekoloji təmiz avtomobil parkının yaradılması üçün isə proqramdan irəli gələn məsələlər həllini tapmalıdır.