VİDEO

Talış mətbəxinin incisi, balıq sırdağı – videoresept

Talış mətbəxinin ən tanınmış yeməklərindən biri balıq sırdağıdır. Onun hazırlanma qaydasını Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Bu yeməyin hazırlanma qaydası olduqca asandır, amma dadı uzun müddət damaqlarda qalır. Lənkəran rayonu Şiləvar kənd sakini İlhamə Əhədova bunu necə etməli olduğumuzu nümayiş etdirib.

Bildiyimiz kimi, talış mətbəxində balıq və göyərtidən çox istifadə olunur. Nəticədə isə həm dadlı, həm də cana xeyirli yeməklər alınır. Bu yeməyin hazırlanmasında isə həm çəki, həm də sazan balığından istifadə etmək olar.

Lazım olan ərzaqlar:

Talış mətbəxinin “şah yeməyi”

Adam sayına görə sazan və ya çəki balığı

Yeməyin miqdarına görə pomidor

3-4 dəstə cəfəri və şüyüd

10 diş sarımsaq

300-400 qram kərə yağı

İlk öncə balıq doğranılır, zövqə görə duz, istiot əlavə edilir və dad götürməsi üçün 15 dəqiqə saxlanılır. Bu vaxt ərzində cəfəri və şüyüd ət maşınından keçirilir. Çəkilən göyərti və balıq ayrı-ayrı tavalarda qızardılır. Daha sonra balıq göyərtinin üzərinə yığılır. 2 dəstə cəfəri xırda-xırda, pomidor isə halqavarı şəkildə doğranılır və balığın üzərinə yığılır. Ərzaqları 2 qat bu cür yığdıqdan sonra sarımsaq sıxılır, zövqə uyğun duz və istiot əlavə olunur. Ən sonda isə bir stəkan su əlavə edilir və bişməsi üçün ocaq üzərinə qoyulur. 25 dəqiqədən sonra yeməyimiz hazırdır. Nuş olsun!