İDMAN

Olimpiya “qaranquşumuz” bəlli oldu – İlk vəsiqə var

1/4 finalda Yekaterina Poleşçuka (Rusiya) qalib (11:0) gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyasının rəsmi "Facebook" səhifəsində məlumat verilib. 31 yaşlı idmançı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub.

Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır

1/4 finalda Yekaterina Poleşçuka (Rusiya) qalib (11:0) gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub. Qeyd edək ki, Mariya Stadnik bu gün yarımfinal görüşünü də keçirib. 

Çinli Yanan Sunla görüşün əvvəlində Stadnik Sunu döşəkdən kənara çıxarmaqla 1 xal alıb. O, fasiləyədək üstünlüyünü 2:0-a çatdırıb. Azərbaycan təmsilçisi ikinci hissənin əvvəlində daha 2 xal alıb. 

Rəqib sona doğru fərqi bərabərləşdirsə də, Stadnik daha bir xalla önə keçib. O, son saniyələrdə daha bir xal alaraq, 6:4 hesablı qələbə ilə finala yüksəlib. Sentyabrın 18-də keçiriləcək həlledici görüşdə rəqib rumıniyalı Emilia Alina Vuç olacaq.

Mariya Stadnik karyerasında dördüncü dəfə Olimpiadada iştirak hüququna sahib olub. O, "Pekin-2008"də bürünc, "London-2012" və "Rio-2016"da gümüş medal əldə edib. Stadnikin aktivində dünya çempionatının, 7 dəfə Avropa çempionatının və 2 dəfə Avropa Oyunlarının qızıl medalları da var.