SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bolton gedib, amma onun işi hələ də yaşayır: Trampı İranla müharibəyə hazırlayırlar

"Vaşinqton hələ uzun müddət müharibə və sülh arasında  edəcək: Trampın "sülh sazişi" istiqamətində atdığı istənilən addım onu müharibəyə sürükləyən digər bir hadisə ilə kompensasiya ediləcək"
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, şənbə günü Səudiyyə Ərəbistanının neft infrastrukturu yəmənli husi döyüşçülərinin dron hücumlarına məruz qalıb. Zərbələrdən sonra Səudiyyə Ərəbistanında neft istehsalı təxminən yarıbayarı, yəni sutkada 9,8 milyon bareldən 5,7 milyon barelədək düşüb. Bu isə dünya üzrə neft qiymətlərinin kəskin şəkildə artmasına gətirib çıxarıb.

Lakin sözügedən dron zərbələri neft bazarında qiymətlərə təsir etməkdən başqa ABŞ administrasiyasında da paradoksal vəziyyətə gətirib çıxarıb: zərbələrin husilər tərəfindən təşkil edildiyi bildirilsə də, ABŞ Dövlət Katibi Mayk Pompeo hücumların Yəmən ərazisindən gəldiyinə dair sübutun olmadığını deyib və dərhal İranı günahlandırıb. Respublikaçıların liderlərindən biri Lindsi Qrem isə İranı bombalamağı tələb edib. Onun fikrincə, İslam Respublikasının neft emalı zavodlarına hücum "İran rejiminin bel sütununu sındıracaq".

RİA Novosti-nin analitiki İvan Danilov məsələ ilə bağlı şərhində qeyd edir ki, İran əleyhdarı kimi tanınan "qırğı" siyasətçi Con Boltonun istefaya göndərilməsinə baxmayaraq, onun işi hələ də yaşayır və "o, hətta qələbə qazanmağa yaxındır". Sputnik Azərbaycan xəbər verir ki, ekspert ABŞ və İran arasında qarşıdurmanın tərəflər arasında hər hansı bir razılığa yox, güc tətbiqinə aparacağını düşünür:

"Aydındır ki, (Lindsi Qremin verdiyi – red.) bu bəyanat İrandan çox, (ABŞ Prezidenti – red.) Donald Trampa ünvanlanıb. Belə ki, Tramp İranın neft infrastrukturunun bombardman edilməsi əmrini vermək iqtidarında olan yeganə amerikalı siyasətçidir."

Boltonun istefası ABŞ-ın İrana qarşı siyasətini dəyişəcəkmi - politoloq şərhi

Danilovun fikrincə, Con Bolton prezident administrasiyasında olsaydı, özü də belə bir bəyanat verərdi.

"Bolton artıq Ağ Evdə deyil, lakin "dərin hökumət" Trampa öz tələbələrini bildirməyə və eyni zamanda onun hər hansı bir diplomatik təşəbbüsü reallaşdırmaq imkanlarını məhdudlaşdırmağa davam edir", - ekspert deyib.

Analitikin fikrincə, İran böhranı Trampın bundan əvvəl üzləşdiyi problemlərdən daha da mürəkkəbdir. O, hesab edir ki, Tramp İranla həqiqi müharibəyə başlamaq istəmir, çünki onun seçicilərinin böyük bir hissəsi Yaxın Şərqdə növbəti müharibəni başlamaq fikrinə çox ehtiyatla və mənfi yanaşırlar. Bir çoxları belə bir qənaətə gəlib ki, yeni müharibəyə sərf ediləcək trilyonlarla dollar müavinət və ya vergi güzəştləri formasında seçicilərin özlərinə verilə bilər.

"Prezident seçkilərinin yaxın gələcəkdə (2020-ci ilin payızında) baş tutacağını və bir il ərzində İranla müharibəni uğurla başa vurmağın mümkün olmadığını nəzərə alsaq, seçicilərin istəyi məsələsi ön plana çıxır və bəzən hətta "dərin hökumətin" istəkləri ilə müqayisədə də daha vacib xarakter alır", - Danilov bildirib.

Onun sözlərinə görə, İran böhranının mürəkkəbliyi daxili siyasət müstəvisindən kənara çıxır.

"Beynəlxalq kontekstdə vəziyyət daha da xoşagəlməzdir", - Danilov deyib. Onun sözlərinə görə, ABŞ-ın özbaşına olaraq nüvə sazişindən çıxması Vaşinqton və Brüssel arasında diplomatik problemlərə səbəb olub.

"Cənubi Qafqaz ölkələri Boltonla razılaşmalarını unutmalıdır"

"Aparıcı Avropa ölkələri (o cümlədən, Avropa İttifaqını hələ də tərk edə bilməyən Böyük Britaniya) narazılıqlarını bildirməklə yanaşı, ABŞ sanksiyalarını yan keçməyə imkan verən "INSTEX" ödənişlər sistemini işə salıblar", - ekspert xatırladıb.

Onun sözlərinə görə, ABŞ-ın İrana məxsus neft emalı zavodlarını bombardman etməsi Avropa İttifaqına impuls verəcək ki, özünün paralel maliyyə infrastrukturunu və ordusunu yaratsın. Bu isə Avropa İttifaqına öz maraqları çərçivəsində beynəlxalq siyasətə təsir etmək və Amerikanın şıltaqlığından xilas olmaq imkanını verəcək.

"Lakin bu hələ hamısı deyil. İran böhranının iqtisadi tərəfi də var. Bir tərəfdən İran əleyhinə istənilən hərbi əməliyyat neft qiymətlərinin kəsik şəkildə artmasına gətirib çıxaracaq", - Danilov deyib. Onun sözlərinə görə, bu öz növbəsində Tramp üçün problemlər yarada bilər, çünki ABŞ liderinin seçiciləri benzin üçün əlavə pul ödəməyi sevmirlər.

Lavrov Boltonun istefasından danışdı: “Fal açmayacağam”

"Digər tərəfdən isə şist şirkətləri son illər ərzində Amerika iqtisadiyyatının vacib elementinə çevriliblər; onlar əsas işəgötürən və vergiverən kimi çıxış edirlər. Bu şirkətləri isə yüksək neft qiymətləri maraqlandırır, çünki hazırda bir barelə görə 60 dollar səviyyəsində formalaşmış neft qiymətləri hasilatdan mənfəət əldə etməyə imkan vermir", - ekspert vurğulayıb.

"Görünən budur ki, Vaşinqton hələ uzun müddət müharibə və sülh arasında var-gəl edəcək: Trampın "sülh sazişi" istiqamətində atdığı istənilən addım (məsələn, Boltonu istefaya göndərməsi) onu müharibəyə sürükləyən digər bir hadisə (məsələn, Səudiyyə neft infrastrukturuna hücumlar və ya Senator Qremin bəyanatı) ilə kompensasiya ediləcək", - Danilov deyib.