BAKI, 29 avqust — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca aparılan son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən "Təhsil", "El Faro", "Oberluks", "Palma", "Atlant" və "River Inn", Şıx çimərliyi ərazisində isə "Dostluq", "Ramada" istirahət mərkəzləri təmizləyici qurğular quraşdırıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
Onun sözlərinə görə, digər obyektlərin hələ də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən olunub. İdarə rəisi qeyd edib ki, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bir çox ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da, dolayı yolla Xəzərə axıtmaqda davam edir: "Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər".