Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi

Ərdoğan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçirib
Sputnik

BAKI, 27 avqust — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan bu gün "MAKS-2019" aviakosmik beynəlxalq sərgisinin açılışında iştirak ediblər.

Sputnik AzərbaycanAnadolu Agentliyi-nə istinadən xəbər verir ki, Türkiyə lideri sərgidə iştiraka dəvət olunduğuna görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

"S-400"lər Türkiyədə - İkinci mərhələ başlayıb

Prezidentlər həmçinin "MAKS-2019" aviakosmik sərgisində nümayiş olunan Rusiyanın ən yeni "Su-57" döyüş təyyarəsinə baxış keçiriblər.

Dövlət başçıları nərdivanla təyyarənin kabinəsinə qalxıblar.

"Su-57" təyyarəsindən başqa, prezidentlər "Su-35" qırıcı təyyarəsini, "Ka-62" və "Mi-38" helikopterlərinə də baxış keçiriblər.

Putin həmçinin türkiyəli həmkarına "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri haqqında məlumat verib.

"Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş "Su-57" təyyarəsinin əsas üstünlüyü radara düşməməsidir.

Xatırladaq ki, iyulun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar olaraq Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib.