Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (DST) Böyük Britaniyanı qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıb. Məlumatda bildirilir ki, bu yoluxucu xəstəlikdən qorunmağa MMR vaksini kömək edir. Birinci vaksin uşağa bir yaşı tamam olanda, digəri isə məktəbə getməzdən əvvəl vurulur.
Lakin britaniyalı uşaqların zəruri olan 95 faizə qarşı yalnız 87 faizi vaksinin ikinci dozasını alır. İngiltərədə hər yeddi uşaqdan biri tam immunizasiya mərhələsini keçmir. Şotlandiya, Uels və Şimali İrlandiyada vəziyyət bir az yaxşıdır, lakin lazımi səviyyəyə çatmır. Böyük Britaniyada qızılca problemini cəmi üç il bundan əvvəl həll ediblər. Lakin azalan immunizasiya fonunda qızılca yenidən qayıdıb: 2019-cu ilin birinci rübündə xəstəliyə yoluxmanın 231 halı klinik olaraq təsdiqlənib. Böyük Britaniyanın Baş naziri Boris Conson britaniyalıların qızılcadan müdafiə olunmaları üçün təxirəsalınmaz tədbirlərin görülməsinə sərəncam verib.
Qeyd edək ki, Azərbaycanda hələ 2015-ci ildən qızılcaya görə tam eliminasiya (ləğv edilmə) əldə olunub. Amma ötən ildən başlayaraq ölkəmizdə qızılca xəstəliyinə yoluxma, hətta artım halları müşahidə olundu. Bəs görəsən Azərbaycan da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Böyük Britaniya kimi qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıla bilərmi?
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, Avropa ölkələrində qızılca xəstəliyinin yayılmasının əsas səbəbi peyvəndlərlə əhatə səviyyəsinin aşağı olmasıdır.
A. Əliyevanın sözlərinə görə, Azərbaycanda qızılcaya qarşı mübarizə tədbirləri, peyvəndləmə işləri səylə davam etdirilir. Ona görə də, ölkəmizin qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarılması təhlükəsi yoxdur. O, qeyd edib ki, xəstəliyin eliminasiyası qeydə alınan müddətdən bir ilədək qarşısı alınmalıdır. Əks halda, eliminasiya ləğv edilir.