CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbəsiz qalan universitetlər – Çarəsi var, iradə tələb olunur

Kamran Əsədov: “Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır”
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. 2019/2020-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə görə, 42062 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 17820 nəfəri dövlət sifarişi əsasında, 24242 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Abituriyent olmayanlardan 36 manat alıb sınağa çəkəcəklər

Dövlət İmtahan Mərkəzindən verilən məlumatdan görünür ki, bu tədris ilində xeyli sayda abituriyent ali məktəblərdə ödənişli əsaslarla təhsil alacaq. Elə son günlər geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də, ali məktəblərə ödənişli əsaslarla qəbul olunan aztəminatlı abituriyentlərin taleyidir. Sosial şəbəkələrdə də dövlət ali təhsil müəssisələrinin pullu ixtisaslarına qəbul olan abituriyentlərin təhsil haqqını ödəyə bilmədikləri səbəbindən imtina etdiyinə dair məlumatlar yayılır.

Təhsil naziri Ceyhun Bayramov problemin aktuallığını nəzərə alaraq, bu günlərdə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaradılması ilə bağı ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verdi. Amma bununla belə təhsil haqqının yüksək olması üzündən ali təhsil almaqdan imtina etmək ərəfəsində olan xeyli sayda abituriyent var. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, hətta aztəminatlı ailələrdən olan tələbələrə dəstək üçün yaradılmış “Maarifçi" Tələbə Kredit Fondu da ali məktəbə qəbul olan tələbələrin təhsil haqqına birinci kursda kömək etmir. Fonddan Sputnik Azərbaycan-a bildirdilər ki, təhsil haqqına dəstək üçün gərək tələbə birinci kursu başa vursun, onun nəticələri ürəkaçan olarsa, maddi dəstək göstərilir. Amma magistratura pilləsi üçün bu Fonddan ümumiyyətlə dəstək gözləməyə dəyməz. Çünki tələbə krediti ancaq bakalavr pilləsi üçün ikinci kursdan başlayaraq nəzərdə tutulur.

Psixoloq abituriyent intiharlarının qarşısını almaq üçün çıxış yolları təklif etdi

Ekspertlər isə problemin kökündə təhsil haqlarının bahalığının dayandığı qənaətindədirlər. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur: “Belə ki, bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarına müxtəlif ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də, Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma Xalq çalğı alətləri, Solo oxuma, Dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə ki, təklif olunan qiymətlərdir. Məlumdur ki, ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də, ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar. 

Ali məktəblərə ixtisas seçimi başladı
Təəssüf ki, son 7 il ərzində 5 mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər, onlar yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır. Hal-hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100 manat, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400 manat və 3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqları dəyişir. Bu dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir. Düşünürəm ki, universitetlər təhsil haqlarını aşağı salmalı, tələbələrə təhsil haqqını hissə-hissə ödəməyə imkan verməli, eyni zamanda tələbələrə güzəştli şərtlərlə, faizsiz təhsil kreditləri verilməlidir. Bu il təhsil haqqı artımı keçən illə müqayisədə ciddi şəkildə olmasa da, plan yerlərinin sayının artması bu məsələyə təsir edib. Ötən il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak etmişdi və onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdu. Həmin abituriyentlərdən 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi. Bu il isə müvafiq olaraq müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent mübarizə aparıb.  Plan yerlərində olan artım universitetlərin də gəlirini artıracaq. 
Prezident üç ali məktəblə bağlı Fərman verdi
Eyni zamanda mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda, dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ümumiyyətlə, təhsil haqqının formalaşması əsasən təhsilin keyfiyyətinə görə bazara, əhalinin ödəniş qabiliyyətinə uyğun, təhsil müəssisəsinin öz maddi-texniki bazalarına, yəni tələbələrə dərs demək üçün cəlb ediləcək mütəxəssislərə, tədris prosesi üçün sərf edilən başqa xərclərə görə müəyyənləşir. Misal üçün, tələbələri təcrübə üçün xaricə və ya ölkəmizdə olan qabaqcıl şirkətlərə göndərirlər ki, orada təcrübə keçərək, artıq ali məktəbi qurtarana qədər hazır mütəxəssisə çevrilsin, onun potensialına böyük tələbat olsun və bütün bu sadalananlar bir araya toplanılıb, onun üzərinə təhsil haqqı formalaşdırılır. Təəssüflər olsun ki, bizdə bu təcrübə yoxdur. Düşünürəm ki, bizdə təhsil haqqı havadan-sudan müəyyənləşdirilir. Misal üçün hüquq ixtisası üzrə kadr hazırlığı pedaqoji kadr hazırlığından ucuz başa gəlir. Ən bahalı aviasiya mütəxəssisi hazırlanmasıdır ki, onun da praktikasına çəkilən xərclərlə edilən ödənişlər uyğunlaşmır”.